Elçin Zaman |
İşğalçı ölkə məğlubiyyətini sığortalamaq üçün Azərbaycanla bərabər, qardaş Türkiyə və dost İsraili də hədəf alıb
Azərbaycan Ordusu müzəffər yürüşünü davam etdirir. Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatdan sonra başlanan ikinci Qarabağ müharibəsi praktik şəkildə təsdiq etdi ki, Azərbaycan hərb meydanında ən xırda detalına qədər böyük üstünlüyə malikdir. Hazırda cəbhə xəttinin bütün istiqamətlərində düşməni qovan ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Cəmi bir ay müddətinə Azərbaycan Ordusu 200-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. O cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Ağbənd, Mincivan qəsəbələrində, milli kimliyimizin rəmzlərindən olan Xudafərin körpüsündə 27 ildən sonra Azərbaycan bayrağı dalğalanmağa başladı. Murov dağında və cəbhənin digər istiqamətlərində strateji yüksəkliklər ordumuzun nəzarəti altındadır. Hər ötən gün ərzində cəbhənin bütün istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, tankları, PDM-ləri, müxtəlif atəş sistemləri və texnikaları məhv edilərək sıradan çıxarılır.
Bu günlərdə gücünü praktik şəkildə göstərən ordumuzun uğurlarının səbəbi Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarəti altında respublikamızda həyata keçirilən ordu quruculuğudur. Ötən 17 ildə respublikamızda ordunun daha da gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görülüb. Cənab İlham Əliyevin ordu quruculuğunun ən önəmli mərhələsi müasir döyüşlərin aparılmasına imkan verən hərbi texnikanın silahlı qüvvələrimizin arsenalına daxil edilməsidir. Son onilliklərdə bütün dünyada həyatın hər bir sahəsində baş verən dəyişikliklər, elmi və texniki inkişaf müasir döyüşlərin aparılmasına da ciddi korrektələr edilməsinə gətirib çıxarır. Məsələn, bu gün 30 il əvvəlin standartları ilə müharibə edib qalib gəlmək mümkün deyil.
Azərbaycanda həyata keçirilən ordu quruculuğunda bu cür məsələlərin hamısı nəzərə alınıb. Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlar, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları bu qəbildəndir. Azərbaycanda həyata keçirilən ordu quruculuğunun ən mühüm uğuru Silahlı Qüvvələrimizin döyüş imkanlarının tamamilə modernləşdirilməsidir. Bu baxımdan Azərbaycan İkinci Qarabağ müharibəsində müasir döyüşlərin aparılmasının nümunələrini yaratdı. Xalqımız və beynəlxalq ictimaiyyət dövlətimizin mükəmməl hərbi gücə malik olduğunu gördü. Cəbhədə əldə olunan hər bir uğur təsdiq edir ki, ordumuzun arsenalı ən modern silah və hərbi texnika ilə zəngindir. Dünyanın hərbi baxımdan inkişaf etmiş ölkələrinin malik olduqları silahlar Azərbaycanda da var.
Tanınmış hərbi ekspertlər də işğaldakı ərazilərimizin azad edilməsi üzrə əks-hücum əməliyyatlarında Azərbaycanın XXI əsrdə müharibə aparılması nümunəsini yaratdığını təsdiqləyirlər. Bu barədə danışan tanınmış rusiyalı hərbi ekspert, «Nasionalnaya oborona» jurnalının baş redaktoru İqor Korotçenkonun sözlərinə görə, Azərbaycanın orduya çəkdiyi xərclər əbəs deyilmiş. «Ona görə də bugünkü Azərbaycan Ordusu yaxşı təchiz olunub, o, layiqli rəqib və regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır», - deyə o bildirib.
Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi yenə də riyakarlıq edərək döyüyşlərdəki məğlubiyyətlərinin səbəbini Azərbaycan Ordusunun gücündə deyil, kənar qüvvələrin guya Azərbaycana verdiyi ciddi dəstəkdə axtarırlar. Xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyan son günlər ərzində heç bir əsası olmadan, fakt göstərmədən, bəzən qərəzli mövqeyi ilə tanınan bəzi xarici mediaya qurumlarına, bəzən də guya əldə etdikləri faktlara istinadən ciddi- cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyi, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxalq ictimai rəyə aşılamağa çalışır.
Bu sərsəm baş nazir Türkiyə və yaraqlılarla bağlı yalanları yalvararaq minnətçi düşdüyü ayrı-ayrı ölkələrin rəhbərləri ilə təmaslarda, nüfuzlu media orqanlarına müsahibələrində, öz xalqına müraciətlərində təkrarlamaqdan yorulmur. O, guya Türkiyəyə məxsus hərbi təyyarələrin hərbi əməliyyatlarda iştirak etdiyi, Azərbaycandan Ermənistanın ərazilərinin ballistik raketlər vasitəsilə vurulduğunu deyir. Lakin anlamır və yaxud anlamaq istəmir ki, belə hallar istənilən ölkənin hərbi-texniki imkanları çərçivəsində də təsbit oluna bilər. Əgər bu günə kimi məsələ ilə bağlı ciddi rəy bildirilməyibsə, deməli bütün bunlar Ermənistan rəhbərliyinin fantaziyasının məhsuludur.
