Zahid Rza |
Öz vətənini ləkələmək onu satmaq deməkdir
(Viktor Hüqo)
Demokratiya, siyasət adına ləkə olan dağıdıcı müxalifət partiyalarının, xüsusi ilə də AXCP-nin və “Milli Şura”nın saxta sənədləri ilə Qərbin müxtəlif ölkələrində məskunlaşan Tural Sadıqlı, Qənimət Zahid, Sevinc Osmanqızı kimi xəyanətkarlar ermənipərəst dairələrdən aldıqları çirkli pulların müqabilində sosial şəbəkələrdə Azərbaycanın əleyhinə apardıqları total qarayaxma kampaniyasının dozasını daha da artırıblar. Bu antimilli ünsürlər ölkəmizin beynəlxalq imicinə ləkə yaxmaq, 44 günlük Vətən müharibəsindəki Qələbəmizi ucuzlaşdırmaq, sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün ən çirkin üsul və vasitələrdən istifadə edirlər.
Heç kimə sirr deyil ki, sığındıqları ölkələrin xüsusi xidmət orqanlarının qarmağına keçərək onlara köləlik edən bu zombi sürüsü antimilli fəaliyyətlərində 30 ilə yaxın müddətdə dövlətə, dövlətçiliyə və xalqa qarşı düşmənçilik yolunu tutan AXCP və “Milli Şura” ilə eyni müstəvini bölüşürlər.
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Prezident İlham Əliyev AXC-Müsavat cütlüyünü 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş adamlarla müqayisə edərək bildirib ki, onlar da ölkəni dağıdırdılar və nəticə etibarilə Azərbaycanı gətirib uçurum kənarına qoydular: “O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər”.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən xaos və anarxiyadan sui-istifadə edərək ölkənin idarəçiliyini silahlı çevriliş yolu ilə zəbt edən bu “demokratlar”ın hakimiyyət hərisliyi sağalmaz xəstəliyə çevrilib. Əgər belə olmasaydı, onlar tövbə edərək haqq yoluna qayıdar, antimilli fəaliyyətə, iqtidara dövlətə yönəlik qərəzli, iftira dolu fikirlər səsləndirməyə son qoyaraq cəmiyyətə adaptasiya olunar, iqtidar-müxalifət dialoqunda iştirak edərdilər. Demokratiyadan dəm vuran bu “bəylər” özləri də yaxşı bilirlər ki, bütün məsələlər dialoq yolu ilə, qanunlar çərcivəsində həll olunur və olunmalıdır. Belə bir dialoqu isə Azərbaycan iqtidarı başladıb. Özlərini siyasət bilicisi kimi aparan dağıdıcı müxalifətin “başbilənləri” bilməmiş deyillər ki, siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Cəmiyyəti düşündürən məsələlərin iqtidar və müxalifət nümayəndələri arasında açıq şəkildə müzakirə olunması bilavasitə demokratiyanın təcəssümüdür. Şübhəsiz, iqtidar-müxalifət siyasi dialoqu, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi respublikamızda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir.
Təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları də yaxından iştirak edirlər. Hazırda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyədək mövcud olmayan yaxınlaşmanın müşahidə edilməsi bunun əyani təsdiqidir. Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin qorunması və bu münasibətlərin tənzimlənməsi üçün fərqli təşəbbüslər reallaşmaqdadır. Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir.
Gizli deyil ki, Azərbaycanın düşmənləri ilə eyni düşərgədə yer alan AXCP, “Milli Şura” və onların orbitində fırlananlar bilərəkdən, məqsədli şəkildə bu dialoqlardan yayınır, hələ də öz şəxsi ambisiyalarını gerçəkləşdirmək naminə Vətənimizin əleyhinə yönəlik xəyanətkar fəaliyyətlərini, çirkin oyunlarını davam etdirirlər. Belələri ilə nəyi isə müzakirə etmək üçün eyni masada oturmaq olarmı? Dövlətimizin başçısı YAP-ın VII qurultayında bu məsələyə aydınlıq gətirib: “Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər”.