Nigar Orucova |
Azərbaycanda söz, fikir və məlumat azadlığı təxminən mətbuatın tarixi ilə eyni dövrə təsadüf edir. Heç kimə sirr deyil ki, milli mətbuatımızın inkişaf tarixi uzun və mürəkkəb, eyni zamanda, şərəfli yol keçib. Ötən dövrün ayrı-ayrı zaman kəsiyində mətbuata qarşı münasibətin fərqlənməsinə baxmayaraq söz və fikir azadlığı məslələri dəyişməz qalıb. Mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, müstəsna haldır ki, Azərbaycanın mətbuat tarixi bir çox dünya ölkələrindən öndədir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatın inkişafı dövlətin prioritet məslələrindən hesab olunub. Məhz bu məqsədlə ölkədə təkmil qanunvericilik bazası yaradılıb, mətbuatın inkişafı, eləcə də jurnalistlərin normal fəaliyyəti üçün çoxsaylı sənədlər qəbul edilib. Bunun nəticəsində ölkədə azad, müstəqil mətbuatın formalaşması təmin edilib. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Bu gün Azərbaycan mətbuatı özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da məhz Heydər Əliyev tərəfindən imzalanıb. Ümummilli Liderin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi” haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın 125 illiyi təntənəli şəkildə qeyd olundu. Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox Sərəncam və Fərman imzalayıb. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Bu gün 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə etdi. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı. Ümummilli liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır.
Bundan əlavə, milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir. Dövlət başçısı həyata keçirdiyi media siyasətinin davamı olaraq “Azərbaycanın milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənəddə göstərilir ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin. Xüsusən, son dövrlərdə ölkəmizdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alıb. Heç şübhəsiz ki, dövlət başçısının bu Sərəncamı da ölkə mətbuatının inkişafına yeni imkanlar açacaq.