KÖŞƏ

Mahir Rəsuloğlu

Şəhidlərin əmanəti...

27 sentyabr 2021 22:58
1383

Qalib ölkə, müzəffər xalq!

Yenə bir il öncə olduğu kimi, ürəklər həyəcanla döyünür. Yenə “dəmir yumruq” kimi birik, birlikdəyik. Mövzu yenə Vətəndir!

O Vətən ki, bir il əvvəl olduğu kimi, ancaq bu dəfə bütöv, azad müqəddəs üçrəngli libasına bürünüb. Azadlığı uğrunda canından keçmiş, yarasına məlhəm olmuş qəhrəman övladlarının, fədailərinin ürəklərdə əbədiyaşar xatirəsini anır Vətən... Anım Günüdür axı – 27 sentyabrda başlamış, cəmi 44 günə möhtəşəm Qələbəmizlə bitmiş Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın anım günü!  

Dinindən, etiqadından asılı olmayaraq bu gözəlim məmləkətə Vətən deyərək çanını qurban vermiş şəhidlərimizin ruhuna hər kəs dua oxuyur, onların əziz xatirəsini ehtiramla yad edir. Milliyyətindən asılı olmayaraq bu gün doğma Vətənin vətəndaşı olan hər kəs qürurludur, hamı hüznlüdür. Ölkənin bütün dini məbədlərində – məscidlərdə, Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində,  Avropa Aşkenazi Yəhudi Sinaqoqunda, Müqəddəs Bakirə Məryəm katolik kilsəsində mərasimlər keçirilir, dini ayinlər icra olunur, dualar oxunur. Varmı dünyada hamının bir, mehriban yaşaya bildiyi, bir-birinin sevincinə sevindiyi, kədərinə kədərləndiyi ikinci belə bir ölkə?

Sən hələ xəbərin gözəlliyinə bax! 27 sentyabr – Anım Günü 30 ilə yaxın düşmən əsarətində qalmış Kəlbəcərin Vəng kəndindəki Xudavəng məbəd kompleksində, Ağdam Cümə məscidində, Laçındakı Ağoğlan məbədində, namus qalamız Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində qeyd edilir. Şükürlər olsun sənə, Allahım!

...Yenə həyəcan var ürəyimizdə, ancaq budəfəki həyəcan cəbhə bölgəsindən gələn Qələbə sevincli, şəhid hüznlü xəbərlərlə bağlı deyil. Bu həyəcan artıq qalib ölkənin məğrur vətəndaşı olmağın  yaratdığı həyəcandır.

Yenə nəfəsimizi tutub bir il əvvəlki kimi möhtəşəm Qələbimizin memarı, Müzəffər Ali Baş Komandanımızın bizə müraciətini dinləyirik. Həm xalqa, həm də bütün dünyaya münaqişənin hərbi-siyasi yolla həll edildiyini, müharibənin, Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını, qan tökərək, şəhidlər verərək, 300-dən çox şəhər və kəndimizi müharibə yoluyla işğaldan azad edərək Qələbəni məhz döyüş meydanında qazandığımızı bir daha bəyan edir. Bildirir ki, Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün təxribatlara sinə gərdi: "Bizi heç kim və heç nə dayandıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur.”

Yenə fəxrlə, fəxarətlə dinləyirik – ermənilərə, onların havadarlarına qalib sərkərdə hökmü ilə dərs verir. Başları əzilsə də, burunları ovulsa da gözü hələ də torpaqlarımızda qalanlara tarix dərsi keçir, Özünün yazdığı, bizim yazdığımız yeni tarixin dərsini: "Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır."

Nur üzlü şəhidlərimiz – rəşadəti, şücaəti, fədakarlığı artıq dastana çevrilmiş, qürur mənbəyimiz qəhrəman əsgər və zabitlərimiz anılır... Təskinliyimiz odur ki, qisasları alınıb və biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq! Və bir də əbədi olaraq, Qarabağ bizimdir!, Qarabağ Azərbaycandır!