Mahir Rəsuloğlu |
Künc zərbəsi
Nazilsə də üzülməyə qoymadığımız haqqımızı sökə-sökə aldıq. Ancaq çörəyimizi yeyib, suyumuzdan içib, torpağımızda, yəni evimizdə yaşayıb, sonra da təşəkkür əvəzinə xəyanət edən, ata-baba yurdumuza göz dikən, işğal edən, dinc sakinlərimizi qəddarcasına qətlə yetirən namərd düşməndən fərqli olaraq biz ilahi ədaləti mərdliklə, döyüş meydanında bərpa etdik. Bu gün biz vəhşi erməni qəbiləsinin dağıdıb tar-mar etdiyi kənd və şəhərlərimizi yenidən qururuq. Azadlığına qovuşmuş torpaqlarımıza həyat qayıdır və Azərbaycan bir daha dünyaya həm hərbi, siyasi, iqtisadi gücünü, həm də nə qədər yaradıcı, sülhsevər, zəhmətkeş xalq olduğunu göstərir. Biz 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəmizlə yeni reallıqlar yaratmışıq və ondan qat-qat güclü olduğumuzu düşmən də bilir. Normal düşüncə ilə yanaşsalar ermənilər onu da yaxşı bilməlidirlər ki, bu gün qarşılaşdıqları bütün bu problemlərin səbəbkarı elə özləridir. Əkdiklərini biçirlər, “qaşıqlarına çıxan aşlarına tökdükləridir”. Onu da anlamalıdırlar ki, qalib tərəf olan Azərbaycanın sülh təşəbbüslərini revanşizm meyilləri ilə qarşılamaq düşmən ölkəni daha böyük fəlakətlərə sürükləyir və yeganə çıxış yolu yalançı əzabkeşlikdən, şivəndən, timsah göz yaşlarından əl çəkib reallıqla barışmaqdır.
Dünən gün ərzində İrəvanın müxtəlif yerlərində keçirilən etiraz aksiyaları isə göstərir ki, Ermənistanda baş verənlərdən lazımi dərs almayanlar hələ də az deyil. Siyasi partiyaların, ictimai təşkilatların təşəbbüsü ilə müxtəlif yerlərdə keçirilən aksiyalar nəticəsində paytaxtın bəzi küçələri bağlanıb, nəqliyyatın hərəkəti demək olar ki, tamamilə dayandırılıb. Ermənistan mətbuatının yazdığına görə, Vəkillər Palatasının keçmiş rəhbəri, “Zartonk” (“İnkişaf”) partiyasının sədri Ara Zöhrabyan və tərəfdarları İrəvanın Arşakunyats prospektində mitinq keçiriblər. Qeyd edək ki, Zöhrabyan bir müddət əvvəl öz “Facebook” səhifəsində “azadlıq hərəkatının” başlanması barədə yazıb və bildirib ki, məqsədi sərhədlərin “Ermənistanın maraqlarına zidd olan” delimitasiyası və demarkasiyasına mane olmaq, o cümlədən imzalanması nəzərdə tutulan sənədlərin dərcini tələb etməkdir. Onun sözlərinə görə, hərəkat iştirakçıları hakimiyyətdən Ermənistanın ərazi bütövlüyünün qorunmasını tələb etmək niyyətindədirlər: “Bizim mübarizəmiz dövlətçiliyin qorunmasına yönəlib. Ölkənin təhlükəsizliyi hər birimizin əlindədir.”
Zöhrabyan onu da bildirib ki, o və tərəfdarları mitinqlərə davam etmək niyyətindədirlər.
Başqa bir etiraz aksiyası Ermənistan paytaxtının Myasnikyan prospektində keçirilib. “Kamk” (“İradə”) hərəkatının lideri Vaaqn Çaxalyan və “Sasna Tsrer” qruplaşmasının üzvü Pavlik Manukyanın təşəbbüsü ilə etirazçılar səhər saatlarında adı çəkilən prospekti bağlayıblar. Əllərində “Mən biganə deyiləm”, “Mən müdafiəsiz deyiləm” məzmunlu plakatlar tutan aksiya iştirakçıları hamını Ermənistanın və erməni xalqının maraqlarının müdafiəsində ictimai fəallığa çağırıblar. Aksiyaları dağıtmaq üçün qeyd edilən ərazilərə polis qüvvələri cəlb edilib, etirazçılarla hüquq-müdafiə orqanları arasında toqquşmalar baş verib. Nəticədə, ümumilikdə 18 aksiya iştirakçısı saxlanılaraq polis idarələrinə aparılıb.
Dünən Yerevanda hökumət binasının qarşısında da etiraz aksiyası keçirilib. Karin Tonoyanın sədrlik etdiyi “5165” partiyasının üzvləri və tərəfdarları baş nazir Nikol Paşinyandan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təklif olunan sənədin məzmununu təqdim etməsini tələb ediblər. Partiyanın təsisçisi Menua Soqomonyan bildirib ki, Paşinyan istənilən qərarla bağlı ictimaiyyəti məlumatlandıracağını bəyan etmişdi, ona görə sənədin məzmununu açıqlamalıdır. Çünki onlar həmin sənədin Ermənistan üçün məqbul olmasına şübhə edirlər.
Ölkədə ictimai-siyasi vəziyyətin gərginləşdiyi bir vaxtda düşmən ölkənin baş naziri bu gün axşam canlı yayımla mətbuat konfransı keçirəcəyi barədə məlumat verib. Bu barədə rəsmi “Facebook” səhifəsində yazan Paşinyan mətbuat konfransında təxminən 1.5-2 saat müddətində jurnalistlərin və ictimai təşkilatların təmsilçilərinin suallarına cavab verəcəyini bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri sonuncu dəfə canlı yayımla mətbuat konfransını 2020-ci ilin əvvəllərində - İkinci Qarabağ müharibəsindən xeyli öncə keçirmişdi və revanşistlərin etirazlarının, həmçinin istefası ilə bağlı çağırışların artması fonunda onun açıqlamaları maraq doğurmaya bilməz. Hər halda, elə düşmən ölkənin özündə də narazılarla yanaşı, Paşinyanın onları nəhayət ki, düz yolla apara biləcək bir siyasətçi olduğunu düşünənlər də kifayət qədərdir...