KÖŞƏ

Günel Eyyubova

Xaotik vəziyyət Ermənistanı hara aparır?

04 mart 2021 17:53
2144

Həmişə “böyük qardaş”larından imdad diləyən “kiçik qardaş” bu gün öz ümidinə qalıb

İnsan övladı gün işığında yaşamaq üçün proqramlanıb. Günəş planetimizdə parlasa da “gün” üzü görməyənlər var. Alman sosioloq, psixoanalitik Erik Fromma görə bütün pisliklərin, savaşların kökündə yaşanmamış həyatlar dayanır. 44 günlük Vətən müharibəsi davam edərkən Ermənistan hakimiyyət nümayəndələri arasında bir gülərüz, simasi nurlu adam gördünüzmü? Görmədiniz! Demək, insanlar yaşamadıqları həyatın acısını dünyadan və başqalarından çıxarırlar. Doğruymuş...

Müharibədən gözlənilən məğlubiyyətlə çıxan Ermənistanda emosional şok yaşandı. Çünki elə müharibə gedən ərəfələrdə sorğularda iştirak edən erməni respondentlərin söylədiklərindən aydın olurdu ki, aldadılırlar. Düzdür, “qardaşları” Semyon Peqovun müharibə meydanından “operativ” reportajlarının  da bu işdə rolu az olmadı...

Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın timsalında Paşinyanın komandasının sabiq üzvləri “Vətən” yeni müxalifət partiyası formalaşdırdı. Yeni müxalifət N.Paşinyanın Ermənistanı uçurama apardığını car çəkərək, istefasını tələb edirlər.

Erməni müxalifətinin lideri Vazgen Manukyanın erməni KİV-nə verdiyi məlumata görə, onlar martın 6-da parlamentin önündə genişmiqyaslı mitinq keçirməyi  planlaşdırıblar. Xatırladaq ki, hazırki hakimiyyətə qarşı çıxışlar 9 noyabrdan sonra başlanılıb.

Martın 3-də Ermənistan Ombudsmanı Arman Tatoyan Parlament binası qarşısında təhlükəsizliyi təmin etmək üçün görülən tədbirləri tənqid edib. A.Tatoyanın etirazına səbəb olan məqam isə səsbombası və evlərin damlarına snayperlərin quraşdırılması olub.  Ombudsman deyib ki, təhlükəsizlik tədbirləri insanlarda qorxu yaratmamalıdır. Yəqin ki, keçmiş əsrlərin travmaları ermənilərdə elə ciddi psixoloji izlər yaradıb ki, özləri də nə qədər aqressiv toplum olduqlarının fərqindədirlər.

Etnik millətçilik və torpaq iddiaları Ermənistanı bir dövlət kimi məhv etdi. İqtisadi və sosial çətinliklər, etirazlar içində qıvranan Ermənistan köməksiz qalıb.  “RİA Novosti”nin yazdığına görə, “Danışır Moskva”nın efirində Rusiyanın Ermənistandakı hadisələrlə bağlı mövqeyi barədə sualı cavablayarkən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Ermənistanın daxili işlərinə qarışmır. Yəni həmişə “böyük qardaş”larından imdad diləyən “kiçik qardaş” bu gün öz ümidinə qalıb.

Özlərini yazıq, məzlum, təklənən millət kimi dünyaya təqdim edən Ermənistanı indi daha “yaxşı” tanıyacaqlar. ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan 2021-ci il üçün Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyasının hesabatında deyilir: “Ermənistan Rusiyaya və Avropaya narkotik daşınmasında tranzit ölkədir”.

Heç İkinci Qarabağ müharibəsindən əvvəl də Ermənistanda iqtisadi, siyasi, sosial vəziyyət qənaətbəxş deyildi. Ermənistanda hakimiyyətə gələn Qərbmeyilli baş naziri Nikol Paşinyan və onun təmsil etdiyi siyasi qüvvə güman etdilər ki, ABŞ-dan və Qərb ölkələrindən pullar axacaq. Acınacaqlı hal odur ki,  vaxtilə nəinki sabiqlər,  o vaxt vəzifədə olan rəsmilər belə Ermənistanın  siyasi, iqtisadi, diplomatik fəlakətin astanasında olduğunu etiraf edirdilər, çıxış yolunu yığdıqları  vəsaitləri xarici ölkələrə daşımaqla özlərinin gələcəklərinin təminatında görürdülər. İllər əvvəl riyakarlıqla erməni xalqının maraqlarını  “qoruduqlarını” bəyan etməklə sadə erməniləri küçə mitinqlərindən yayındırmağa  çalışsalar da bu gün artıq açılıb sandıq, tökülüb pambıq.

Başqalarının çaldığı havaya,  sümüyünə düşdü-düşmədi, şabaş xatirinə oynayan Ermənistan sonda elə apardığı separatçılıq siyasətinin qurbanı oldu. Bir vaxt açdığı qapılar vaxt gəldi üzünə əbədilik bağlandı.