08 avqust 2026 19:11
105

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Luvr Muzeyi İslam incəsənəti şöbəsinin yenilənməsi müddətində İslam mədəniyyəti kolleksiyanın seçilmiş nümunələrini ictimaiyyətə təqdim etmək üçün “Yaxınlıqlar (Affinités). İslam incəsənətinin möcüzələri dekorativ sənət əsərləri ilə” adlı müvəqqəti sərgi təşkil edib.

“İki sahil” xəbər verir ki, dekabrın 31-dək davam edəcək sərgidə İslam incəsənəti şöbəsinin kolleksiyasından təxminən 50 əsər nümayiş olunur. Sərgi şöbənin təmir məqsədilə müvəqqəti bağlanmasını kompensasiya etməklə yanaşı, ziyarətçilərə kolleksiyanın mühüm nümunələri ilə tanış olmaq imkanı yaradır.

Sərginin kuratorları Filip Malquir və Annabel Koline bildiriblər ki, layihə İslam incəsənəti və Dekorativ sənət şöbələri arasında tarixi, texniki və estetik əlaqələri üzə çıxarmaq məqsədi daşıyır. IX-XVII əsrlərə aid əsərlərin təqdim edildiyi ekspozisiya İslam dünyası ilə Avropa arasında mövcud olmuş bədii və mədəni mübadilələri nümayiş etdirir.

Sərginin konsepsiyası üç əsas mövzu ətrafında qurulub: işıq, rəng və heykəltaraşlıq. Luvrun məlumatına görə, əsərlər İslam dünyasında yaranmış mühüm texniki və estetik yenilikləri, eləcə də onların Avropada və Fransanın kolleksiyalarında doğurduğu böyük marağı əks etdirir.

Kuratorların fikrincə, sərginin adındakı “Affinités” - “yaxınlıqlar” anlayışı İslam ölkələri ilə Avropa arasındakı tarixi əlaqələrə, həm qonşuluq, həm də mədəni və bədii qohumluq münasibətlərinə işarə edir.