KÖŞƏ

Elçin Zaman

Kremldən Paşinyana Koçaryan zərbəsi

22 may 2019 10:26
3084

Ermənistanın eks-prezidenti Robert Koçaryanın gözlənilmədən həbsdən azad edilməsi bu ölkədə siyasi qarşıdurmanın yeni mərhələsinin başlanğıcıdır. Xüsusilə açıqca hiss edilən odur ki, vətəndaş müharibəsinin ilk işartıları  artıq görünməkdədir.

Burada bir nüansı da xüsusi qeyd etmək  lazımdır ki, Avropada və beynəlxalq təşkilatlarda demokratik islahatlarla özünü öyən Ermənistanın baş naziri Nikol Paşinyan bütün siyasi karyerasını sual altında qoyub. Belə ki, keçmiş prezident Robert Koçaryanın məhkəmə zalından azadlığa çıxmasından sonra Nikol Paşinyan tərəfdarlarını məhkəmə zallarının qapısını bağlamağa və hakimləri içəri buraxmamağa çağırıb. Hətta məhkəmə binalarından birində etirazçıların qapıdan giriş-çıxışı bağladıqlarını görən hakim David Balayan içəri pəncərədən soxulmaq istəyib. Ancaq Paşinyanın adamları onu pəncərədən dartıb aşağı salıblar. Bu zaman hakim yıxılıb.

Qeyd edək ki, Paşinyan məhkəmələrə hücum edən tərəfdarlarına qoşulub və Ermənistanda inqilabın ikinci mərhələsini başlatdığını bəyan edib. Təbii ki, bu son hadisələr “Qarabağ klanı”nın hələ də güclü olmasına işarədir. Gülməli məqamdır ki, Ermənistanda Koçaryanın həbs müddətini uzatmağa cəsarəti olan və maraqlı görünən hakim tapılmadı. Hətta ötən günlərdə 3 hakim Koçaryanın məhkəməsini aparmaqdan imtina etmişdi. Ən nəhayət, məhkəməni aparmağa razılaşan sonuncu hakim isə “Qarabağ klanı”nın liderini həbsdən azad etməyə qərar verdi.

Bəs hakim niyə Koçaryanı azad etdi? Məgər o qatil, cani deyildi? Axı onun haqqında seçki saxtakarlığına etiraz edən onlarla  adamı qətlə  yetirmək barədə ciddi ittihamlar var və bunlar tamamilə sübuta yetirilib. Hələ biz Xocalıda  günahsız azərbaycanlıların qanını axıtmasını demirik. Bu, bir daha göstərir ki, onun arxasındakı güclər Nikoldan güclüdür.

Bəs qatil, terroristbaşı Koçaryanın həbsdən azad edilməsinin arxasında hansı qüvvələr durur və bununla Nikol Paşinyana  kimlər sərt mesaj verirlər? Əslində, bu, bir daha göstərir ki, Paşinyan “Qarabağ klanı”ndan tam qurtula bilməyib.  Bəlkə də özünü Avropaya meyilli kimi göstərən Nikolun Rusiyanın tulası olan Koçaryanı həbs etdirməsi bir səhv idi. Ona görə ki, hələ hakimiyyətdə tam oturuşmamış küçə lideri Paşinyan Rusiya hakimiyyəti ilə kəllə- kəlləyə gələ bilməzdi.   Necə deyərlər, Koçaryanın həbsi onun dostu - Rusiya Prezidenti Vladimir Putini narahat edirdi. Putin bir neçə dəfə Paşinyana mesaj göndərmişdi ki, onu azad etsin. Paşinyan isə  hər dəfə bu mesajı qulaqardına vururdu. Ancaq məhkəmə bu mesajı qulaqardına vurmadı, Paşinyanın yox, Rusiyanın maraqlarını nəzərə aldı. Bu mənada, Koçaryanın azad edilməsi həm də Putinin Paşinyana barmaq silkələməsidir.

Digər tərəfdən, Koçaryanın həbsdən azad edilməsi Ermənistanda iqtidar- müxalifət qarşıdurmasının daha kəskin mərhələyə qədəm qoyacağını göstərir. Artıq görünən odur ki, Moskvanın və Dağlıq Qarabağ separatçılarının dəstəyinə arxalanan Koçaryan Ermənistan daxilində yeni və həm də güclü müxalif qüvvə formalaşdıracaq. Eyni zamanda, Paşinyan-Koçaryan mübarizəsi müxtəlif ölkələrdəki erməni lobbisinin təmsilçilərini də parçalayacaq.

Moskvanın Koçaryana verdiyi və verəcəyi dəstək Paşinyanı Qərbdən dəstək axtarışına sövq edə bilər. Ancaq bu, Paşinyan üçün təhlükəlidir. Çünki özü istəməsə də ölkəsi Rusiyanın vassalıdır. Rusiyanın İrəvandakı hərbi bazasındakı generalların və kəşfiyyat xidmətinin Ermənistan ordusundakı dostları da az deyil. Paşinyan cəmi 1 ildir hakimiyyətdədir və bu müddətdə orduda təmizlik işi apara bilməyib. Ona görə də ordudakı generallar da bir gün ona qarşı çıxa bilərlər.

Bir sözlə, Paşinyanın  ötən hər gün siyasi gücü  iflasa uğrayır. Yəni Koçaryanın həbsdən azad edilməsi onun ciddi məğlubiyyətidir. Fikrimizcə, Azərbaycan isə bir dövlət olaraq Ermənistandakı və Dağlıq Qarabağdakı mürəkkəb vəziyyətdən həm geosiyasi yöndə, həm də hərbi baxımdan yetərincə yararlana bilər. Necə ki, Nikol Paşinyan ölkəsindəki durumu təxminən belə şərh edib: “Faktları öyrəndikdən sonra görürəm ki, bütün bunların arxasında yeni müharibəyə başlamaq, hətta bəzi əraziləri verib, məsuliyyəti hökumətin üzərinə atmaq qəsdi durur. Bu fəaliyyəti dövlətə xəyanət hesab edirəm...”