Mahir Rəsuloğlu |
Soçi Bəyanatı ilə başlayan postmünaqişə dövrünün yeni mərhələsi Azərbaycanın maraqlarına tam uyğundur
Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilən görüş regionda yeni reallıqların nəticəsi kimi tamamlanması nəzərdə tutulan işlərin sürətinin artırılmasına da birbaşa təsir etdi və belə demək mümkündürsə, münasibətlərin postmünaqişə dövründəki yeni mərhələsinə start verdi. Əldə edilmiş razılaşmaya uyğun olaraq dekabrın ilk günündə Moskva şəhərində hər üç ölkənin baş nazirlərinin müavinlərinin sədrliyi ilə yaradılmış İşçi Qrupunun növbəti görüşü keçirildi və ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, həmçinin kommunikasiyaların açılması məsələləri müzakirə edildi. Prosesin davamlı olması və sənədlər üzərində işlərin mütəmadi aparılması, eyni zamanda, Rusiyanın dövlət başçısı Vladimir Putinin Soçidə qeyd olunan məsələlərlə bağlı səsləndirdiyi fikirlər İşçi Qrupunun ən qısa zamanda razılaşdırılmış hazır sənədlər ortaya qoyacağı ehtimalını gücləndirir. Xatırladaq ki, Rusiya Prezidenti qeyd etmişdi ki, görüşdə iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət ediblər, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə, o cümlədən dəmir yolu, avtomobil yollarının bərpası barədə danışıblar və iki dövlət arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərini yaratmaq barədə razılıq əldə olunub: “Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur.”
Görünür ki, Soçi görüşündə dövlət rəhbərləri arasında regionda uzunmüddətli sülhə nail olunması istiqamətində üçtərəfli Bəyanatda birbaşa əks olunmayan bir sıra vacib məsələlərdə də razılıq əldə edilib və İşçi Qrupunun müzakirələrindən əlavə müəyyən addımlar atılmaqdadır. Rəsmi şəkildə təsdiqlənməsə də, artıq iki gündür Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə separatçı rejimin və Ermənistanın bayraqlarının yığışdırılması ilə bağlı yayılan xəbərlər də bu fikri təsdiqləyir. Ermənistanda nəşr olunan “168 saat” qəzetinin iki gün öncə yaydığı məlumatda deyilir ki, Şuşa şəhəri yaxınlığında, Qırımızı Bazar qəsəbəsində, habelə separatçıların silahlı dəstələrinin dayandıqları mövqelərdə qaldırılmış bütün erməni bayraqlarının yığışdırılması barədə göstəriş verilib. Qəzetin yazdığına görə, Şuşa şəhəri yaxınlığında yerləşən yaşayış məntəqələrində separatçılar bu addımı atmaqdan imtina ediblər, lakin Azərbaycan tərəfinin qısa müdaxiləsindən sonra öz əski parçalarını yığışdırmalı olublar. “168 saat” Ermənistan hökumətindəki mənbələrinə istinadən bildirib ki, belə bir tələb Soçidə keçirilən görüşdə Azərbaycan tərəfindən qoyulub və Ermənistan hakimiyyətinin göstərişi ilə həmin görüşdən dərhal sonra erməni bayraqları Qarabağdakı mövqelərdən endirilib.
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki erməni mövqelərindən qondarma rejimin bayraqlarının yığışdırıldığını erməni politoloq Metaksa Akopyan da təsdiqləyib. M.Akopyanın sözlərinə görə, onlar rus sülhməramlıları tərəfindən yığışdırılan bayraqları öz yerinə qaytarmağı tələb etdikdə, qondarma rejimin “rəhbərliyi” bunun təhlükəsizlik məqsədilə edildiyini bildirib: “Dedilər ki, azərbaycanlılar bayraq istiqamətində atəş açır. Amma bu, əlbəttə ki, belə deyil. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Araik Arutyunyanı bayraqsız qəbul etdiyini görürük. Yəni o da bunu kompleks kimi qəbul edir, başını aşağı salır. Bir sözlə, biz Qarabağ arzularımızı birdəfəlik dəfn etmişik.”
Bir daha qeyd edək ki, xəbər hələlik rəsmi şəkildə təsdiqlənməyib. Ancaq erməni politoloqları, bu ölkənin siyasi elitasının üzvləri və xüsusilə Ermənistan hakimiyyətində təmsil olunanlar yaxşı başa düşürlər ki, artıq iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, həmçinin kommunikasiyaların açılması kimi Qarabağın taleyinə də aydınlıq gətirilib. Və elə öz təbirlərincə desək, ermənilərin nəhayət ki, Qarabağ arzularını birdəfəlik dəfn etmələri zamanı gəlib.