KÖŞƏ

Mahir Rəsuloğlu

Cənubi Qafqazın yeni inkişaf strategiyası...

14 dekabr 2021 22:13
1273

Türkiyə və Azərbaycanın təklif etdiyi “3+3” əməkdaşlıq platforması regionun bütün mənzərəsini dəyişə bilər

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra irəli sürdüyü “3+3” əməkdaşlıq platformasının reallaşması istiqamətində atılmış “3+2” formatındakı ilk addım layihənin region dövlətlərinin maraqları çərçivəsində olduğunu və uğurla nəticələnə biləcək ehtimalını artırır. Platformaya hələ ki Rusiya ilə diplomatik əlaqələri olmayan Gürcüstan qoşulmaq istəmədiyini rəsmi şəkildə bəyan etsə də, növbəti mərhələlərdə bu ölkənin də layihənin imkanlarından yararlanmaq istəyəcəyi istisna edilmir.

Qeyd edək ki, platformanın Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın təmsilçiliyi ilə dekabrın 10-da Moskva şəhərində keçirilmiş ilk iclasında çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb və həm rəsmilər, həm də ekspertlər toplantının məhsuldar keçməsi qənaətindədirlər. Mövzu ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ilk görüş üçün danışıqların nəticələrini müsbət qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əmin-amanlığın bərpa edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirəyə çıxarıblar. C.Bayramov vurğulayıb ki, növbəti belə görüşlərin rotasiya əsasında digər paytaxtlarda keçirilməsi ilə bağlı qərar qəbul edilib: “Xarici işlər nazirləri bu istiqamətdə koordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir.”

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında da görüş iştirakçılarının platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək barədə razılığa gəldikləri qeyd olunub. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Beş ölkənin nümayəndələri “qapı”nın açıq qaldığı Gürcüstan platformasının işinə qoşulmaqda maraqlı olduqlarını bildiriblər.

Görüşə münasibət bildirən rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov hesab edir ki, “3+3" formatlı regional əməkdaşlıq platformasının işə salınması Cənubi Qafqazın iqtisadi inkişafına güclü təkan verəcək. Onun sözlərinə görə, “3+3" formatı daha çox iqtisadi sazişdir. Nəqliyyat yollarının açılması region ölkələri ilə bərabər bütövlükdə Avrasiyanın inkişafına töhfədir: “3+3” regional mexanizmi həm nəqliyyat yollarının inkişafı, həm də irimiqyaslı enerji və turizm layihələrinin həyata keçirilməsi baxımdan böyük imkanlara malikdir.”

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun postsovet ölkələri üzrə araşdırmalar mərkəzinin əməkdaşı, tarix elmləri namizədi Stanislav Pritçinin fikrincə, “3+3” formatı İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra regionda yaranmış yeni reallıqlara tam olaraq cavab verir və Cənubi Qafqazın regional və digər əsas oyunçularına bu platforma bir çox cəhətdən onlar üçün əhəmiyyətli olan məsələləri birgə həll etməyə imkan verəcək. Ekspert qeyd edib ki, indi müzakirələr Gürcüstanın iştirakı olmadan aparılır, lakin tezliklə bu platforma sayəsində Türkiyə ilə Ermənistan arasında münasibətlər normallaşsa, nəqliyyat dəhlizləri açılsa və digər nəticələr görünsə, o zaman Gürcüstan bu platformadan kənarda qalmayacaq. Yeri gəlmişkən, artıq Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ilk addım atılıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Böyük Millət Məclisində büdcə müzakirələrində çıxışı zamanı iki ölkə arasında birbaşa dialoq qurulması üçün xüsusi nümayəndənin təyin olunacağını, həmçinin İrəvana çarter reyslərinə başlayacaqlarını bildirib. Türkiyəli nazir bu istiqamətdə atılacaq hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəklərini də qeyd edib. Rəsmi İrəvandan da adekvat cavab gəlib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması indiki hökumətin proqramında da öz əksini tapıb: “Bu baxımdan biz Türkiyə XİN rəhbərinin ikitərəfli münasibətləri tənzimləmək üçün xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı bəyanatını alqışlayırıq. Ermənistan tərəfinin dialoq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyirik.” Məlum olduğu kimi, hazırda Türkiyənin Ermənistanla diplomatik əlaqələri yoxdur və iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.

