KÖŞƏ

Günel Eyyubova

Qisası qiyamətə qoymadıq

18 mart 2021 17:47
2643

44 günlük müharibə Azərbaycanın tam Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq Ermənistan ordusu adında heç nə qalmamışdı. Vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, silah-sursatı qoyub qaçan, başıpozuq ermənilər məğlub oldular. 30 il ərzində əldə etmək istədiklərinin heç birinə nail olmayan Ermənistana müzəffər ordumuz öz layiqli yerini göstərdi. 

Əslində dünya çoxdan Ermənistan tərəfindən işğal olunan ərazilərin əzəli Azərbaycan torpaqları olduğunu bilirdi. Sadəcə erməni diaspor təşkilatları saxtalaşdırılmış məlumatlarla, “faktlarla” ictimaiyyətin fikrini yayındırmağa çalışırdı. Erməni xislətinin, yalanlarının qarşısını almaq üçün Azərbaycan tərəfindən artıq uzun illər idi ki, sistemli və məqsədyönlü şəkildə böyük işlər görülürdü.

Prezident, Ali Baş Komandan İlham Əliyev son 17 il beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışlarında Azərbaycanla, Qarabağla bağlı həqiqətləri dünyaya çatdırırdı. Yüksək intellektli, savadlı Azərbaycan gəncliyi də öz növbəsində sosial şəbəkələr vasitəsilə tarixi faktlarla, sənədlərlə dünyaya həqiqətləri çatdıraraq ictimai rəyi haqqın xeyrinə dəyişirdi. Hətta Vətən müharibəsi ərəfəsində vaxtilə işğalçıları müdafiə etdiyinə görə Azərbaycandan üzr istəyən, “məzlum erməniləri məhv etdiyimizə görə” bizi qınayanlar belə yazdıqları “post”ları sildilər, azərbaycanlılardan üzr istədilər. Müharibənin gedişində müxtəlif ölkələrdən hadisələri yaxından izləyən, obyektiv şəkildə faktları qiymətləndirən politoloqlar, alimlər, tarixçilər, siyasi xadimlər Azərbaycanın ədalətli mövqeyini müdafiə etdi. Dəlil-sübutlarla göstərildi ki, ermənilər Cənubi Qafqaza etnik tərkibi dəyişmək üçün sonradan köçürülüblər. Heç bir tarixi sənəddə, XIX əsrin əvvəllərinə qədər bağlanmış müqavilələrdə ermənilərin adları belə yoxdur.

Müharibənin 45-ci günündə -10 noyabrda bütün dünya azərbaycanlıları Qələbə sevincini yaşadı, Müzəffər Azərbaycan Ordusu qalib gəldi. Düşmən məğlub oldu, məzlum oldu,  diz çökdü, imdad dilədi. Gizləndi, qorxdu, qaçdı, kapitulyasiya sənədini imzaladı. Biz qalib ölkəyik, Qarabağımızı - Böyük Bağımızı xilas etdik, bizə aid olan torpaqlarımızı mənfur düşmənin işğalından qurtardıq. Qisası qiyamətə qoymadıq, bu yükü saxlamadıq gələcək nəsillərimizin öhdəsinə buraxmadıq!