Mahir Rəsuloğlu |
Bayramın mübarək, Vətən!
Aşağı-yuxarı bir il öncəydi... Qəflətən sükut pozuldu, yer yerindən oynadı, göyün bağrı yarıldı, zirvəsində dayanıb üzünü Tanrıya tutan bozqurdun ulartısından dağlar daş yuxusundan oyandı. Qoca Türkün, uca Türkün hayqırtısına haylar pərən-pərən düşdü, torpaq müqəddəsliyinə qovuşmaq, yenidən öz sahiblərinin Vətəni olmaq üçün qana susadı. Qarabağın, şərqi Zəngəzurun səmasını Türkün “əbabil quşları” bürüdü, süzüb-süzüb düşmənin başına öd ələdilər. Elin igid ərləri, ərənləri böyük Sərkərdənin əmri ilə haqq savaşına yürüdülər, “Eyyy, yurdumu yağmalamış namərd kafir, ölümlərdən ölüm bəyən, hesab çəkməyə, can almağa gəlirik!” dedilər. Yorulmadan, gecə-gündüz demədən qarış-qarış, addım-addım böyük Zəfərə doğru irəlilədilər – ölümdən qorxmadan, yağıya arxa çevirmədən, sinəsini dəyib Vətəni incidər deyə düşmənin gülləsinə sipər edərək, canından keçməyi, şəhidlik məqamına ucalmağı xoşbəxtlik, şərəf bilərək, geri qayıtmamaq üçün yarasını gizləyərək...
İrəlilədilər, irəlilədilər və gəlib quş qonmayan sıldırımları ilə gözəl Şuşamıza, qeyrət qalamıza dırmaşaraq, əliyalın tankın-topun üstünə yeriyib düşməni dişiylə-dırnağıyla parçalayaraq, belini qıraraq dünyanı heyrətə salan qəhrəmanlıq dastanı, Zəfər tarixi yazdılar, canlı əfsanəyə çevrildilər! Vətənin düşmən əsarətində inləyən dağıdılmış, viran qoyulmuş parasını, parçasını azad edib ürəyi Qarabağla, şərqi Zəngəzurla döyünən hər kəsə qələbə xoşbəxtliyini – Zəfər Gününü yaşatdılar!
Tanrı şahiddir ki, bizim apardığımız müqəddəs savaş haqq savaşı idi, bizim olanı geri almaq savaşı idi. Ancaq Tanrı ona da şahiddir ki, biz bu savaşda yalnız mənfur, qorxaq, şərəfsiz erməni ilə, onun xislətindən gələn yalançılıqla hamını inandırmağa çalışdığı “məğlubedilməz” ordusu ilə, “keçilməz Ohanyan səddi” ilə qarşı-qarşıya deyildik, az qala dünyanın yarısını qarşımıza almışdıq. Beynəlxalq hüquqa, ədalətə tüpürən, qonşuluğu öz maraqları naminə tapdalayan, kim qardaşyanlarla bacı-qardaşlıq edən, hətta dinə-imana naxələf çıxanlar işğalçının yanında durmuşdular, bizə təzyiqlər edirdilər, şər atırdılar. Ermənistana gizli-aşkar yardım edənlər bizim Qələbəmizi nə gözləmirdilər, nə də istəmirdilər. Bax, həm də buna görə tariximizin cəmi 44 günə qızıl hərflərlə yazılmış şanlı səhifəsi bu qədər önəmlidir.
Vətən müharibəsi bizi sevən və sevməyən hər kəsə birliyimizi, həmrəyliyimizi göstərdi. Sübut etdi ki, milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin bütövlüyü naminə yumruq kimi birləşməyə, canını fəda etməyə hazırdır və qadirdir. Heç kim aramıza nifaq toxumu səpib bizi ayıra bilməz. Zəfərimiz həm də buna görə əhəmiyyətlidir, bu qədər dəyərlidir.
Ruhunuz şaddır, şəhidlərimiz, bu xoş günləri yaşamağımızda haqqınız bir ömür boyu ödənməz. Canınız sağ olsun, sağlamlığını Vətən üçün əsirgəməyən əziz qazilərimiz, hər birinizə borcluyuq. Sənə bütövlük, azadlıq çox yaraşır, gözəl yurdum. Sən qələbələrə layiqsən, Azərbaycan! Zəfər Günün mübarək, Vətən!
Və bu gün hər birimiz bir daha ürəklə deyirik - əbədi olaraq Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!