Millətlərarası münaqişələr üzrə ekspert, Rusiya Jurnalistlər Birliyinin üzvü Yevgeni Mixaylov da “3+3” platformasının tamhüquqlu təşkilata çevriləcəyi təqdirdə, bunun Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verəcəyi qənaətindədir. Onun fikrincə, qarşıda vacib sual dayanır: İrəvan öz xüsusiliyi ilə bağlı minillik miflərdən yaxa qurtara, keçmişlə yaşamağa son qoya və bu günlə yaşaya biləcəkmi? Ekspert bildirib ki, platforma çərçivəsində əməkdaşlığın uğurla həyata keçiriləcəyi təqdirdə Cənubi Qafqaz regionunun Avrasiyanın əsas nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün hər cür şans var: “Bunun üçün bütün ilkin şərtlər var. Üstəlik, Azərbaycanın geri qaytarılan əraziləri fəal şəkildə bərpa etməsi də regionun güclənməsinə xidmət edir. Zəngəzur dəhlizinin gələcək açılışı isə əslində ölkələr arasında güclü nəqliyyat axınının açılması deməkdir ki, bu da təkcə platforma iştirakçılarının deyil, həm də digər əsas beynəlxalq oyunçuların iqtisadiyyatlarının güclənməsinə gətirib çıxaracaq”.

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda keçirilən “Yeni nəsil” proqramının məzunlarının yubiley görüşündən sonra jurnalistlərə müsahibəsində bildirib ki, “3+3” formatı region ölkələri arasında münasibətlərə müsbət təsir göstərməlidir. Diplomat hesab edir ki, XİN-in bəyanatı bütün ölkələri narahat edən məsələləri müzakirə etmək imkanı kimi Rusiyanın bu regional formata münasibətini kifayət qədər aydın şəkildə əks etdirir: “Biz bu formatın əlavə dəyərini dialoq üçün imkan yaratmaqda, regionun bütün ölkələri üçün maraqlı olan məsələlər üzrə fikir mübadiləsində görürük. Yəni format onlar arasında münasibətlərə müsbət təsir göstərməlidir.”

Ancaq əksər ekspertlərin reallaşacağı təqdirdə regionun inkişafını şərtləndirəcəyi, qonşu dövlətlər arasında əməkdaşlığa töhfə verəcəyi qənaətində olduqları “3+3” platformasına siyasi böhranın getdikcə dərinləşdiyi Ermənistanda münasibət birmənalı deyil. Mövzu ilə bağlı yerli mətbuata açıqlama verən keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Ermənistanın Cənubi Qafqaz üzrə “3+3” regional platformasında hər hansı iştirakdan imtina etməsi daha yaxşı olardı. O, bu mövqeyini platforma ideyasının məhz Türkiyə və qalib tərəf olan Azərbaycan tərəfindən irəli sürülməsi ilə əlaqələndirib. Bəllidir ki, Oskanyan yalnız deyil və baş nazir Nikol Paşinyana müxalif olanlar hakimiyyətin atmaq istədiyi hər addımı onun özünə qarşı istifadə etməyə çalışırlar. Hazırda İkinci Qarabağ müharibəsində aldığı ağır məğlubiyyət sonrası düşmən ölkədə sosial-iqtisadi problemlərə siyasi arenanı bürümüş xaos da əlavə olunub və indi Ermənistan ağır dilemma qarşısındadı – ya işğalçılıq və düşmənçilik siyasətindən, Cənubi Qafqazda pozuculuq fəaliyyətindən əl çəkib bölgə üçün yeni dövrün başlamasını qəbul etmək, ya da bir dövlət kimi mövcudluğunu qorumaq təhlükəsi ilə üz-üzə qalmaq. Paşinyan birinci variantın qaçılmaz, üstəlik daha məqbul olduğunu yaxşı dərk edir. Ancaq sülhə doğru qəti addımlar atması üçün həm güclü ictimai dəstək əldə edə bilməli, həm də ortaya möhkəm iradə qoymağı bacarmalıdır. Çünki sülh hamıya, bütün regiona, ən çox da Ermənistana lazımdır və bu baxımdan “3+3” platforması Cənubi Qafqazın mənzərəsini yaxşı mənada dəyişə bilər.