KÖŞƏ

Günel Eyyubova

Ermənilərin havası tutulub, açılmır ki açılmır…

29 mart 2021 23:27
2116

Sosial gərginliyin davam etdiyi Ermənistanda sadə vətəndaşlar hökumətə sual ünvanlayıblar ki, nə vaxt sülh şəraitində yaşaya biləcəklər? Bu ritorik sualdır, əlbəttə. Sülh və Ermənistan kəlmələri eyni cümlədə işlənəndə belə insana qəribə təsir bağışlayır. Ermənilərin nə qədər “sülhsevər” olduqlarını bir faktla sübut edirik. Belə ki, “sülhsevər” ermənilərə 208 milyon dollar vəsait lazımdır ki, dağıdıb viranəyə çevirdikləri Azərbaycan ərazilərində qayıdıb yaşaya bilsinlər. Bu məbləğin də 50 faizindən artığını ümumerməni fondu olan “Hayastan” dilənib-dolanıb verəcək, yerdə qalan məbləği isə Ermənistan hökuməti ayıracaq.

Allah hər kəsə ürəyinə görür verir. Ona görə də Ermənistana baş nazir olaraq Nikolu verib. Erməni müxaliflər bu dəqiqə Paşinyanı qoyun dərisinə girmiş qurd kimi görürlər. Xatırlayırsınızsa, bir müddət öncə Ermənistan prezidenti “Çiçəklənən Ermənistan ” fraksiyasının liderini qəbul etmişdi. Ermənistan  KİV-nin məlumatına görə, görüşdə ölkədəki mövcud vəziyyət və onun həlli yolları, daxili siyasi böhrandan çıxmaq üçün variantlar müzakirə edilmişdi. Bu çərçivədə vəziyyətdən çıxış yolu olaraq siyasi qüvvələr arasındakı dialoqun və erkən seçkilərin keçirilməsinin vacibliyi vurğulanmışdı. Əvvəllər baş nazir Nikol Paşinyan kapitulyasiyaya getdiyinə görə xalqından özünə hörmət umurdu. Görmədiyinə görə də küsüb və deyib ki, əl çəkin istefa verəcəyəm. 

Rusiyanın “Ria Novosti” agentliyi xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Armavir bölgəsinin sakinləri ilə görüşündə aprel ayında erkən parlament seçkiləri üçün rəsmi olaraq istefa verəcəyini söyləyib. Lakin o, seçkinin keçirilməsinə qədər baş nazir səlahiyyətlərini icra edəcəyini söyləyib. N. Paşinyan bildirib: “Əgər mandatımı təsdiqləsəniz mən və komandamız sizə əvvəlkindən daha yaxşı xidmət etməyə davam edəcəyik. Təsdiqləməsəniz, təvazökarlıqla hakimiyyəti seçdiyiniz şəxsə verəcəyik”.

Lakin ölkənin siyasi şərhçiləri və müxalifləri bu sözləri heç də təvazökar fikir kimi qiymətləndirmirlər. Onlar da düşünürlər ki, necə deyərlər, qapan it dişini göstərməz. Təvazökarlıq odur ki, postu qoy, get…

Siyasi analitik Qagik Qambaryan “Facebook” səhifəsində erməni baş nazirinin videosunu yayımlayaraq: “Qorxaq avtomobilin gövdəsi üzərində dayanaraq çıxış edir və ehtimal edir ki, təhlükə olduğu təqdirdə avtomobil onu tez bir zamanda təhlükəsiz yerə aparacaq. Xain Nikol insanları aldatmağa davam edir. Satqın bir daha seçki kampaniyasını xalqla sözdə “görüşlər” arxasında gizlədir. O, əsl xalqla görüşməyib. Orada iştirak edənlər onun pərəstişkarları idilər”.

Nikol Paşinyanı məğlub olmalarında səbəbkar görən siyasi analitik daha sonra yazır: “Kaş ki, əclaf, xain müharibənin dördüncü günü, məğlub olduğumuzu biləndə,  19 oktyabrda Putinin təklifini qəbul edər, döyüş əməliyyatlarını dayandırardı. O zaman bu qədər insan ölməz və belə ərazi itkiləri olmazdı. Açıqca insanları aldadır və öz xəyanətini gizlətməyə çalışan manipulyasiyalarla məşğuldur”. Yəni, deyirlər ki, Paşinyan, bu gün edə biləcəyin işi sabaha saxlama.