Prezident İlham Əliyevin iştirakı ilə “Yeni Səngəçal” yarımstansiyasının açılışı Azərbaycanın uğurlu enerji siyasətinin təqdimatıdır
Ölkəmiz tarixən neft ölkəsi kimi tanınır. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi, respublikamıza iqtisadi və siyasi dividend gətirən “Əsrin müqaviləsi”nin imzalanması illər keçdikcə ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsinə yol açan layihələrin icrasını şərtləndirdi. Bunun nəticəsi olaraq Azərbaycan neftlə yanaşı, qaz ixracatçısı kimi də nüfuz qazandı. Bu layihələr Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasında əhəmiyyətli rol oynadı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 350 milyard dollardır. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını təmin edir. “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatı oldu. Bununla yanaşı, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu, 2018-ci ilin mayında rəsmi açılışı oldu. Həmin ilin iyununda TANAP, 2020-ci ildə isə TAP istifadəyə verildi. Bununla da çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu daha da artdı.

"Yaşıl enerji” keçidi
Azərbaycanın enerji strategiyasında yeni generasiya güclərinin yaradılması və artırılması ölkənin iqtisadi inkişafı, enerji təhlükəsizliyi və “yaşıl enerji” keçidi üçün əsas strateji prioritetlərdəndir. Bu istiqamətdə aparılan analitik təhlillərdə azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrinin tətbiqi xüsusi qeyd olunur. Onu da qeyd edək ki, son 20 ildə enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında Bakıda, “Gülüstan” sarayında keçirilən Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində bu məqamları xüsusi qeyd etmişdir ki, son 20 ildə ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb. Bu gün generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.

Cəbrayılda istehsal olunan Günəş elektrik enerjisi Səngəçal terminalına çatdırılacaq
Avqustin 3-də Prezident İlham Əliyevin iştirakı ilə “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışı bir daha deyilənlərin təsdiqi oldu. Bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub. İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayıl rayonunda istehsal olunan Günəş elektrik enerjisi ölkə enerji sistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq. Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq. Ümumi sahəsi 6,5 hektar olan “Yeni Səngəçal” yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub. Yarımstansiyanın enerji təchizatı 785 MVt gücündə “Cənub” və 385 MVt gücündə “Qobu” elektrik stansiyaları, həmçinin 500 kV-luq “Abşeron” yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir. Eyni zamanda, buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kV-luq əlavə iki hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur. bp-nin Səngəçal terminalı (80 MVt) və Şahdəniz Kompressor Stansiyasının (85 MVt) elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq. Yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb.

Azərbaycan öz enerji strategiyasını zamanın çağırışlarına uyğun qurur
Ənənəvi və bərpaolunan generasiya güclərinin paralel şəkildə inkişaf etdirilməsi Azərbaycanın energetika siyasətinin əsas hədəflərindəndir. Bu yanaşma ölkənin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, qlobal iqlim hədəflərinə çatmağa və iqtisadi səmərəliliyi artırmağa xidmət edir. Reallıq budur ki, son illərdə ölkədə həyata keçirilən enerji islahatları nəticəsində Azərbaycan həm ənənəvi enerji ixracatçısı, həm də bərpaolunan enerji mənbələrinin inkişafı üzrə regional liderə çevrilməkdədir. Dünyada baş verən enerji böhranları fonunda enerji təhlükəsizliyi məsələsi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib. Bu baxımdan Azərbaycan öz enerji strategiyasını zamanın çağırışlarına uyğun şəkildə qurur. “Yeni Səngəçal” yarımstansiyasının açılışı məhz bu siyasətin mühüm tərkib hissəsidir.
Bu gün Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensial malik olması ilə diqqətdədir. Bu potensial yeni əməkdaşlıq əlaqələrinin qurulmasına geniş imkanlar yaradır. Bərpaolunan enerji potensialından bəhs edərkən Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransını xüsusi qeyd edirik. Çünki bu tədbir Azərbaycanın bu sahədə mövcud imkanlarını, təcrübəsini dünyaya təqdim etdi. Azad Qarabağımızın və azad Şərqi Zəngəzurumuzun yaşıl enerji zonasına çevrilməsi əsas hədəflər sırasındadır. Tarixi Zəfərimizdən sonra qəbul edilən sənədlər sırasında xüsusi yer alan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu hədəf xüsusi qeyd edilib. Belə ki, sənəddə vurğulanır ki, “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” hədəfinə nail olmaq üçün qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. O da bildirilir ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.

2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücü…
Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, Azərbaycanın yaşıl enerjiyə keçidinə xüsusi diqqət yönəldilməsin. İyul ayında IV Şuşa Qlobal Media Forumundakı çıxışında, aparılan müzakirələrdə cənab İlham Əliyev bu reallıqları bir daha diqqətə çatdırdı ki, bununla yanaşı, bərpaolunan enerji sahəsində genişmiqyaslı işlər həyata keçirilir. Bərpaolunan enerji mənbələri artıq bizə xeyli həcmdə qaza qənaət etməyə imkan verir və gələcəkdə bu göstərici daha da artacaq. Çünki 2032-ci ilədək bərpaolunan enerji mənbələri üzrə 8 giqavat generasiya gücünə çatmağı planlaşdırırıq. Bu isə hazırda elektrik enerjisinin istehsalında istifadə etdiyimiz bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Beləliklə, həmin qaz həcmləri də istehlakçılar üçün əlçatan olacaq. Yəni biz iki mühüm amilə malikik: artan qaz hasilatı və ixrac potensialı, həmçinin bu qaz üçün mövcud bazar. Buna görə də aradakı boşluğu aradan qaldırmalı, xüsusilə də nəqliyyat infrastrukturunu genişləndirib modernləşdirməliyik.
Hədəflər sırasında bu məqamlar da diqqətə çatdırılır ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər su elektrik stansiyalarının potensialını əlavə etsək, potensialımız daha da böyüyəcək. Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur. Prezident İlham Əliyev bildirir ki, azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunub.

