Mahir Rəsuloğlu |
Düşmən ölkədə ölənlərin sayı sürətlə artmaqdadır
Uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində özü-özünü təcrid vəziyyətinə salmış Ermənistanda böhran 44 günlük İkinci Qarabağ müharibəsindən keçən bir il ərzində daha da dərinləşib. Ölkə iqtisadi-siyasi, sosial problemlər məngənəsində sıxılır, işsizlik, aclıq və səfalət insanların yaşamaq üçün başqa dövlətlərə qaçmasına səbəb olur. Hətta iş o yerə çatıb ki, baş nazir Nikol Paşinyan 2022-ci il dövlət büdcəsinin müzakirələri zamanı ölkədəki böhranı etiraf edərək iqtisadi vəziyyətin faciəli olduğunu bildirmişdi. Faciəli olan isə təkcə iqtisadi durum deyil. Ermənistanda ötən əsrin sonlarından başlayan ciddi demokrafik problem müharibədən sonra daha da dərinləşib, əhalinin sayı sürətlə azalır, ölüm sayında ciddi artım var.
Məlumat üçün bildirək ki, düşmən ölkədə əhalinin sayının azalmsı prosesi 1993-cü ildən başlayıb və əgər həmin il Ermənistanda 3 milyon 463 min 700 nəfər yaşayırdısa, hazırda bu rəqəm 2 milyon 980 min 226 nəfər təşkil edir. Yəni, əhali sayı 28 il ərzində təxminən yarım milyon nəfər azalıb və maraqlıdır ki, bu 28 ildə demoqrafik vəziyyətə heç vaxt stabilləşmə və ya artım müşahidə olunmayıb. Ermənistan əhalisinin yaxın və uzaq gələcəkdəki sayı ilə bağlı BMT-nin 2019-cu ildə yaydığı proqnozları da düşmən ölkə üçün ürəkaçan deyil – 2050-ci il üçün pessimist proqnoz 2 milyon 573 min, optimist proqnoz 3 milyon 65 min nəfər, 2100-cü il üçün isə pessimist proqnoz 1 milyon 207 min, optimist proqnoz 3 milyon 175 min nəfər. Yəni, düşmən ölkə əhalisinin 79 il sonra artmaq əvəzinə yarıbayarı azalması, ən yaxşı halda isə olduğu kimi qalması gözlənilir.
Ancaq gedişat göstərir ki, demoqrafik böhran daha tez dəhşətli fəsadlarla nəticələnə bilər. Erməni mətbuatının yazdığına görə, son bir ildə bu ölkənin əhalisi arasında ölüm göstəriciləri kəskin artıb. Səbəb kimi isə həm Ermənistanın acı məğlubiyyəti ilə nəticələnmiş İkinci Qarabağ müharibəsi, həm də koronavirus pandemiyası göstərilir. Xüsusilə son iki ayda vəziyyət çox acınacaqlıdır. Oktyabr ayında bəzi hallarda ölənlərin ailələri mərasim zallarında boş gün yaranmasını gözləməli olublar, qəbiristanlıqların rəhbərliyi isə yeni məzar qazmaq üçün əlavə işçilər tutmağa məcbur qalıblar. Mərasim salonlarının birinin rəhbəri “Sputnik Armenia”nın müxbiri ilə söhbətində qeyd edib ki, xüsusilə sentyabr ayından iş həqiqətən də artıb: “Bu gün bizim bir anım mərasimimiz var, lakin yerlər olmadığına görə kimisə rədd etmək məcburiyyətində qaldığımız günlər olur. Əsasən koronavirusdan öldüklərini deyirlər.”
Paytaxt qəbiristanlıqlarından birinin adını açıqlamaq istəməyən direktoru isə bildirib ki, hər dəqiqə ya ürək xəstəliyindən, ya da koronavirusdan ölənlər olur: “2020-ci ilin noyabr ayından ölümlərin sayında artım tendensiyası müşahidə olunur. Buna müharibədən sonrakı vəziyyət də təsir etdi. Çoxları övladlarını, nəvələrini, ərlərini itirdi. İnsanların ürəyi buna dözmür, onlar infarkt keçirib ölürlər. Bu siyahıya Qarabağdan olan qaçqınlar da əlavə olunub.” Qəbiristanlıq direktoru bildirib ki, ümumilikdə gündə 6-dan 9-a qədər məzar qazılır. Lakin bəzi günlər ölənlərin sayı o qədər çox olur ki, kənardan əlavə işçi qüvvəsi götürməli olurlar. Onun müşahidələrinə görə, bu dövrdə ən çox ölüm halları 50-60 yaşlı vətəndaşlar arasında qeydə alınıb. Amma ən acınacaqlısı gənclər arasında da ölüm hallarının artmasıdır: “Əminliklə deyə bilərəm ki, ümumilikdə 2019-cu illə müqayisədə 2021-ci ildə ölənlərin sayı 50% artıb.”
Milli Statistika Komitəsinin məlumatına görə isə Ermənistanda 2021-ci ildə mülki əhali arasında ölənlərin sayında 10% artım müşahidə edilib. Bu, əsasən COVID-19-dan ölüm hallarının bir neçə dəfə çoxalması və ürək-damar sistemi xəstəliklərindən ölüm faktlarının yüksəlməsi ilə bağlıdır. Təkcə sentyabrın 1-dən oktyabrın 29-dək 1375 nəfər koronavirusdan ölüb ki, bu da Ermənistan kimi kiçik, əhalisi az olan bir ölkə üçün çox təhlükəli göstəricidir. Daha bir maraqlı statistika: “Əhali üçün xüsusi xidmət” qeyri-hökumət təşkilatının məlumatına görə, 2021-ci ilin 10 ayında İrəvanda dəfn mərasimlərinin sayı əvvəlki 4 ildəkindən çoxdur. Belə ki, yanvar ayından oktyabrın 28-dək 11551 nəfər dəfn edilib, ümumilikdə 2020-ci il ərzində isə bu rəqəm 9547 nəfər olub...
Beləliklə, bütün faktlar və göstəricilər düşmən ölkədə demoqrafik problemlərin get-gedə daha da kəskinləşdiyi, vəziyyətin düzəlməsinin isə indiki şərtlər altında mümkünsüz göründüyü qənaətini yaradır. Ölüm sayı artır, necə deyərlər, ermənilər sürətlə qırılır. Günahı isə əlbəttə ki, kənarda axtarmaq lazım deyil. Özləri güzgüyə baxsalar kifayət edər...