Rəşid Faxralı |
Yaddaşımdan üzülməyən xoş təəssüratlar yazın son ayında ön xətdə - səngərlərin həndəvərlərində tellənən könlümü yayın orta ayında Qarabağa aparacaq yolun başlanğıcına - "Səngərləri sərhədlərə köçürəcəyik!" deyənlərin görüşünə çəkir...
Gecənin qaranlığını çilikləyən dan yerindən sıyrılıb ön xətdə çatmışıq. Bayaq gözlərim könlümün cəfakeşiydi, bir azdan könlüm də, düşüncələrim də əsgərlərimizin düşüncələrinin cəfakeşi olacaq. Həmin cəfakeşliyə tələsirəm...
Səngərlərin yan-yörəsində hələ təravətini itirməyən çiçəklərinə toxunmaq, ləçəklərini nəfəsimlə titrətmək istəyirəm. Bənzərsiz ətriylə könül mülkümüzün gözəllik sultanına, sultanlıq qüdrətinə dönən gözəlim çiçəklər illərdi səngərlərin həndəvərlərində mənə yaz öz yerində, yayda da təbiət, təbiətin timsalında həyat fəlsəfəsi təkrarladır: bu ətir, rayihə torpağın qüdrətidi, sərhədlərimizin o üzündə çiçəklərin ətri, rayihəsi belə olmur.
Ön xətdə, səngərlərin "on-on beş addımlığındayıq". Mənə elə gəlir ki, builki yazın da bir əli 2016-cı ilin yazının əlini sıxırmış. Görənlər bu təması ruhun qələbəsinə təbiətin ehtiramı bilib. Yaşanılmış hər ay tarixdi. Əminik ki, Azərbaycan əsgəri yaxın vaxtlarda aylardan birini tarixə görk edəcək. Aprel ovqatlıdı deyə, Lələtəpə, Bayraqtəpə soraqlıdı deyə, Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu qələbəylə tamamlayacaq deyə həmin görkə Böyük Qələbə deyəcəyik. Bu düşüncələr ruhunun sığslına dönür...
May ayında səngərlərin yan-yörəsində əsən mehin təmasından titrəşən çiçəklərin gümüldənən irili-xırdalı ləçəkləriylə Günlü yağış kəsəli göy üzünə yayılmış qövsi-qüzehin ilahi ahəngində ürkəcək narahatlığa söykəkli bir gözəlləşmə hiss etmişdik. Bu hissetməni, bu duyumu səngərdəkilərə güvəncin qüdrəti bilmişdik. İyul da bu ovqatlıdı.
Torpağın sinəsinə sığal çəkirəm. Mənə elə gəlir ki, əlim anamın saçlarında gəzişir. Bu təmas yayın istisində də təravətini itirməyən çiçəklər bitirən torpağa "Azərbaycan Ordusu"nun timsalında SÖZ ordusunun ehtiramıdı. Bu ehtiramı yaxın vaxtlarda Azərbaycan əsgərinin qələbəsi tamamlayacaq...
Ruhunun bəsirət gözləriylə ön xətdə döyüş növbətçiliyi aparanların əhatəsindən qarşı tərəfə baxanda sənə elə gəlir ki, dövlət sərhədlərimizi, sərhədlərimizdə işğaldan azad olunmuş torpaqlarımızı, o torpaqlarda əsgərlərimizi görəcəksən, bu duyuma görə əsgərlərin hər birini bağrına basmağa tələsirsən...
