KÖŞƏ

Günel Eyyubova

Ermənistanda dərin siyasi böhran davam edir

28 aprel 2021 21:26
2737

Ermənistanda bütün siyasi qüvvələr İkinci Qarabağ müharibəsindəki  məğlubiyyətin günahkarını axtarır, tərəflər məsuliyyəti bir-birinin boynuna atır, hakimiyyət nümayəndələrini satqınlıqda ittiham edir. Hətta ideoloji baxımdan yaxın olan Ter-Petrosyanla Paşinyan belə qarşılıqlı ittihamlar səsləndirirlər. “Qonşumuzun” bütün sahələrdə vəziyyəti ürəkaçan deyil desək, yanılmış olmarıq. Düzdür, ümumilikdə bütün ölkələr COVID-19-a görə müəyyən çətinlərlə üzləşsələr də, lakin Ermənistanın gərginliyi təkcə koronavirusla mübarizə şəraitində deyil, həm də məğlubiyyət səbəbindən çökmüş vəziyyətdədir. Əlbəttə, ölkənin bəhs edilən halı həm də siyasi böhrandan təsirlənir.

Mono etnik dövlətin nümayəndələrinin, ermənilərin bir digər “təsirləndikləri” məqam işğaldan azad etdiyimiz torpaqlarımızda “Azərbaycana xoş gəlmisiniz!”yazılmış lövhələrdir. Bir müddət əvvəl BBC-nin Rusiya müxbirlərinin verdiyi xəbərdə deyilirdi ki,  ermənilər sərhəd xəttinin necə dəyişdiyini, hara gedib, hara  getməməkləri haqqında Ermənistan hökumətindən deyil, sülhməramlılardan informasiya alırlar. Xəbərdə belə bir cümlə də diqqətimizi çəkirdi: “Azərbaycanlılar nəyə nail olmaq istədiklərini dəqiq bilirlər və hər bir əraziyə görə sonuna qədər mübahisə edirlər, erməni tərəfdə isə bu cür hazırlıq hiss olunmur”. Bu fikirləri BBC-nin müxbirinə Azərbaycan-Ermənistan sərhəddində dayanan rus sülhməramlısı demişdi. Demək ki, azərbaycanlıların, Azərbaycan hökumətinin qətiyyətli və prinsipial mövqeyi,  inandığı, doğruluğuna əmin olduğu məsələnin sonuna qədər getməyi və nəticədə uğur qazanmağı hər kəsə, hər ölkəyə məlumdur.

Hal-hazırda Ermənistandakı vəziyyət düzgün qiymətləndirilərsə, özlərinin layiq olduqları kimidir. Belə ki, Paşinyan daha əvvəl Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etmişdi. O bildirmişdi ki, parlamentin buraxılması mexanizmini işə salmaq üçün apreldə rəsmən istefaya gedəcək, lakin seçkilərə qədər hökumətə rəhbərlik edəcək. Bir neçə gün əvvəl Nikol “Facebook” səhifəsindən erməni xalqına videomüraciət edərək istefa verdiyini açıqladı. “İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gün vəzifəmdən istefa verirəm”, - o deyib.

“armeniatoday” saytı yazır ki, “Çiçəklənən Ermənistan” müxalifət fraksiyasından olan millət vəkili Mikael Melkumyan aprelin 27-də jurnalistlərə açıqlama verərkən bildirib ki, Ermənistandakı dərin və total böhranı həll etməyin yeganə yolu erkən parlament seçkilərinin keçirilməsidir.  Onlar hesab edirlər ki, yeni seçkilərin keçirilməsi Ermənistanı böhrandan çıxaracaq. M. Melkumyan daha sonra söyləyib ki, son 15 ildə parlamentdə davamlı olaraq ikinci siyasi qüvvə olaraq iştirak edən bir partiyanın seçkilərə öz proqramı və komandası ilə qatılması vacibdir. “Seçkini qazanmaq üçün sandıqlara gedirik və qazanacağımıza inanıram” deyən erməni deputat Melkumyan, hazırda ölkədə obyektiv ilkin şərtlərin meydana gəldiyini qeyd edib.  Melkumyan qalib gələcəkləri təqdirdə Ermənistanı çiçəkli gələcəyin gözlədiyi vədini verib. O deyib: “Son üç ildə ölkəni bu vəziyyətə gətirən qatardan düşmək və yeni iqtisadi siyasətlə hamımızı xəyallar ölkəsinə, təhlükəsiz və etibarlı Ermənistana aparacaq başqa bir qatara keçmək lazımdır, bunun sayəsində bu çuxurdan çıxmaq mümkün olacaq”.  Onun sözlərinə görə, əldə olunmuş razılığa əsasən, fraksiya 3 may tarixində keçirilən fövqəladə iclasda baş nazir namizədini irəli sürməyəcək, “Çiçəklənən Ermənistan” partiyası heç bir blokda iştirak etmədən seçkilərə təkbaşına gedəcək.