Mahir Rəsuloğlu |
Künc zərbəsi
Söyürlər, təhqir edirlər, döyürlər, öldürürlər bir-birilərini. Küçədə, səngərdə, ölkənin qanunverici orqanının binasında. Ermənistan haqq etdiyi böhranı yaşayır!
İşğalçılıq, qonşu dövlətlərə qarşı düşmənçilik siyasətinin acı nəticələri ölkədə demoqrafik balansı qadınların orduya cəlb edilməsi zərurəti yaradacaq qədər pozub. Azərbaycan əsgərinin “dəmir yumruğu” altında əzilmiş, məhv edilmiş Ermənistan ordusunda xidmət etməyə kişi çatışmır. İmkanı olan xidmətə yararlı kişilər bu ölkədən bir daha geri qayıtmamaq şərti ilə baş götürüb qaçır, ordu tör-töküntüsünün, silahlı birləşmələrin qalanları arasında isə təminat çatışmazlığı, ruh düşkünlüyü, xəstəliklərin yayılması ilə bərabər, daha da ciddi olan seksual zorakılıq problemi yaşanır. Bir neçə gün öncə, məhz bu səbəbdən Ermənistanın cənub-qərbində yerləşən hərbi hissələrdən birində gənc əsgər üç yoldaşını güllələyərək qətlə yetirmişdi. Qadınların say etibarilə kişilərdən get-gedə ciddiləşən fərqlə çox olmasını, daha dəqiq desək ölkədəki kişi problemini parlamentdəki çıxışında baş nazir Nikol Paşinyan da etiraf edib. Hökumətin beşillik fəaliyyət və inkişaf proqramını qanunverici orqana təqdim edərkən Paşinyan orduda nəzərdə tutulan islahatlar haqqında danışıb və bildirib ki, qadınlar daha geniş miqyasda silahlı qüvvələrin döyüş bölmələrində xidmətə cəlb olunmalıdırlar. Baş nazirin sözlərinə görə, bunu Ermənistanın demoqrafik vəziyyəti tələb edir, çünki statistikaya əsasən, ölkə əhalisinin böyük hissəsi qadınlardan ibarətdir: “Bu, o demək deyil ki, orduda kişi olduğu qədər də qadın olmalıdır. Sözüm mövcud potensialın mümkün qədər səmərəli istifadə edilməsi barədədir və bu potensial hələ aşkar edilməlidir." Paşinyanın bu sözlərində bir məqam diqqəti çəkir – demək, vəziyyət “orduda kişi olduğu qədər də qadın olmasına ehtiyac var”, yaxud “orduda xidmətə cəlb etmək üçün kişilər tələb olunandan təxminən iki dəfə azdır” qədər kritikdir.
Yeri gəlmişkən, Ermənistan baş nazirinin parlamentə təqdim etdiyi beşillik inkişaf planının müzakirələri əsl ermənisayaq aparılır. Həm iqtidar, həm də müxalifət düşərgələrini təmsil edən deputatların çıxışları zamanı qarşılıqlı ittihamlar, hətta söyüş və təhqirlər səbəbindən 2 gündə 3 dəfə iclas dayandırılıb, parlamentdən canlı yayım kəsilib, xüsusi mühafizə qüvvələrinin əsgərləri zala daxil olaraq davanı sakitləşdirmək məcburiyyətində qalıblar. Deputatların bir-birilərini ən ağır şəkildə təhqir etmələri, kişili-qadınlı “yağlı” söyüşlər söymələri, havada uçuşan su butulkaları, təpik və yumruqlar dünyanın bir sıra kütləvi informasiya vasitələri ilə yayımlanaraq, bu ölkəni gülüş hədəfinə çevirib. Qarşılıqlı ittihamlar isə əsasən “korrupsiya”, “vətən xainliyi”,“satqınçılıq”la bağlıdır. Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvləri özlərindən əvvəlki iqtidarları korrupsiyada, orduya ayrılmış pulları mənimsəməkdə, “vətən xaini” olmaqda, hər iki müxalifət fraksiyası – “Hayastan” və “Şərəfim var”ı təmsil edən deputatlar isə İkinci Qarabağ müharibəsində üzləşdikləri rüsvayçı məğlubiyyətə görə Paşinyanı və komandasını “satqınçılıqda” ittiham edirlər. Müzakirələr müddətində Ermənistan baş naziri şəxsən dəfələrlə tənqid və təhqiramiz ifadələrlə üzləşməli olub və buna görə iclaslarda fasilələr yaranıb.
Deyəsən, ermənilər hələ çox belə fasilələrlə üzləşməli olacaqlar. Çünki parlamentdə yaşanmış olaylardan sonra müxalifət fraksiyaları hökumətin növbəti 5 il üçün nəzərdə tutulan fəaliyyət proqramının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etməyəcəklər. “Sputnik Armenia”yanın məlumatına görə, həm “Hayastan”, həm də “Şərəfim var” fraksiyaları analoji qərar qəbul ediblər. Müxaliflərin “Hayastan” fraksiyasının rəhbəri, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın parlamentdəki çıxışından sonra bu addımın atılmasına qərar verdikləri bildirilir. Müxalifəti təmsil edən deputatlar, həmçinin Nikol Paşinyanın yekun nitqini boykot edəcəklərini də bildirmişdilər, ancaq erməni baş nazir dünən parlamentdə təqdim etdiyi proqramla bağlı son çıxışını edib...
Göründüyü kimi, Ermənistanda vəziyyət “ruscadır”, elə sözün hər iki mənasında. Və nə qədər ki, bu ölkənin hakimiyyəti özündə bütün bölgənin, o cümlədən erməni xalqının gələcəyi naminə sülh və tərəqqi üçün yaranmış imkana qarşılıq vermək cəsarəti tapmayacaq, hələ çox kişisiz qalıb, çox dalaşacaqlar!
P.S. Ermənistanın baş nazirində “xəstəlikdən ayazımağın” ilk simptomları özünü göstərir deyəsən. Dünənki çıxışında Paşinyan Azərbaycanın Ermənistanla anklav olan iki kəndini ermənicə "Karmakar" və "Şurnux" kimi deyil, əsl adları ilə "Eyvazlı" və "Çayzəmi" adlandırıb.