Zahid Rza |
BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümümi mübahisələr sessiyasında müzakirəyə çıxarılan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsinə beynəlxalq hüquq çərçivəsində qiymət verilməli, cinayətkar ciddi şəkildə cəzalandırılmalıdır.
Təcavüzkar Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində ağlasığmaz ekoloji terror törədib. Bu dövr ərzində işğalçı ölkə təbiətə qarşı da təcavüzkar davranıb. Ermənistanın törətdiyi ekoloji terror nəticəsində 10-dan çox qoruq və yasaqlıq, Azərbaycanın “Qırmızı Kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş olduqca qiymətli və nadir bitki və heyvan növləri, Azərbaycan və Qarabağ endemləri birdəfəlik məhv edilib. İşğala qədər Qarabağ və ətraf ərazilərdə mövcud olmuş 280 min hektardan çox (13200 hektarı qiymətli ağac növləri) meşə fondunun, o cümlədən Avropada yeganə çinar meşəsinin əksər hissəsi, yaşı 120 ildən 2600 ilədək olan yüzlərlə ən qiymətli ağac- təbiət abidələri vəhşicəsinə talan edilərək Ermənistana daşınıb. 28 il ərzində dinc insanların və təbiətin qənimi olan erməni işğalçıları tərəfindən Qarabağın flora və fauna aləminə, meşələrinə misli-bərabəri görünməmiş ziyan vurulub, kənd təsərrüfatı sistemi tam şəkildə yerlə-yeksan edilib. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək məhv olub. Bundan başqa, təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməkdədir. Təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 30 ilə yaxın həyata keçirdiyi ekoloji terrorun davamı olaraq çaylarımızı çirkləndirməkdə davam edir. Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Oxçuçayın zəhərli tullantılarla çirkləndirilməsi bunun əyani təsdiqidir. Belə ki, 30 ilə yaxın erməni işğalı dövrundə Vejnəli qızıl yatağının və digər faydalı qazıntıların emalı prosesində yaranan kimyəvi tullantıların Oxçuçaya axıdılması nəticəsində çayda kəskin ekoloji problem yaranıb. Bu çayın suyu hətta heyvanlar üçün belə zəhərli sayılır. Əslində Oxçuçayın həddindən artıq tullantılarla çirkləndirilməsi yalnız Zəngilan üçün deyil, Araz çayı və bütün Xəzəryanı dövlətlər üçün də ekoloji terrordur.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə aparılan monitorinqinin nəticələrinə görə, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Ancaq məsələ yalnız bununla bitmir. Belə ki, Oxçuçay Araz çayına töküldüyünə görə onun da çirklənməsi su ehtiyatlarının keyfiyyətinə mənfi təsir edir. Araz çayındakı suyun keyfiyyətinin ciddi dəyişikliyi onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi istiqamətində ağır fəsadlara gətirb çıxara bilər. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ermənistanın ekoloji terroru ilə bağlı müvafiq beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər öz müsbət nəticələrini verməkdədir. Belə ki, bu günlərdə Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutun (Global Institute for Water, Environment and Health, GIWEH) təşəbbüsü ilə Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi BMT-nin İnsan Hüquqları Şurasının 48-ci ümümi mübahisələr sessiyasında müzakirəyə çıxarılıb. Qurumun verdiyi bəyanatda deyilir ki, GIWEH bu addımla İnsan Hüquqları Şurasının və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən və Araz şayına tökülən Oxçuçayda yaranmış ekoloji təhlükələrə və kritik duruma cəlb etmək istəyir. Qeyd edilib ki, suyun çirkləndirilməsi, tullantıların idarə edilməsi bölgədə çox ciddi bir problemə çevrilir və beynəlxalq birlik çirklənmənin qarşısının alınması və bu isə nəzarət edilməsi mexanizmini hazırlamalıdır. GIWEH nəzərə çatdırıb ki, Rio Bəyannaməsinin ikinci prinsipində “digər dövlətlərin və ya ərazilərin milli yurisdiksiyasının hüdudlarından kənarda ətraf mühitə zərər verməmək” şərti ilə sahilboyu dövlətlərin su ehtiyatlarından istifadəyə dair hüquq və vəzifələrə sahib olduqları ifadə olunub.
Qurum beynəlxalq birliyi “İnkişaf hüquqlarına və heç bir əhəmiyyətli zərər verməmək Öhdəliyinə” əsaslanan sabit və ədalətli qərarlar hazırlanmasına yardım etməyə çağırıb.
Göründüyü kimi, təcavüzkar Ermənistan Azərbaycanın təbiətinə, biomüxtəlifliyinə, eləcə də bütün dünyanın canlı aləminə qarşı törətdiyi beynəlxalq səviyyəli cinayətkar əməllərinə görə tezliklə beynəlxlaq məhkəmə qarşısında cavab verəcək və məhşər ayağına çəkiləcək.