KÖŞƏ

Mahir Rəsuloğlu

Dialoqa qoşulanlar və qoşulmaYANlar...

23 sentyabr 2021 21:57
1389

Künc zərbəsi

Milli maraqları heçə sayanların sonu da heç olacaq

Yeni siyasi konfiqurasiyanın qurulması, sağlam iqtidar-müxalifət dialoqu mühitinin yaradılması, siyasi partiyalarla işin yenidən təşkili  ölkədə dayanıqlı demokratik təsisatların təmin edilməsi istiqamətində atılmış çox mühüm addımlardır və milli həmrəyliyin daha da güclənməsini birbaşa şərtləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat və inkişaf konsepsiyasının növbəti mərhələsi olan siyasi dialoq və anlaşma zamanın tələbi olmaqla yanaşı, iqtidar-müxalifət münasibətlərini də yeni mərhələyə daşıyır. Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrləri ilə keçirilmiş çoxsaylı görüşlər, bu görüşlərin nəticələrinin təhlil olunması və irəli sürülmüş təkliflərin müzakirə edilərək dəyərləndirilməsi, müvafiq addımların atılması konkret nəticələr verməkdədir. Belə ki, prosesin başladıldığı il yarımdan az müddətdə 22 siyasi partiya üçün ofislər ayrılıb, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaların yerlə təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb və 25 siyasi partiyanın keçirilmiş qurultaylarının nəticələri dövlət qeydiyyatına alınıb. Habelə, müəyyən fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması təmin olunub. Keçirilən görüşlər zamanı “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi də müzakirə edilən mövzular sırasında olub və siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər də dəyərləndirilib.

Görünən odur ki, iqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə də yeni yanaşma müşahidə olunmaqdadır və ölkənin ictimai-siyasi həyatında daha yaxından iştiraklarının təmin edilməsi məqsədilə siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar. Daha bir mühüm göstərici müxtəlif siyasi qüvvələrin təmsil olunduğu altıncı çağırış Milli Məclisdə yeni demokratik mühitin formalaşması, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutmasıdır.

Azərbaycan bütün xarici təhdidlərə, siyasi təzyiqlərə rəğmən 30 ilə yaxın işğal altında olan torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlayan zaman ölkədə mövcud olan tolerantlıq mühitinin, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın azad yaşamaq hüququnun təmin edilməsinin taleyüklü məsələlərdə nə qədər mühüm önəm daşıdığını bir daha göstərdi. Xalq və millət olaraq hər kəs Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi, onun qətiyyətli, cəsarətli siyasətinin dəstəkçisinə çevrildi. Məhz bu siyasət nəticəsində yaranmış dövlət-vətəndaş cəmiyyəti birliyi bir sıra qüvvələrin mümkünsüz hesab etdiyi möhtəşəm Qələbəmizin vacib səbəblərindən biri oldu. İstər 44 günlük müharibə dövründə, istərsə də sonrakı günlərdə siyasi partiyaların mütləq əksəriyyəti xarici təhdidlərə qarşı birlik nümayiş etdirdi, 8 birgə bəyanat və 2 birgə müraciət imzalandı. Xüsusilə, Vətən müharibəsi zamanı bu həmrəylik bütün dünyaya Azərbaycan xalqının ümummilli məsələlərdə hər zaman birləşməyə hazır olduğunu bir daha göstərdi.

Siyasi partiyaların milli maraqlar naminə birlik nümayiş etdirə bilməsi, həmin maraqları təmin etmək üçün dövlətin yürütdüyü siyasətə dəstək verməsi əhəmiyyətli və təqdirəlayiq addımdır. Ancaq təəssüf ki, hətta ən kritik məqamlarda da şəxsi maraqlarını, ambisiyalarını milli maraqlardan üstün tutanlar tapıldı. Müxalifətçilik anlayışını radikallıqla, aldıqları sifariş əsasında dövlətə qara yaxmaq, onun beynəlxalq nüfuzunu ləkələməyə çalışmaqla qarışdıran, bəzən hətta açıq-aşkar düşmən mövqeyi sərgiləyən AXCP və Müsavat rəhbərliyi yuxarıda qeyd etdiyimiz birgə bəyanat və müraciətlərə imza atmadılar. Hətta iyunun 15-də - Milli Qurtuluş Günündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən erməni işğalından azad edilmiş Şuşa şəhərində imzalanmış, bütün bəndləri ilə ölkələrimizin gələcək inkişafının yol xəritəsi olan, təhlükəsizliyimizin təminatı baxımından mühüm əhəmiyyət kəsb edən, özündə tərəqqiyə, sülhə və sabitliyə çağırışı ehtiva edən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nə münasibət də fərqli olmadı. Ölkədə fəaliyyət göstərən 48 siyasi partiya bu Bəyannaməyə dəstək ifadə edən bəyanat imzaladı, ancaq AXCP və Müsavat Partiyasının adı yenə bu siyahıda yox idi. Bütün bunlardan sonra Əli Kərimlinin və Arif Hacılının ölkədə qurulmuş yeni siyasi konfiqurasiyadan, iqtidar-müxalifət dialoqundan kənarda qalmaları, digər həmkarları kimi müzakirələrə qoşulmamaları təəccüb doğururmu? Xeyr. O səbəbdən ki, bu, onların köhnə şakəri, xislətidir.

Dövlətimizə, millətimizə qarşı postmüharibə dövründə və hətta indinin özündə də mövcud xarici təhdidləri loyallaşdırmaq üçün birliyə ehtiyac olduğunu, dialoqun yeni siyasi imkanlara şərait yaratdığını bildirən, iqtidar tərəfindən yaradılmış mövcud durumu yüksək dəyərləndirən partiya liderləri gələcək inkişaf perspektivlərinin məhz siyasi dialoqdan keçdiyini, radikal müxalifətçiliyin elektoratın itirilməsi və siyasi arenadan silinmək kimi acı sonluqla bitə biləcəyini qeyd edirlər...