Nikol Paşinyan Azərbaycan tərəfindən minlərlə yaraqlının vuruşduğunu bildirir, faktların olduğunu deyir, lakin onların heç birini təqdim edə bilmir. Baş nazir dünyanın hər hansı ölkəsində baş verən terror aktını dərhal şans kimi qiymətləndirir və bunu Azərbaycana qarşı istifadə etməyə çalışır. Məsələn, Rossiya-1 kanalına müsahibəsində, o, Dağıstanda baş vermiş hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir.
«Jerusalim Post» nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir.
Paşinyanın iddialarını dinlədikcə, aydın görünür ki, bu tip özündə yalan, şantaj, populizm, təlxəklik kimi mənfi xüsusiyyətləri birləşdirir. O, Türkiyənin münaqişədə iştirakı, bu prosesə Azərbaycan tərəfindən yaraqlıların cəlb edilməsini iddia etməklə ağ yalan danışır. Axı insani, müasir hərbi-texniki, silah-sursat, maliyyə imkanları, ordunun hazırlığı parametrlərinə görə, Ermənistandan bir neçə dəfə güclü olan Azərbaycanın digər ölkənin və ya yaraqlıların köməyinə niyə ehtiyacı olmalıdır?
Paşinyan dünyanın böyük dövlətlərini Azərbaycan-Türkiyə birliyinin «terroru» və «uzaqgedən planları» ilə şantaj edir. Hakimiyyətə gələndə Koçaryan-Sarkisyan cütlüyünün cinayətlərindən bezmiş erməni xalqını populist vədlərlə aldadan baş nazir elə başa düşür ki, eyni yolla dünya ictimaiyyətini, dünya liderlərini də aldada bilər. Bütün bunlar onun haqqında olduqca mənfi rəy yaradır və təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyətdə Ermənistan lideri haqqında siyasi təlxək təəssüratı formalaşıb.
Ermənistan rəhbərləri müsahibə və açıqlamalarında ermənilər haqqında məzlum, daim təzyiq altında olan, yazıq xalq təəssüratı yaratmaq istəyir, cari və tarixi faktları saxtalaşdırırlar. Belə ki, Ermənistan prezidenti Armen Sarkisyan RBK kanalına müsahibəsində bildirir ki, Dağlıq Qarabağ Azərbaycana 1920-ci ildə «verilib», halbuki, Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanda qalması haqda qərar qəbul edib və bu da 1921-ci ildə olub. O, iddia edir ki, 1920-ci ildə Qarabağda 350 min insan yaşayırdı, halbuki, SSRİ-də keçirilən 1926-cı ilin rəsmi siyahıya alınması zamanı burada 125,2 min insan yaşayıb. Ermənistan prezidentinin digər iddiasına görə, Qarabağ Azərbaycanın tərkibinə «verildikdən» sonra sovet dövründə ermənilər Qarabağdan didərgin salınıb, halbuki, 1989-cu ildə SSRİ-də keçirilən son əhali siyahıya alınmasına görə, Dağlıq Qarabağda 145 min erməni yaşayıb. Sarkisyan bildirir ki, Qarabağ hadisələrindən sonra Azərbaycanı bir milyondan artıq erməni tərk edib, halbuki, elə həmin siyahıya alınma üzrə Azərbaycan SSR-də cəmi 390 min erməninin yaşadığı məlumdur.
Ermənistan rəhbərliyi hər kəsdə günah axtarır, lakin ən böyük günahkarın özü, rəhbərlik etdiyi hakimiyyət və dövlətinin işğalçılıq siyasəti olduğunu başa düşmək istəmir. Siyasi təlxək və avantürist Nikol Paşinyan dəfələrlə Azərbaycanın təkliflərini qulaq ardına vuranda, ölkəmizə qarşı saymazyana münasibət, təhqiramiz davranış sərgiləyəndə, 27 il ərzində danışıqlar prosesində əldə olunmuş müsbət dinamikanın üzərindən xətt çəkəndə bunun hansı acı nəticələrə gətirib çıxaracağını düşünməli idi.
Bəli, artıq Paşinyan və onun ölkəsi üçün tunalin sonu görünməkdədir. Ermənistanı qısa müddətdə geosiyai və iqtisadi iflas həddinə çatdıran bu erməni avantürist gədəni elə ermənilər özləri dar ağacına çəkəcəkdir.