Mahir Rəsuloğlu |
Qarabağda və Azərbaycan sərhədində ard-arda təxribatlar törətməsi Ermənistanın 44 günlük müharibədən lazımınca nəticə çıxarmadığını və yenidən aqressiv separatizmə meyilləndiyini göstərir. Şuşa yaxınlığında törədilmiş insident, Kəlbəcərdə yol çəkən mühəndis texnikalarının atıcı silahlardan atəşə tutulması, Qaragöl ətrafında təxribat cəhdi və xüsusilə Paşinyan hökumətinin əsas fiqurlarından olan Ermənistanın müdafiə naziri Arşak Karapetyanın icazəsiz olaraq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə gəlməsi kommunikasiyaların açılması məqsədilə aparılan danışıqlara və sülh çağırışlarına təhdid yaradır, məqsədli şəkildə regionda vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bütün bunlar şübhəsiz, 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması deməkdir. A.Karapetyanın Qarabağa icazəsiz necə gələ bilməsi Laçın koridorunda bu kimi qanunsuz davranışlara nəzarət etməli olan rus sülhməramlılarının fəaliyyəti haqqında da çox ciddi suallar doğurur. Ancaq bu barədə bir qədər sonra.
Birincisi və ən vacibi düşmən ölkənin müdafiə nazirinin bu təxribat xarakterli səfəri Ermənistanın Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələrini, separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyinin növbəti sübutudur. Ermənistan rəhbərliyi uzunmüddətli sülhə nail olunması, regionun gələcək inkişafı, düşmənçiliyə son qoyulması və mehriban qonşuluq naminə çağırışlara müsbət yanaşdığını bildirsə də revanşizm meyillərini də gizlədə bilmir. İkincisi, A.Karapetyan Qarabağda qanunsuz erməni silahlı birləşmələri ilə görüşlər keçirdi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirdi. Bu aşkar hərbi-siyasi təxribat Azərbaycan ərazilərində Ermənistan ordusuna aid silahlı birləşmələrin hələ də qaldığını, üstəlik onların çıxarılması üçün deyil mövqelərində möhkəmləndirilməsi üçün addımlar atıldığını göstərir. Qarabağın cinayətkar “prezidenti” Araik Arutyunyanın qondarma “DQR”in “parlament fraksiyalarının nümayəndələri”, “təhlükəsizlik şurasının katibi”, “güc strukturlarının rəhbərlərinin” iştirakı ilə keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər də faktı təsdiqləyir. Arutyunyan Qarabağ sakinlərinin “təhlükəsizlik səviyyəsinin yüksəldilməsi” istiqamətində görülən tədbirlərdən danışaraq bəyan edib ki, 44 günlük müharibədən sonra “müdafiə ordusu” tərəfindən qoşunların təmas xəttinin möhkəmləndirilməsi və qarşıya qoyulan tapşırıqların səmərəli şəkildə yerinə yetirilməsi üçün xeyli işlər görülüb. O, yaxın vaxtlarda qanunvericiliyə düzəlişlər etməklə silah əldə etmək imkanlarının genişləndiriləcəyini, yəni mülki insanların silahlandırılması üçün hazırlıq getdiyini də bildirib: “Bundan başqa, hüquq-mühafizə orqanlarının tərkibində fəaliyyət göstərən müvafiq bölmələr təmas xəttinə yaxın ərazilərdə avtomobil yollarının və təsərrüfat işlərinin təhlükəsizliyinin təmin edilməsində daha fəal iştirak edəcək.” Arutyunyanın bu sözləri həm də açıq şəkildə separatçılıq və təxribat-terror məqsədilə “müvafiq bölmələrin” yaradıldığının etirafıdır.
Daha bir diqqətçəkən məqam isə quldurbaşının bu addımların Qarabağda yerləşən Rusiya sülhməramlıları ilə əməkdaşlıq əsasında nəzərdə tutulduğunu bildirməsidir.
Arutyunyanın bu sözləri məqsədli şəkildə söyləyərək sülhməramlıların fəaliyyətinə kölgə salmaq istəməsi ehtimalı istisna deyil, ancaq bu məqamda yenidən Ermənistanın müdafiə naziri A.Karapetyanın icazəsiz olaraq Azərbaycan ərazilərinə necə gəlməsi sualını xatırlamalı oluruq. Həm də ona görə ki, Karapetyanın ardınca İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı aparılan qərəzli informasiya müharibəsinin əsas ruporlarından biri olan, haqqında 2020-ci ilin noyabrında Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlamış və axtarışa verilmiş bloger, “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov da icazəsiz olaraq Qarabağa gəlib. Peqov sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə olub, Əsgəran qəsəbəsinin Ağdamla qonşu olan hissəsində qanunsuz xidmət aparan erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, onlarla şəkil çəkdirib. Cinayətkar bloger üstəlik Azərbaycan Ordusunun mövqelərinin də foto və video çəkilişlərini aparıb.
Bütün baş verənlər istər Ermənistan rəhbərliyinin, istərsə də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti haqqında suallar yaradır. Təbii ki, bütün sualların cavabı var. Elə səbrimizin sonu da...