Nigar Orucova |
Düşmən üzərində tarixi zəfər qazandığımız bir vaxtda sosial məsuliyyətimizi artırmağımız vacibdir
Son həftələr dünya ölkələrində koronavirus infeksiyası yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. İndiyə qədər bu dəhşətli infeksiyaya qarşı vaksinin tapılmaması isə ciddi tədbirlərin görülməsini zəruri edir. Məhz bu amili nəzərə alan ölkələr Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və artıq təcrübədən çıxmış xüsusi karantin rejimlərini tətbiq etmək məcburiyyətində qalıblar. Mütəxəssislər, Ümumdünya Səhiyyə Təşkilatının üzvləri hazırkı vəziyyətin ürəkaçan olmadığını bildirirlər. Sözün əsl mənasında müasir dünya koronavirus pandemiyasının qarşısını almaqda acizlik çəkir. Tətbiq edilən karantin rejimləri isə hələlik sadəcə virusun yoluxma sayını azaltmaq, onu nəzarətdə saxlamağa imkan verir. Bu müsbət nəticə isə vətəndaşların pandemiyanın şərtlərinə əməl edilməsi sayəsində əldə oluna bilir.
Etiraf edilməlidir ki, Azərbaycan dövləti koronavirus infeksiyasının yayıldığı ilk gündən onun qarşısının alınması, eləcə də əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz bunun nəticəsidir ki, hazırda mövcud olan tibbi infrastruktur, ölkəmizin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır.
Lakin görülən tədbirlərə baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir, sanitar-epidemioloji durum pisləşir. Bu gün ölkəmizdə koronavirusa yoluxmada yüksək göstəricilər qeydə alınır. Gün ərzində yoluxma sayının 1000-dən artıq olması onu göstərir ki, artıq sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil. Koronavirusa laqeyd yanaşanlar bu virusun yayılmasına səbəb olurlar. Əlbəttə ki, yoluxmanın artması insanların davranışı ilə bağlıdır. Dünyada 51 milyondan çox insan virusa yoluxub. Azərbaycanda isə indiyədək 68 mindən artıq insan koronavirus infeksiyasına yoluxub.
Məsuliyyətsizlik, biganəlik, sanitar, gigiyenik qaydalara əməl etməmə yoluxma sayını artırır. Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməlidir.
Azərbaycanda bütün sahələr üzrə qlobal pandemiya ilə mübarizə davam etdirilir. Dövlətimiz hər zaman olduğu kimi, istənilən mürəkkəb dövrdə də əhalinin sosial təminatı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır və bununla bağlı zəruri tədbirləri davam etdirir. Xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayonda muzdlu işçilərin əmək haqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək, həmçinin işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmələr ediləcək.
İndi əsas məsuliyyət ölkə vətəndaşlarının üzərinə düşür. Dövlət pandemiyanın yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, əhalinin sosial təminatının müdafiəsi istiqamətində lazım olan bütün addımları atıb. Qalır insanların müəyyən edilmiş qaydalara riayət etməsi. İnsanlarımız qəbul etməlidirlər ki, COVID-19-un geniş yayılması onların sağlamlıqları üçün də ciddi təhlükə yarada bilər. Vətəndaşlardan tələb olunur ki, sadəcə, mövcud qaydalara riayət etməklə özümüzü, yaxınlarımızı və ən nəhayət əsgər və zabitlərimizi qoruyaq. İaşə obyektləri, ictimai nəqliyyat, istənilən qapalı məkan, insanların sıx toplaşdığı yerlər infeksiyaya yoluxmaq üçün əlverişli məkan hesab olunduğundan həmin ərazilərdə qoruyucu vasitələrdən mütləq istifadə edilməlidir. Ümumilikdə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etmək, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyena qaydalarına əməl etmək hamımızın vətəndaşlıq borcuna çevrilməlidir. Gəlin, düşmən üzərində tarixi zəfər qazandığımız bir vaxtda sosial məsuliyyətimizi dərk edərək koronavirus cəbhəsində də qalib olaq.