KÖŞƏ

Mahir Rəsuloğlu

İtalyansayağı böhtan...

13 dekabr 2021 23:58
1241

Və ya erməni təbliğat maşınının əsirinə çevrilənlər

Mədəniyyətin və incəsənətin əsas qayəsi əlahəzrət həqiqətə xidmət etməkdir. Əslində, bəşəriyyətin xilasının da məhz həqiqətin yanında dayanmaq olduğunu düşünənlərin inamına haqq qazandırmaq olar. Çünki ustalıqla yazılmış və ya çəkilmiş hansısa tablo da, şeir və ya bədii mətn də, film və ya musiqi də dil, din fərqi olan insanları yaxınlaşdırır, doğmalaşdırır, onları dünyanın sonunu gətirməkdə olan bütün pisliklərdən arındırır. Ya da buna cəhd edir. Axı yaradılmasının əsas məqsədi budur – həqiqətləri çatdırmaq vasitəsilə insanlığı xilas etmək, şərin qarşısını almaq...

Xalqımız təkcə 44 günlük Vətən müharibəsində deyil, torpaqlarımızın işğalı ilə nəticələnmiş Qarabağ münaqişəsinin davam etdiyi 30 il ərzində də, ondan çox-çox əvvəllər də, əsrlər boyu nankor, namərd, qəddar ermənilərin insanlığa sığmayan vəhşilikləri ilə üz-üzə qalıb. Dəfələrlə ev-eşiyimizdən, yurd-yuvamızdan didərgin salınmışıq, neçə-neçə soyqırımı acısı yaşamışıq. Heç çox uzaq tarixi vərəqləmədən indiki orta yaşlı insanların müasiri və şahidi olduqları qanlı Xocalı qətliamını xatırlatmaq kifayət edir ermənilərin faşist kimliklərinin faş edilməsinə. Ya da elə ötənilki Vətən müharibəsi zamanı ermənilərin dinc mülki insanların yaşadığı cəbhə xəttindən uzaq Gəncə, Bərdə, Tərtər şəhərlərinə atdıqları ballistik raketlərin tökdüyü məsum körpə qanları hələ qurumayıb. Bütün dünyanın gözü qarşısında baş verib bütün bu erməni cinayətləri. Və bu gün bir tərəfdə həqiqətlərin qarşısında üç meymun oynayan qoca və xəstə “demokratik” Avropanın səfirləri həmin şəhərlərimizdə dağıdılmış evlərin xarabalıqları üzərinə öldürülmüş günahsızların xatirəsinə gül dəstələri qoyurlar, digər tərəfdə isə...

Digər tərəfdə isə İtaliyanın “Rai-1” televiziyası Xocalıda hamilə gəlinlərimizin qarnını süngü ilə yaran, körpələrimizi amansızca qətlə yetirən, qoca ata-analarımıza qarşı insanlıq tarixinin görünməmiş vəhşiliklərini törədən ermənilərin 44 günlük müharibədə “üzləşdikləri cinayətlər” haqqında uzunmetrajlı film çəkir. Ermənistanın insan hüquqları üzrə müvəkkili Arman Tatoyan məzlum-məzlum müharibə  zamanı Azərbaycan əsgərlərinin “törətdiyi vəhşiliklər, cinayətlər və onların nəticələrindən” danışır, kanalın məşhur jurnalisti Stefaniya Battistini lentə alır. Paradoksa fikir verin – torpaqlarımızı, yəni bütün dünyanın bizimki olduğunu qəbul etdiyi suveren ərazilərimizi illərlə işğalda saxlamış, o ərazilərdə olan hər şeyi tamamilə dağıtmış, müharibə vaxtı qadağan olunmuş silahlardan istifadə etmiş, hərbi cinayətlər törətmiş ermənilərin indi qisasını döyüş meydanında mərdliklə alan şanlı Azərbaycan əsgərinə atdıqları şər və böhtan demokratiyanın “göbəyindən” gəlmiş biri tərəfindən sabah “sənət” deyə “həqiqət” kimi məlumatsız insanlara sırınmaq üçün filmə çəkilir.

Və bir paradoks daha. Livandan, Suriyadan döyüşmək üçün gətirdikləri muzdlu PKK-çı kürd, “Asala” erməni terror qruplarının yaxasında, ya qolunda daxil olduqları təşkilatın emblemli geyimləri  olan üzvlərinin yarıçürümüş cəsədləri hələ də Qarabağ çöllərindən tam yığılmayıb, italiyalı jurnalist isə Ermənistan  ombudsmanının dili ilə Azərbaycanın müharibədə “muzdlulardan, terrorçulardan və cihadçılardan istifadə etdiyini” sənədləşdirir və “sənətləşdirir”. Öz iyrənc yalanlarını həqiqət kimi təqdim etməsindən qürurlanan Tatoyan özünün “Facebook” səhifəsində yazır ki, “filmdə ermənilərin başlarını, bədən hissələrini kəsən Azərbaycan hərbçilərinin vəhşiliklərindən danışıb”. Ay yalansa sənin...

Təəssüf ki, dünya illərdir, əsrlərdir nəinki erməni yalanlarına dözməyi öyrəşib, bəzən hətta bilərəkdən və ya bilməyərəkdən bu yalan maşınının əsirinə çevrilir. Haqqı dananlar, şərə qulluq edənlər mənfur xislətlilərin oyuncağı kimi həqiqəti ört-basdır etməyə çalışırlar, ancaq nə saxta “sənət”in, nə da kimlərinsə əməllərinə xidmət edən saxta “həqiqət”in ömrü heç onu yaradanınkı uzunlıqda da olmur, olmayacaq, olmamalıdır. Əks halda, onsuz da dünya bu boyda haqsızlıqlara dözmədiyindən məhvərindən çıxmaq üzrədir...