Mahir Rəsuloğlu |
Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olan həmkarlarımız - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və AzTV-nin operatoru Sirac Abışovun xatirəsinə
İstiqamət Susuzluq kəndi. Ada bax, Allah eşqinə, susadır insanı, içini yandırır elə bil, buz kimi bulaq suyuna təşnə olur ürək! Elə bu yoldamı qırılmalıydı haqq yolçuluğu? Elə burdanmı başlamalıydı haqq yolçuluğu?!
Evdən çıxanda hansı arzuları özlərinə yük eləmişdilər bilmirəm, heç birimiz bilməyəcəyik də, ancaq dəqiq kimsə qayıdanda Kəlbəcərdən su gətirmələrini tapşırmışdı Siracla Məhərrəmə. O müqəddəs yerlərin həsrətliləri gedib qayıdanlardan su istəyir, bir də üstünü qoxlayır Vətənin havası hopub deyə! Dəqiq sevincliydi hər ikisi, illər sonra əsarətdən qurtulan anasına qovuşacaq bala kimi, oğul kimi. Dəqiq həm də qürurluydular canıyla, qanıyla Vətən savaşı vermiş, zəfər çalmış Qəhrəman xalqın övladı kimi!
Bilənlər bilir, jurnalist olmaq həm də savaşçı olmaqdır, haqq uğrunda döyüşməyi bacarmaqdır. Bitmiş müharibənin qalib nümayəndələri yenə savaşmağa gedirdilər. Bu dəfə özləri rədd edilmiş, yerində minalara çevrilib ölüm saçan kinləri, dağıdılmış evlərə, məhv edilmiş tariximizə, kəsilmiş ağaclara çevrilmiş nifrətləri qalmış düşməndən azad edilən Kəlbəcərin, bütün o gözəl, müqəddəs torpaqlarımızın haqqı üçün savaşmağa! Yəqin bir, bəlkə bir neçə silsilə reportajlar hazırlayıb dünyaya çatdırmaq istəyəcəkdilər erməni vandallarının törətdiklərini, yenə törətmək istədiklərini...
Elə bir bacardılar ki! Elə bir çatdırdılar ki!
Yalnız bu qədər çatdırmaq olardı haqqı! Yalnız bu qədər çatmaq olardı haqqa!
Şəhadətin mübarək, Sirac! Şəhadətin mübarək, Məhərrəm!