KÖŞƏ

Mahir Rəsuloğlu

Yoxdursa, necə var və ya əksinə?

26 noyabr 2021 00:58
1813

Paşinyan və Ohanyanın məntiqinin dağılmış “səddi”

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 17-də parlamentin “hökumət saatı”nda deputatların suallarını cavablandırarkən Azərbaycan Silahlı Qüvvələrinin guya Ermənistanın sərhədləri daxilində mövqelər ələ keçirməsi iddiaları ilə bağlı suala cavab verərək bildirmişdi ki, müəyyən yerdəyişmələr baş verib və hər iki ölkənin ordusunun mövqeləri əsasən “dama taxtası” ardıcıllığı ilə düzülüb. O, müharibə nəticəsində Ermənistanın təxminən 40 kv.km ərazisinin Azərbaycan tərəfindən “işğal edildiyini”, eynilə Azərbaycanın bəzi ərazilərinin birinci müharibə nəticəsində Ermənistanın nəzarəti altında olduğunu və hazırda da qaldığını demişdi. Bununla da Paşinyan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazilərini işğal etdiklərini və həmin torpaqların bir qisminin hələ də geri qaytarılmadığını açıq şəkildə etiraf etmişdi. Ancaq dolayısı ilə Ermənistan ərazisində olan Azərbaycan anklavları məsələsinə toxunan erməni baş nazir Qazax rayonu istiqamətindəki yeddi və Naxçıvan ərazisində bir kəndimiz barəsində danışmağın əsassız olduğunu deyir, niyəsə anklavlara gəldikdə dərhal Paşinyanda onların hüquqi əsaslandırılması barədə suallar yaranır. Hüquqi əsas yoxdurmu? O zaman eyni məntiqlə yanaşaraq, Azərbaycan da tam haqlı şəkildə Qərbi Zəngəzurun, Dərələyəz və Şərqi Göyçənin və hətta İrəvanın Ermənistana verilməsinin qeyri-hüquqi xarakter daşıdığını əsaslandıra bilər və bu, Paşinyanın yanaşmasından daha məntiqlidir. Çünki çox da uzaq olmayan tarixdən bizə məlumdur ki, 1929-cu ildə Levon Mirzoyan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olan zaman böyük miqyasda Azərbaycan əraziləri Ermənistana verilib.

Paşinyan yenə parlamentdəki çıxışı zamanı Gorus-Qafan yolunun Azərbaycan hissəsinə düşən hissəsindəki kəndləri niyə “Eyvazlı” və “Çayzəmi” adlandırması ilə bağlı deputat Mariya Karapetyanın sualını cavablandırarkən növbəti dəfə etiraf etmişdi ki, həmin kəndlər Ermənistan ərazisi deyil: “Ermənistanla Azərbaycan arasında sərhəd hələlik müəyyən edilməsə də ölkə hakimiyyəti sovet xəritələrini rəhbər tutur, həmin xəritələrə görə isə yolun göstərilən hissələri Ermənistan SSR ərazisində deyil.” Ancaq bir başqa açıqlamasında Paşinyan xəritələrin çox olduğunu bildirir və hətta onları şəkilli kağız adlandırır. Beləliklə də biri-birini təkzib edən açıqlamaları ilə o, Azərbaycanın mövqeyini təsdiq edir ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. O zaman Paşinyan hansı əsasla Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim başqa dövlətin ərazisində gözümüz yoxdur və bu gün Silahlı Qüvvələrimizin Şərqi Zəngəzurdakı mövqeləri ölkəmizin suveren ərazisi daxilindədir.

Ermənistanın baş naziri noyabrın 23-də “Facebook” səhifəsi üzərindən mətbuat konfransı keçirərək jurnalistlərin və ictimaiyyət nümayəndələrinin suallarını cavablandırarkən 1991-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan zaman hər iki ölkənin bir-birinin ərazisini tanıdığını deyib. Sual olunur, əgər Ermənistan Azərbaycanın suveren ərazisini tanıyırdısa, tör-töküntüləri hələ də qalan erməni ordusunun bizim torpaqlarda nə işi var idi? Ermənistanın anklavında olan kəndlərimiz niyə hələ də işğal altındadır? Mifə çevirdikləri “Ohanyan səddi”ni kim və niyə tikmişdi ərazisini tanıdıqları başqa dövlətin, yəni Azərbaycanın sərhədləri daxilində?

Paşinyan kimi, Ermənistanın keçmiş müdafiə naziri, müxalif “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri, qeyd etdiyimiz “səddin” müəllifi Seyran Ohanyan da biri digərini təkzib edən açıqlamalar verib. Ermənistanın Milli Məclisində müxalifət fraksiyasının təşkil etdiyi dinləmələrdə çıxış edən Ohanyan bildirib ki, hazırda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üçün heç bir şərait yoxdur və indiki vaxtda istənilən belə proses Ermənistanın maraqlarına ziddir. O, fikrini belə əsaslandırıb ki, guya 44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazilərinə “daxil olub”. Ancaq yenə həmin Ohanyan həmin iclasda Paşinyanın Ermənistanın sərhəd xəttinin necə keçdiyini ən yaxın millimetrə qədər bilməsi ilə bağlı dediklərinə cavab olaraq bildirib ki, əslində Ermənistanda bu xəttin necə keçdiyini “millimetr dəqiqliyi ilə” bilən adam yoxdur: “Əminəm ki, heç kim Ermənistanın sərhədlərini dəqiq təsəvvür edə bilməyəcək, çünki dəyişikliklər sovet dövründə aparılıb.”

Yaxşı, əgər Ermənistanın sərhəd xəttinin haradan keçdiyini bu ölkədə dəqiq bilən heç kim yoxdursa, hansı məntiqlə və ya hansı əsasla iddia edirsiniz ki, Azərbaycan Silahlı Qüvvələri sizin ərazinizə daxil olub?

Belə çıxır ki, ermənilərin nə iqtidarda, nə də müxalifətdə olanları həqiqəti bilmirlər? Bilirlər, həm də çox yaxşı bilirlər. Sadəcə, hüquqi əsaslandırmadan, məntiqi davranışdan daha çox yalan, böhtan, iftira işlərinə yarayır. Həmişə olduğu kimi...

Mahir Rəsuloğlu, “İki sahil”