Salam-əleyk bitər-bitməz alatorandan indiyəcən düşüncələrimi bürüyən fikirdən söz açıram. Əsgərlər zabitlərdən, gizirlərdən əvvəl fikir demir; bu məqamın mahiyyətinə - azərbaycançılığa söykənən hərbi xidmətə, hərbi xidmətə söykənən azərbaycançılığa dünyanın ən güclü ordularının da şəxsi heyəti həsəd apara bilər. Tarixi Dədə Qorqud əyyamıyla səsləsən bir deyimi xatırlayıram: "Böyük duran yerdə kiçik danışmaz". Zabit İsaq Orucovun bu əsgərlərdən üzülən baxışlarını döyüş növbətçiliyinə gedən əsgərlərin arxasınca "aydınlıq suyu"na dönən rəmz bilirəm. Bu baxışlarda inam var, etibar, etimad, güvənc var. Bu baxışların eynini 1992-ci ilin payızında Ağdərədə, 1993-cü ilin axırlarında Murovdağda, 1994-cü ilin əvvəllərində Horadizdə, 2016-cı ilin ilkin yazında Cocuq Mərcanlıda görmüşdüm,. O vaxtlar zabitlərdən eşitdiklərimin mahiyyətinin dönməzliyi, dönməzliyin qətiyyəti ürəyimi dağa döndərmişdi. Aradan illər keçəndən sonra eyni duyğular yaşayıram. Bu qətiyyətli bənzərsiz rəmzi Vətən sevgisinə, Vətənə sevgiyə, döyüş əzminə, qələbə ruhuna tən bilirəm. Düşüncələrimi sözə çevirməyə tələsmirəm. Baxışları hərdən sükutun - səssizliyin əhatələdiyi əsgərlərə, hərdən qarşı tərəfə - səngərlərin o üzünə sərilən zabit İsaq Orucov deyir:
- 2016-cı ilin aprelinin ilk günlərində yaşanılan böyük mənəvi coşqu hər bir azərbaycanlının ruhunda yaşamaqdadı. Səngərlərə çata-çatda 2016-cı ilin yazını ruhumuzun fəsili adlandırdınız. Əlbəttə ki, xalqa o dəyərdə sevinc, o dəyərdə qürur yaşadan fəsili belə adlandırmağa haqqımız var. Azərbaycan Ordusunun yaranmasının 101-ci ildönümü ərəfəsində bu söhbətləşməni də ictimaiyyətin istəyinin tərkib hissəsi bilirik.
- Bu istək azərbaycançılıqdı, Vətənə sevgidi, orduya inamdı, - deyirəm. Zabit hövsələsizliyimi üzə vurmadan sözünə davam edir:
- Bizə belə bir istək yaşadan qürur, tarix yazan qürur tarixdə qalacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, bu döyüşlər dərsliklərə salınacaq.
Əsgər Bəhlul Hüseynov Samid İmanovun, əsgər Səbuhi Bayramov Raquf Orucovun qəhrəmanlığını, əsgər Sarvan və Namiq Məmmədov qardaşlarını - son nəfəsini qardaşının qolları üstə çəkən Sarvanı xatırlayır...
Azərbaycan Ordusunun arsenalına ən müasir döyüş texnikalarıyla, qurğularla, təyyarə və helikopterlərlə təchiz olunmasından, döyüş qabiliyyətinin qüdrət səviyyəsində artmasından, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan paradların möhtəşəmliyindən danışırıq. Bu, qürurdu, qürura söykənən inamdı, başlanğıcı bu inam olan Qələbə işığıdı...
- Ali Baş Komandan döyüş əmri verəndə siz bu qəhrəmanların, onların döyüş yoldaşlarının davamçıları olacaqsınız, - zabitin əsgərlərə ünvanladığı bu gözəl inamı eşitmək gözəl könül xoşluğudu. Onun səsində ürkəcək bir təəssüf çaları da hiss olunur:
- 2016-cı ilin aprelində bizim hərbi hissə əks-hücum əməliyyatına cəlb olunmadı, biz döyüşlərdə iştirak etməsək də ruhən döyüşənlərin sırasındaydıq. Sülh danışıqları baş tutmasa Ali Baş Komandanın əmriylə tam qələbə üçün döyüşənlərin sırasında biz də olmaq istəyirik. Səmimiliyimə inanın, hər birimiz həmin günün intizarındayıq, Böyük Qələbənin əsgəri olmaq niyyətindəyik.
Həmsöhbətimi təkcə bu hərbi hissənin deyil, ümumən Azərbaycan Ordusunun zabiti kimi dinləyirəm. Zabitin əsgərlərə güvəncini dövlətin orduya güvənci bilib dinləyirəm. Səngərlərdə eşitdiklərim həmişə düşüncələrimin can ortağı olub - eşitdiklərimi düşüncələrimə can ortağı bilib dinləyirəm...
Söz sözü çəkir.
Zabit İsaq Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aprel döyüşləri haqqında dediyi başqa kəlamları da xatırladır. Həm o döyüşlərdə qazanılan qələbəyə, həm də ölkə başçısının bu qələbəyə verdiyi dəyərə görə qürurlanan əsgərlərlə qürurlanırıq.
