KÖŞƏ

Mahir Rəsuloğlu

Tələb haqqı və SİFƏT...

28 oktyabr 2021 01:17
1340

Künc zərbəsi

Birincini itirən, ikincini bozardan və qızardan Əli Kərimli haqqında

Tələb etməyi haqq etmək üçün heç olmasa haqq etdiyinin səviyyəsini anlayacaq qədər ağılda, bəlkə də vicdanda olmaq lazımdır. Azca qəliz cümlə oldu deyəsən, fərqindəyəm. Açması, yəni, sadə variantı belədir ki, birindən nəyisə tələb etməyə haqqın çatmalıdır. Kiminsə adından danışmağa da eləcə, sənə onun adından danışmaq haqqı verməlidir. Əgər bunlar yoxdursa tələb etməyə də, kiminsə adından danışmağa da haqqın yoxdur deməkdir – bu haqqı ya heç qazanmamısan, ya da itirmisən. Və əgər bunları bilə-bilə yenə də haqqın olmadan tələb edirsənsə, deməli üz, el arasında deyilən kimi sifət sahibisən. Demokratik dəyərləri, normal sivil ölkə qanunlarını, söz azadlığını və insan hüquqlarını öz çirkin məqsədlərini gizlətmək üçün bayraq edən, örtüyə, pərdəyə çevirən AXCP sədri kimi...

Torpaqlarımızın 30 ilə yaxın əsarətdə qalmasında ermənilər qədər günahkar olan, düşmənin kəndlərimizi, şəhərlərimizi işğal və talan etdiyi  günlərdə Vətənə sahib çıxmaq əvəzinə Bakıda hakimiyyət, vəzifə davası aparan, xalqın ümidini, etimadını öz komanda yoldaşları ilə birlikdə yerə vuran Əli Kərimli haqqını elə həmin vaxtdan itirib. Tələb etmək haqqını da, xalqın adından söz demək haqqını da. O, bunu da yaxşı bilir, dövlətimizin Azərbaycanın parlaq gələcəyi üçün gördüyü işləri də, xalqın öz dövlətinin, dövlət başçısının ətrafında yumruq kimi birləşdiyini də. Çünki xalqımız ötən əsrin 90-cı illərindəki kimi deyil, nifrəti də, sevgisi də zamanla formalaşıb, sınaqlardan çıxıb. Vətən müharibəsində qazandığımız böyük Qələbəmizin mahiyyətini anlayıb qiymət verə bilmirsə və ya istəmirsə, hamilərinin, pulverənlərinin qorxusundan tarixi Şuşa Bəyannaməsinə sədri olduğu AXCP dəstək nümayiş etdirmirsə, özündə azad olunmuş torpaqlarımıza getmək cəsarəti tapmırsa, demək ki, Əli Kərimlini adından danışmaq istədiyi xalqın hissləri, sevinci və qayğıları, Azərbaycanın inkişafı, milli təhlükəsizliyimiz, azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri maraqlandırmır. Və xalqımızın da bunu yaxşı bildiyi vaxtdan bəri dünyanın düzəni çox dəyişib.

Pusquda dayanıb yaşadığı məmləkətə xəyanət etmək, dövlətimizin imicini zədələməyə çalışmaq üçün məqam gözləyən Əli Kərimli və dəstəsinin özü kimi vətənpərvərliyi, millətpərəstliyi Vətən düşmənlərinin bir qab payına satmış üzvləri ən həssas məqamlarda belə xalqın yanında olmayıblar, olmaq istəməyiblər. Bütün bunlardan sonra hökumətdən nəyisə tələb etmək, üstəlik bu tələbinə xalqın adını da qoşmaq, “kampaniya başlatmaq” üçün yuxarıda dediyimiz sifət lazımdır. O sifət ki, xəyanət etdiyi xalqına, millətinə, dövlətinə bozarır, aldığı “payok”unun haqqını qaytara bilmədiyi, buna görə yalan danışmağa, aldatmağa çalışdığı üçün xidmət etdikləri tərəfindən danlananda qızarır...

Sürətlə inkişaf edən, regionun şəriksiz liderinə çevrilmiş, güclü, dayanıqlı iqtisadiyyatı, qüdrətli ordusu düşmən gözü çıxaran müasir Azərbaycanın bütün bunlara nail olmasının bünövrəsində xalq-dövlət birliyi dayanır. Bu birliyi pozmağa çalışanların ən tutarlı cavabını da yenə xalq özü verir – dövlətinə sədaqəti, dövlət başçısına sarsılmaz sevgisi, xarici və daxili düşmənlərə, xəyanətkarlara qarşı isə nifrəti və “dəmir yumruğu” ilə!