KÖŞƏ

Mahir Rəsuloğlu

Ölünü özbaşına qoysan...

10 dekabr 2021 01:58
1322

Künc zərbəsi

Ermənistanın “cığallıq etmək” imkanları tükənib

Təbiət qanunlarına görə özbaşına qoysan da, başının üstünü kəsdirsən də ölü müstəsna hal kimi əgər xortlamaq fikrinə düşməyibsə heç nə edəsi deyil. Yəni məntiqlə buna nə istəyi, nə də imkanı olmamalıdır. O zaman görəsən bütün kəlamları özündə dərin mənaları birləşdirən, səbəbsiz, misala çevrilməyəcək fikirlər səsləndirməyən atalarımız niyə “Ölünü özbaşına qoysan, kəfəni yırtar” deyiblər? Və bu misalın ermənilərlə, onların baş naziri Nikol Paşinyanla nə əlaqəsi var? Bir azdan...

Hər kəsin olmasa da əksərimizin uşaqlıq xatirələrimizdə ilişib qalmış bir “pis uşaq” obrazı var. Ətrafdakı normal həmyaşıdlarından fərqli – nadinc, dalaşqan, hamıya zərər yetirməyə çalışan, “yetənə yetib, yetməyənə bir daş atan”. Və həmin pis uşaqlar adətən hansısa növbəti pis əməldən sonra cəzalanmamaq üçün qaçmağa çalışırdılar. Tutub qulağını ələ keçirən olanda başlayırdı yalvarmağa ki, “qələt eləmişəm, bir də eləmərəm”. Ancaq elə ki, buraxıldı, yenə qaçıb aralıdan başlayırdı qulağını çəkəni hədələməyə, pis-pis sözlər (bəzən hətta söyüşlər) deməyə. Hətta çatıb onu tuta bilməyəcəkləri məsafəyə yetişdiyinə əmin olanda mütləq yerdən bir daş da götürüb qolazlayırdı geriyə...

Bax indi İkinci Qarabağ müharibəsində işğalçı orduları və özləri haqqında onillərdir yaratdıqları “məğlubedilməz” mifi cəmi 44 günlük qısa bir müddətdə darmadağın edilmiş ermənilərin “qulağı ələ keçən kimi” sülh üçün yalvaran, “qələt eləmişəm, bir də eləmərəm” deyən baş nazirləri Nikol Paşinyan həmin o pis uşağa oxşayır. Məğlub olduqlarını, müqavimət göstərmək üçün qarşısına qoyulan tələblərə əməl etməyin alternativsizliyini yaxşı bilir, kapitulyasiya aktına hardasa gizləndiyi yerdə qol çəkib, di gəl “qulağı əldən çıxıb” Ermənistana qayıdan kimi başlayır ordan “cığallıq eləməyə”. Soçidə keçirilmiş üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin delimitasiyası və demarkasiyasına, kommunikasiyaların açılmasına razılıq verən Paşinyan hər vasitə ilə sözündən qaçmağa, konkret addımlardan yayınmağa və vaxt uzatmağa çalışır. Və belədə yenə Ermənistan rəhbərliyini tutub “qulaqlamaq” lazım gəlir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyana növbəti zəngi təxminən bu məqsədi daşıyır. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Rusiya tərəfi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin mümkün qədər tez başlamasının təmin edilməsinin vacibliyini vurğulayıb. Rusiyalı nazir, həmçinin Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi nəqliyyat-iqtisadi əlaqələrin açılması üzrə üçtərəfli İşçi Qrupu çərçivəsində sazişin praktiki müstəviyə keçilməsinin zəruri olduğunu da Mirzoyana başa salıb. Bir sözlə, Ermənistana Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatları çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrası lazımi şəkildə xatırladılıb. Necə deyərlər, başa salınıb ki, “ağıllı olun”.

Bu gün isə Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək. Gürcüstan istisna olmaqla digər beş region ölkəsinin – Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın iclasda iştirakı təsdiqlənib və ölkəmizi xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

...Ermənistan rəhbərliyi üçün getdikcə halqa daralır, qaçmaq, “çığallıq etmək” imkanları tükənir və Azərbaycan addım-addım öz məqsədlərinə yaxınlaşır. Paşinyan istəsə də, istəməsə də qarşısına qoyulan öhdəlikləri yerinə yetirməlidir. Əks halda, yenə “qulağının çəkiləcəyini” yaxşı bilir. Yəqin indi aydın oldu atalarımız niyə “Ölünü özbaşına qoysan, kəfəni yırtar” deyiblər...