Zabit əsgərlərə xitabən deyir ki, siz Vətən sevgisiylə, döyüş hazırlığıyla həmin möhtəşəm tarixi yazanların davamçıları olacaqsınız. Hiss olunur ki, əsgərlər bu kəlmələri həm inam, həm də güvənc bilirlər. İnam 2016-cı ilin aprelində dönməzləşən inamdı, güvənc torpaqlarımızı işğaldan azad edəcək əsgərlərə, orduya güvəncdi. Bu məqam əsgərlərin düşüncələrində qələbə ovqatı yaradır.
- Aprel döyüşlərində orta məktəbdə oxuyurduq, böyüklər demişkən, uşaqlıqdan təzəcə ayrılmış yeniyetmələriydik. İndi əsgərik. Hərbi anda sədaqətlə xidmət edirik. Özündən razılıq olmasın, komandirlərimiz xidmətimizdən narazı deyillər. Ali Baş Komandanın döyüş əmriylə döyüşməyə biz də hazırıq. Torpaqlarımızı işğaldan azad etməyə borcluyuq. Bu borc Vətənə borcdu, - əsgər Səbuhi Bayramovun səmimiyyətlə dediklərini əsgər Ümid Hüseynov səmimiyyətlə tamamlayır:
- Vətən müqəddəsdir, deməli, ona ödənilməli borc da müqəddəsdir. O borcu yerinə yetirməyincə rahatlığını itirməyibsənsə, yaxşı vətəndaş deyilsən.
Hər iki əsgərin dediklərini əsgərlərin hamısının deyəcəyinə zərrəcə şübhəm yoxdu, Bir az əvvəl qəhrəmanlıqlardan, qəhrəmanlardan, şəhidlərdən, şəhidlikdən danışmışdıq. Eşitdiklərimiz ürəyimizi dağa döndərmişdi. Azərbaycan əsgəri tariximizi bilir, bu tarixi yaradanları, yaşadanları tanıyır, sevir. Əminik ki, hamısı Ümid kimi düşünür. Bu əminliyi əsgərlərə əminliklə deyirəm.
Zabit deyir ki, hərbi xidmət dövründə aparılan söhbətlər əsgərlərin dünya duyumunun genişləndirilməsində əhəmiyyətlidir. Çağırışçı əsgər olur, xidmət edir, əsgərləşir. Çağırışçının əsgərləşməsi prosesinin iştirakçısı olmaq hərbi borcunu yerinə yetirən hərbi qulluqçuya, əsasən də zabitə kifayət qədər böyük mənəvi zövq verir. Mən hərbçi taleyimdən razıyam ki, belə mənəvi zövqdən məhrum olmamışam.
- Gənc əsgərlərin hazırlığı hərbi and içməklə, Vətənə sədaqət andıyla davam edir. Əsgər hərbi xidmət dövründə hərtərəfli püxtələşir, Nəsimi demişkən, kamil insan olur, - hərbi hissədə zabit Rüstəm Məmmədov belə demişdi. O kəlmələri xatırladıram.
- Biz də digərləri kimi xidmət edə-edə komandirimizin dediyi səviyyədə əsgərləşirik. Günün nizam qaydalarını, komandirlərin, zabitlərin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetiririk. - əsgər İmamverdi Babayev əsgər yoldaşları adından belə deyir.
Zabitin sayğılı baxışları əsgərə dikilir:
- Ona görə də dövlətə, dövlətçiliyə sədaqət hər birimizin hərbi xidmət amalımızdır. Bayaq aprel döyüşlərinin şəhidlərini xatırladınız. Onlara yüzlərlə şəhid qəhrəmanlarımızın varisləri deməliyik.
Çavuş Yusif Nağıyev Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu xatırladır:
- Mübariz İbrahimovun döyüşdən əvvəl yazdığı məktubu zamanında hamımız oxumuşuq. Biz də hərbi xidmətə Mübariz İbrahimovun amalına oxşar amalla gəlmişik. O məktub əli silah tutanların hamısı üçün Vətən sevgisi haqqında ən dinlənilməli monoloqdur. Mənə elə gəlir ki, əsgərlər qürurla “Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!”, - deyirlər...