Zahid Rza |
Azərbaycan 44 günlük müharibədə işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq kaputulyasiya sənədini imzalamağa məcbur etdi. Ölkəmiz həmçinin öz gücü, qüdrəti ilə əldə etdiyi tarixi Qələbə ilə regionda yeni reallıqlar yaratdı. Məğlub Ermənistanın yeni reallıqlarla barışmaqdan və hesablaşmaqdan başqa yolu olmasa da, hələ də bu ölkə yeni çağırışlara adekvat cavab verəcək addımlar atmaqdan imtina edir. Şübhəsiz, bir dövlət kimi var olması üçün Ermənistan bu yanlış mövqedən imtina etməlidir. Həmçinin bu məsələlərlə bağlı səhv, düşünülməmiş mövqe sərgiləyərək Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına, beləliklə də regionda təhlükəsizlik və əməkdaşlığın bərqərar olmasına mane olmağa cəhd edən qüvvələr öz səhv siyasətlərində, həmçinin beynəlxalq təşkilatlardakı fəaliyyətlərində korrektə etməlidirlər.
Bu, bir həqiqətdir ki, işğalçı dövlət regionda uzunmüddətli sülhə və təhlükəsizliyə nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edən, 2020-ci il noyabrın 10-da Rusiya Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozur. İşğalçı ölkə hələ də kommunikasiyaların açılmasını ləngidir, minalanmış ərazilərin xəritəsini Azərbaycana vermir, ölkəmizin beynəlxalq aləmdə tanınmış ərazisinə gizli şəkildə hərbçilər, daha doğrusu, terrorçular göndərir. Noyabrın 26-da, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan tərkibi 60 nəfərdən çox olan dəstələr Laçın dəhlizi vasitəsi ilə Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilərə göndərilib. Bu təxribatçı dəstə Azərbaycan hərbçilərinə və dinc əhaliyə qarşı terror aktları törədiblər. Bu təxribat qrupu Azərbaycanın azad edilmiş ərazilərində aparılan antiterror əməliyyatları nəticəsində zərərsizləşdirilib. Ermənistan isə onları “hərbi əsir” kimi təqdim etməyə cəhd göstərir. İşğalçı ölkənin “əsirlər” məsələsinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyinə salmaq üçün dəridən-qabıqdan çıxması bunun əyani təsdiqidir.
Təbii ki, burada müharibə əsirlərindən söhbət gedə bilməz. Bu erməni təxribat qrupu Azərbaycan Ordusu və mülki əhaliyə qarşı terror fəaliyyəti təşkil etmək məqsədilə azad edilmiş ərazilərimizə qanunsuz olaraq yerləşdirilib, hərbçilərimizi və dinc insanları qətlə yetiriblər. Onlar törətdikləri cinayətkar əməllərinə görə Azərbaycanın qanunvericiliyinə uyğun olaraq öz cəzalarını alacaqlar.
Ermənistan rəsmilərinin Azərbaycanın Qarabağ bölgəsinə səfərləri, burada separatçı qurumun nümayəndələri ilə görüşlər keçirərək nələrəsə imza atmaları kimi manipulyativ hərəkətləri bir daha sübut edir ki, ermənilər Azərbaycana qarşı düşmənçilik mövqelərindən hələ də əl çəkə bilmirlər. Şübhəsiz, bütün bunlar isə Qarabağdakı separatçıların qanunsuz əməlləri davam etdirməsinə rəvac verir. Belə ki, verilən məlumatlara görə, separatçı ermənilər Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasına aid olan yollarda “yeni nəzarət məntəqələri” yaratmaq niyyətinə düşüblər. Özünü “Qarabağ polisi”nin rəisi kimi təqdim edən separatçı Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin Xankəndi-Şuşakənd nəzarət-keçid məntəqəsində olub. Bundan əvvəl isə rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək Xankəndiyə qayıdan və separatçı fəaliyyətlərini davam etdirən qondarma “daxili işlər naziri” Karen Sarkisyanın əmri ilə Şuşakənd-Dağyurd-Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib.
Təbii ki, təcavüzkar Ermənistanın birbaşa dəstəyi ilə həyata keçirilən bu separatçı fəaliyyət 2020-ci il 10 noyabr Bəyanatına, eləcə də hərbi əməliyyatların dayandırılmasından sonra regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması istiqamətində atılan addımlara ziddir. Bütün bunları 44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanın kapitulyasiya sənədinə imza atan və bütün bunlarla bağlı üzərinə öhdəliklər götürən hökuməti dərindən dərk etməlidir. Bu ölkənin rəhbərliyi anlamalıdır ki, götürülən öhdəliklərin pozulması təxribat kimi qiymətləndirilir. Təxribatın, pozuculuğun isə cəzası çox ağır olur. Ona görə də Ermənistanın hazırkı rəhbərliyi yeni reallıqları qəbul edərək seçkiqabağı daxili auditoriyaya hesablanmış bu cür populist əməllərdən, əsassız iddialardan əl çəkməli, rasional düşüncə nümayiş etdirərək 10 noyabr Bəyanatının şərtlərinin icrasına əngəl olmamalıdır. Ermənistan və onların havadarları, eləcə də AŞPA-dakı lobbiçiləri birdəfəlik anlamalıdırlar ki, hazırkı vəziyyətdə yalnız onların düşünülmüş və məntiqi addımları regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olmasına böyük töhfələr verər. Əks təqdirdə, regionda yenidən alovlanan gərginlik Ermənistanın bir dövlət kimi varlığını sual altında qoyar…