KÖŞƏ

Mahir Rəsuloğlu

Düzəlirsən, Paşinyan!..

17 sentyabr 2021 00:39
1748

Künc zərbəsi

Uşaq vaxtı yıxılıb bir yerimizi yaralayanda böyüklərimiz ağlamağa da qoymurdular bizi. Lağ edirdilər, milli kişi obrazının xarakterini nəzərdə tutaraq “kişi ağlamaz”, “erməni qan görəndə ağlayar” deyərdilər, göz yaşımız qeybə çəkilərdi, axan qanımız quruyardı. “Kişi” olmaq istəyərdik, erməni kimi görünmək istəməzdik. Çünki yaşı nisbətən böyük olanlarımız artıq bilir, az olanlarımızsa bilənlərdən öyrənirdik ki, bu deyilənlər həqiqətdir, ermənilər qan görəndə qorxub ağlayırlar. Üstəlik də bunu bizə erməniyə nifrət etməyimiz üçün demirdilər, əksinə yazığımız gəlirdi ermənilərə - həm bizim, həm böyüklərimizin. Ona görə deyirdilər ki özümüz olaq, balaca yaşda kişi olaq. O vaxtlar ermənilərin qorxaq olduğunu görə biləcək qədər yaxın yaşayırdıq onlarla...

...Qızılı günəşli, güllü-çiçəkli gözəl aprel günlərinin kefini çıxarmağa qoymadı rus dili müəllimim. Kəsdi başımın üstünü ki, “dahi rəhbər” Vladimir İliç Leninə həsr olunmuş şeiri əzbərləməlisən, Qarabağ (əvvəlki Dağlıq Qarabağ Muxtar Vilayəti) məktəbləri arasında keçirilən olimpiadada məktəbimizi rus dili fənnindən sən təmsil edəcəksən. Təmsil kimi müəllim idi, vallah. Utandığımdan deyə bilmədim ki, axı mən elə həmin Lenin haqqında hekayədə Maşa xala sözünü dərsin sonuna kimi vurğunu sonuncu hecaya salıb “maşa xala” deyən nəslin nümayəndəsiyəm, sən özün də “pojalyusta”nı “pojalüstə” kimi sırımısan bizə. Deyə bilmədim, şeiri əzbərləməyə çalışdım. Və bir gün bizi yığdılar kəndimizin sınıq-salxaq avtobusuna apardılar Ballıca kəndində yerləşən erməni məktəbinə. Tez getmişdik, bir həmin məktəbin erməni uşaqlarıydı, bir də biz. Elə mehriban qarşıladılar ki, bizi – gülümsəyib salamlaşan kim, “dost olaq” deyən kim. Hamısı da qırıq-qırıq Azərbaycan sözləriylə danışırdılar. Elə ki bir azdan digər erməni məktəblərindən də olimpiadada iştirak edəcək həmyaşıdlarımız gəldi, sayca bizi ustələdilər, dostluq da bitdi, mehribanlıq da. Bir yerə toplanıb öz dillərində nəsə danışıb bizi göstərirdilər, qəzəblə baxırdılar, nifrət püskürürdülər bizə tərəf. Çaşıb qaldım. Lenin haqqında şeiri deyəndə də. Hərdən təbiət, canlılar haqqında sənədli filmlərdə kaftarları izləyəndə həmin olimpiadanı xatırlayıram...

...Müharibənin get-gedə qızışdığı, kəndlərimizin bir-bir işğal altına düşdüyü vaxtlar idi. Rusların açıq-aşkar köməyini görsək də yenə ermənilərin “cəsarəti” təəccüblü gəlirdi bizə. Bir gün kəndimizin üstündən ötüb keçən vertolyot kiçik vərəqlər səpələdi başımıza. Üstündə yazılmışdı ki, boşaldın kəndi, biz buraları almışıq artıq. Elə o günlərdə hava telefonu ilə bizim rabitəmizə qoşulan ermənilər də Azərbaycan dilində “canıyananlıqla” xəbərdarlıq etməyə başladılar ki, ara, özünüzü havayı qırdırmayın, satıblar sizi... Bakıda Azərbaycan Xalq Cəbhəsi ilə Müsavatın hakimiyyətə gəldiyi, iqtidar davası aparan vaxtlarıydı...

...Ulduz görməyincə ölməyən ilan kimi erməninin də ağlının başına gəlməsi üçün “dəmir yumruq” enməliydi təpəsinə. Endi, özü də elə zərblə dəydi ki, dinozavr babasına qədər bütün nəsil-nəcabətini xatırladı, yaddaşı təzələndi. O filmlərdə olur ha, kiminsə başına nəsə düşür, kor gözləri açılır, yoxa çıxmış huşu-başı geri qayıdır, bax elə oldu deyəsən. Ermənilər sosial şəbəkələrdə söyüb “satqın”, “türk tulası” adlandırsalar da, Paşinyan tipik ermənidir – yaddaşı özünə qayıtmaqda olan erməni. Yavaş-yavaş xatırlayır ki, “2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanının sərhədlərinə çəkilib. Bu addım yeni hərbi qarşıdurmadan qaçmaq üçün atılıb”,  “Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya Sovet Ermənistanının ərazisindən çıxır (Azərbaycanın ərazisindən keçir). Məhz buna görə də məlum rayonlarda hamının gördüyü (“Diqqət! Siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!) lövhələri quraşdırılıb və dayaq məntəqəsi yaradılıb”, “2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranziti kimi istifadə edilməsinə dair razılıq əldə olunub. Razılaşmanın mətnində xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmadığından, ehtimal edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan istifadə edir”,  “Eyvazlı və Çayzəmi Azərbaycan toponimlərinin hökumət iclasında və mesajlarda işlədilməsi sadə bir səbəbdən edilir. Vətəndaşlara aydın olmalıdır ki, qeyd edilən məsələ Ermənistan Respublikası və ya Ermənistan Sovet Sosialist Respublikasının ərazisində deyil, bu ərazinin hüdudlarından kənardadır. Bununla bağlı hələ 2010-cu ildə Ermənistan Respublikasında hüquqi olaraq “İnzibati ərazi bölgüsü haqqında” qanun qəbul edilib”, “Ermənistan hökuməti regionda sülhün bərqərar olması üçün Türkiyədən dialoqun qurulması ilə bağlı gələn siqnalları müzakirə etməyə hazırdır”...

...Ermənistan hökuməti sentyabrın 20-si iş gününü sentyabrın 25-i ilə əvəzləyib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, sentyabrın 21-də İrəvandakı Respublika meydanında Ermənistan Respublikasının müstəqilliyinin elan olunmasının ildönümü münasibətilə genişmiqyaslı, təntənəli bayram keçirəcəklər...

Yavaş-yavaş düzəlirsən ha, Paşinyan!..