KÖŞƏ

Nigar Orucova

Erməni lobbisi bütün dünyada müstəqil medianı susdurmaq yolu seçib

02 noyabr 2020 18:35
3664

Fransanın “TF1” kanalı, “New York Times” və digərləri buna sübutdur

Tarixdən də məlumdur ki, informasiya müharibəsi düşmən mövqedə olan dövlətlərin bir-birilərinə qarşı atdığı kəskin, təhlükəli addımlarından biri olub. Bəllidir ki, hər bir ölkə digər ölkələrlə bağlantılar yaratmağa can atır və bu yolla özünü beynəlxalq sistemdə tanıtmağa çalışır. Əgər düşməni olan ölkəyə qarşı informasiya atəşi açılarsa, bu, onun beynəlxalq siyasi aləmdə nüfuzunun təhlükəyə girməsinə səbəb ola bilər. Azərbaycan uzun illərdir ki, belə bir  informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Hazırda işğalçı Ermənistan ilə ölkəmiz arasında informasiya müharibəsi kəskin vəziyyətdədir. Sirr deyil ki, ermənilərin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları bu sahədə daha fəallıq nümayiş etdirirlər. Belə ki, erməni diaspor təşkilatları öz təsir dairələrində olan kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək ölkəmiz haqqında həqiqətə uyğun olmayan, uydurma məlumatlar yaymaqla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Dezinformasiya yaymaqda kifayət qədər təcrübə qazanan erməni diaspor təşkilatları hətta özlərinin həyata keçirdikləri insanlıq əleyhinə cinayətləri Azərbaycanın adına çıxarmaqdan çəkinmirlər. Lakin bütün cəhdlərə baxmayaraq ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası erməni diasporunun illər ərzində  ortaya qoyduğu fəaliyyəti darmadağın edir. Xüsusən, dövlət başçısının xarici media orqanlarına verdiyi məntiqli, əsaslandırılmış cavabları erməni ideoloqları tərəfindən hazırlanmış qərəzli suallara aydınlıq gətirmiş olur. Başqa sözlə, Prezident İlham Əliyev müsahibələrində erməni diasporunun fikrini  ifadə edən jurnalistlərə tarix və hüquq dərsi vermiş olur. Döyüş meydanında olduğu kimi, diplomatik və informasiya cəbhəsində də uduzduğunu görən erməni diasporu hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında material hazırlayan xarici kütləvi informasiya vasitələrinin nümayəndələrini hədəfə almaqdan çəkinmir. Xüsusən, Azərbaycanın haqlı mövqeyini müdafiə edən xarici jurnalistlər açıq-aşkar təzyiqlərə məruz qalırlar. Erməni diasporu təkcə jurnalistləri deyil, eləcə də  Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri barədə obyektiv məlumat yayan, hətta neytral, balanslı mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən siyasətçiləri, ictimai fəalları hədəfə götürür. Fransanın “TF1” kanalı, ABŞ-ın “New York Times” və digər nüfuzlu beynəlxalq mətbuat orqanlarının nümayəndələrinə qarşı erməni diasporunun sərgilədiyi və qərəzli mövqe dediklərimizin bariz nümunəsidir. Belə bir vəziyyətdə Fransa hökuməti «Şarl Ebdo» jurnalını müdafiə etdiyi kimi, TF1 kanalını da müdafiə etməli, azğınlaşmış erməni millətçilərinə, erməni icmasına öz yerini göstərməlidir.

Belə ki, Fransanın “TF1” televiziya kanalında cəbhə bölgəsindən yayımlanan eksklüziv reportajı, bu ölkədə yaşayan ermənilər arasında böyük rezonans doğurub. Fransanın erməni icması sosial şəbəkələrdə TF1 kanalını və reportajı hazırlayan Liseron Budulu kütləvi təhqir ediblər. Ermənilər Budulun ünvanına təhdidlər yağdırıblar. Fransa Erməni Təşkilatları Şurasının həmsədri Papazayn TF-1-ə qarşı kütləvi etiraza çağırıb. Vəziyət o həddə çatıb ki, kanalı boykot etməkdən tutmuş, xanım jurnalisti öldürməyə qədər çağırışlar edilib.

Ermənilərin kütləvi təhdidindən sonra kanal həmin reportajın linkini saytından yığışdırıb. Bunula belə kanala qarşı kütləvi aksiyalar davam edir. Erməni icmasının üzvləri “TF1” kanalının rəhbərliyindən bəzilərinin başının kəsilməsi olduğu barədə belə yazırlar.

Lakin bununla kifayətlənməyən ermənilər ABŞ-ın “The New York Times” qəzetinin redaksiyasının qarşısında  etiraz aksiyası keçiriblər. Etirazçılar erməni bayraqları və “Qarabağ münaqişəsinin düzgün işıqlandırılması” tələbi ilə redaksiyanın binasının önünə gəliblər. Etirazçıların narazılığına səbəb “NY Times”ın İstanbuldakı müxbiri Karlotta Qallın reportajları olub. Qeyd edək ki, məqalədə ermənilərin Azərbaycanın dinc əhalisini raketlə atəşə tutması nəticəsində onlarla insanın həlak olması və yaralanması, ev və obyektlərin zədələnməsi qeyd olunur.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb ki, biz “The New-York Times” qəzetinə qarşı ABŞ-ın radikal və şovinist erməni lobbi qruplarının Fransada “TF1” telekanalının heyətinə qarşı olduğu kimi hücumlarını və təhdidlərini qətiyyətlə qınayırıq: "Onlar söz azadlığını boğmağa çalışırlar. Biz də reportajın bəzi hissələri ilə razılaşmaya bilərik, lakin biz onların işlərinə hörmət edirik".

Erməni diasporu isə onların istədiklərini qələmə almayan, münaqişə barədə həqiqəti işıqlandıran jurnalistlərə qarşı aksiyalar təşkil edir, ölümlə hədələyir, təhdid və təhqir edirlər. Erməni lobbisi bütün dünyada müstəqil medianı susdurmaq yolu seçib. İşğalçı öləkinin özündə heç vaxt azad media, azad mətbut olmayıb. Bu ölkədə daim vətəndaşların fundamental insan hüquqları ilə yanaşı, söz, mətbuat və ifadə azadlığının pozulması halları baş verib. İndi də erməni diasporu Ermənistanın bu sahədəki dövlət siyasətini xarici ölkələrə idxal etmək istəyir. Ancaq yaddan çıxarmaq olmaz ki, hazırda dünyada söz və mətbuat azadlığına hörmət və ehtiram ifadə olunduğundan erməni diasporunun da bu fəaliyyəti uğursuzluğa düçar olacaq.