KÖŞƏ

Günel Eyyubova

Mart soyqırımı tarixin ən dəhşətli cinayətidir

30 mart 2021 22:56
2240

Ermənilər 1918-ci il  martın 31-dən başlayaraq beş gün ərzində qadın, qoca, uşaq demədən azərbaycanlıları ən vəhşi üsullarla qətlə yetirərək soyqırım törətdilər. Rəsmi sənədlərdə öldürülənlərin sayının 25 mindən çox olduğu göstərilir.

Qafqazın ən böyük sənaye mərkəzlərindən birinə çevrilən Bakı zəngin neft yataqları ilə getdikcə daha böyük beynəlxalq əhəmiyyət kəsb edirdi. Bu da Azərbaycanın düşmənlərini hərəkətə keçməyə təşviq edirdi. Bütün planlar hazırlanmışdı, sadəcə “münasib” zamanı gözləmək lazım idi.  Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi bolşevik-daşnak qruplarını daha da yaxınlaşdırmışdı.

Bolşevik-daşnak koalisiyası hazırladığı təxribatları həyata keçirdi... Martın 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara atəş açdılar və soyqırıma başladılar. 1918-ci ildə bolşevik qoşunları və silahlı erməni dəstələri türk-müsəlman əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.

Bakı hadisələrinə şahidlik edən  Kulner soyadlı bir alman gördüklərini belə təsvir edirdi: “Ermənilər müsəlman məhəllələrinə hücum edərək hər kəsi öldürdü, qılıncla parçaladı, süngü ilə dəlik-deşik etdi.  Qırğından bir neçə gün sonra 87 azərbaycanlının cəsədi çuxurdan çıxarıldı. Cəsədlərin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, bəzi orqanları doğranmışdı. Uşaqlara mərhəmət etməyən ermənilər, qocaları da xüsusi amansızlıqla qətlə yetirmişdilər ”.

Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Fövqəladə İstintaq Komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: “Nikolay (indiki İstiqlaliyyət) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini “Dağıstan” mehmanxanasının alovu içinə atmışlar”...

1918-ci ildə ermənilər Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Bakının digər yerlərdə mülki şəxslərə qarşı soyqırım törədərək - yüz minlərlə insanı öldürərək kəndləri yandırdılar, tarixi abidələri dağıtdılar. Azərbaycanda ermənilər 1918-ci il 31 martdan etibarən beş gün ərzində qadın, qoca, uşaq demədən öldürərək soyqırım törətdilər. Rəsmi sənədlərdə 5 gün ərzində öldürülənlərin sayının 25 mindən çox olduğu göstərilir.

Soyqırıma məruz qalan azərbaycanlılar martın 31-də müqaviməti dayandırdılar. Lakin erməni daşnak birləşmələri soyqırımı aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdilər.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.