Elçin Zaman |
İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizin ildönümünə sayılı günlər qalıb. Bu ərəfədə siyasi gündəmi zəbt edən mövzulardan biri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yönündə gedən müzakirələrlə bağlıdır. Bu gün isə sülh ən çox məğlub Ermənistana lazımdır. Çünki siyasi və hərbi analitiklərin yekdil rəyinə görə, Azərbaycanla növbəti müharibə Ermənistanın özünün dövlət kimi yox olmasına gətirib çıxacaq.
Bir önəmli faktı da qeyd etmək yerinə düşər ki, keçən həftə hətta Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bildirib ki, Qarabağa dair razılaşmalarda10 noyabr 2020-ci il Bəyanatı sülh üçün yekun siyasi variantdır. Xatırladaq ki, adıçəkilən sənədlərdə heç bir status söhbəti yoxdur və «Dağlıq Qarabağ» münaqişə tərəfi kimi göstərilməyib. Onu da yada salaq ki, hazırda KTMT-yə müvəqqəti sədrliyi elə Ermənistan edir. Lakin aydındır ki, blokda həlledici söz sahibi Rusiyadır. General Sidorov da məhz Kremlin sözünü deyir. Ermənistan isə məlumdur ki, Rusiyanı və ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkəsini - ABŞ və Fransanı təzədən «Minsk prosesi»nə qaytarmağa çalışmaqla Qarabağ erməniləri üçün maksimum üstünlük əldə etməyə çalışır. Buna status cəhdləri də demək olar. Lakin həm Minsk qrupunun üzvləri, həm də beynəlxalq aləm Qarabağdakı vur-tut 25 mindən də az erməniyə status verilməsini ağlının ucundan belə keçirmir.
Burada bir məqamı da xatırlatmaq lazımdır ki, sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə götürən «France- 24» telekanalının müxbiri ona «Siz Qarabağa muxtariyyət verməyə hazırsınızmı» sualı ünvanlamışdı. Cənab Prezident isə ona belə bir cavab vermişdi: «Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman ”yox" deyirdilər - yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır». Göründüyü kimi, Azərbaycanın siyasi iradəsi ortadadır və Qarabağda heç bir statusdan söhbət gedə bilməz.
Bu gün Ermənistandakı iqtisadi və siyasi böhran ölkəni iflas həddinə çatdırıb. İndi nəinki Yerevan, hətta Xankəndi sürətlə boşalır. Bunu təkcə biz demirik. Hətta erməni şərhçilər özləri etiraf edirlər. Belə ki, erməni siyasi şərhçi Samvel Ohanesyan bildirib ki, Qarabağda yaşayan ermənilər demək olar ki, hər gün rus sülhməramlılarına yaxınlaşaraq köçmək üçün müraciət edirlər. Onlar Qarabağda yaşamaq istəmirlər. Ermənilər deyir ki, bu torpaqlarda onları zorla saxlayırlar: «Biz Qarabağda yaşayan ermənilərlə mütəmadi söhbətlər edirik. Onların sayı hər gün azalır. Hamı Qarabağı tərk etmək barədə düşünür. Bu, bizim üçün əsl faciədir. Elə çıxır ki, yaxın vaxtlarda Azərbaycan əsgəri bir güllə belə atmadan sakitcə Xankəndiyə yerləşəcək. Biz Bakıya heç bir söz də deyə bilməyəcəyik, çünki bölgədə olan sülhməramlılar da təsdiq edəcək ki, ermənilər bu torpaqlardan könüllü olaraq çıxıb. Bu faciənin birinci mərhələsidir. İkinci mərhələ bu insanların Qarabağdan çıxdıqdan sonra hara üz tutması olacaq. İnanın ki, onlar heç Ermənistanda belə yaşamaq, yerləşmək istəmirlər, Rusiyaya və yaxud Qərb ölkələrinə getməyə can atırlar.»