Dünyanın 16 ölkəsinə təbii qaz ixrac edirik
Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm töhfələri ilə diqqətdədir. Hazırda Azərbaycan dünyanın 16 ölkəsinə təbii qaz ixrac edir. Hazırda Azərbaycan Avropanın təbii qaz idxalında ilk beşlikdə yer alır və Avropa İttifaqının enerji təhlükəsizliyinə ən çox töhfə verən ölkələrdən biridir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hər bir sahədə malik olduğu imkanların, mövcud reallıqlarımızın dünyaya təqdimatında əhəmiyyətli rol oynayan IV Şuşa Qlobal Media Forumundakı çıxışında da bu məqamları bir daha iştirakçıların diqqətinə çatdırdı. Bildirdi ki, Azərbaycan artıq 16 ölkəyə qaz tədarük edir. Onlardan 14-ü Avropa ölkəsidir və bu il Avstriya ilə Almaniya da həmin ölkələr sırasına qoşulub. Bu, qlobal, xüsusilə də Avropa qaz bazarında mövqeyimizi genişləndirməyə yönəlmiş ümumi strategiyamızın tərkib hissəsidir. Avropa bazarı yüksək qiymətlərin formalaşdığı, bizim üçün premium hesab edilən bazardır. Buna görə də ixrac imkanlarımızı daha da genişləndirməkdə olduqca maraqlıyıq. Boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdəyik. Bu, son deyil, qarşıda əlavə imkanlar var. Hazırda Avropa İttifaqının bəzi üzv dövlətləri ilə həm yeni qaz tədarükünə başlamaq, həm də mövcud tədarük həcmlərinin artırılması istiqamətində danışıqlar aparırıq. Beləliklə, bizə hər iki istiqamətdə müraciətlər var. Bugünkü enerji bazarında etibarlı, proqnozlaşdırılabilən və alternativ mənbə olan Azərbaycanın qazı, yəqin ki, on il əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə Almaniyaya rəsmi səfəri çərçivəsində də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr yüksək dəyərləndirildi. Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında bildirdi ki, bizim qazımız bu gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu, enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaq. Bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaq.
Regional çərçivədə başlayan əməkdaşlığın coğrafiyasının getdikcə genişləndirilməsi iştirakçı ölkələrin imkanlarının, o cümlədən Azərbaycanın uğurlu enerji siyasətinin təqdimatıdır. Azərbaycan və qardaş Türkiyənin siyasi iradəsi əsasında reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin uğurlu icrası regional inkişafa böyük töhfə oldu. Ondan sonra beynəlxalq əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi iki dost, qardaş ölkənin dünyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlı olduğunu nümayiş etdirdi. Bir sözlə, Azərbaycan və Türkiyə neft, təbii qaz və yaşıl enerji sahələrində Avrasiyanın enerji xəritəsini dəyişən strateji layihələr həyata keçirirlər ki, onlar regionun və Avropanın enerji təhlükəsizliyini təmin edir.

İki dost, qardaş ölkənin iştirakçısı olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir
Bu günlərdə İstanbul şəhərində Azərbaycan ilə Türkiyə arasında “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə energetika naziri Pərviz Şahbazovla bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş keçirildi. Görüşdə iki ölkə arasında strateji enerji tərəfdaşlığının bütün istiqamətlər üzrə inkişafından məmnunluq ifadə edilib. Dövlət başçılarının siyasi iradəsi və dəstəyinin Bakı-Tbilisi-Ceyhan, TANAP kimi mühüm layihələrə bənzər layihələrin elektrik enerjisi sahəsində də reallaşmasında həlledici rol oynadığı vurğulanıb. Azərbaycan (Naxçıvan)-Türkiyə enerji interkonnektoru üzrə Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) tərəfindən aparılan araşdırmaların nəticələri nəzərdən keçirilib. Naxçıvandan Türkiyəyə ilkin mərhələdə 1 giqavat həcmində elektrik enerjisi ötürülməsinin perspektivli olduğu bildirilib. Layihənin gələcəkdə yalnız Azərbaycandakı mənbələrdən deyil, Mərkəzi Asiyadan da Türkiyəyə elektrik enerjisinin nəqlinə imkan yaradacağı qeyd edilib. Azərbaycan və Türkiyədən olan investorların layihədə iştirakı perspektivləri dəyərləndirilib. Həmçinin “Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsi” üzrə müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, texniki-iqtisadi əsaslandırma, Birgə Müəssisənin yaradılması kimi məsələlər müzakirə edilib. Layihənin icrasının sürətləndirilməsi razılaşdırılıb. Bundan başqa, “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin səmərəli olması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın nəticələri barədə məlumat verilib və layihə üzrə Türkiyə ilə əməkdaşlıq imkanları dəyərləndirilib.
İki dost, qardaş ölkənin iştirakçısı olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir, əməkdaşlıq körpüsünü daha da möhkımləndirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında bu çağırışı edir ki, enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik, birlikdə də bəhrəsini görürük. Rəcəb Tayyib Ərdoğan, həmçinin cari ilin iyun ayında "Bakı Enerji Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə regionda baş verən hadisələr fonunda Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha diqqətə çatdırdı. Bildirdi ki, bir zamanlar region üçün xəyal hesab olunan meqalayihələr Azərbaycanla birgə uğurla icra edilib və bu istiqamətdə əməkdaşlıq davam edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi qeyd etmək olar. Eyni zamanda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri çərçivəsində əməkdaşlıq daha da dərinləşib. Türkiyə lideri, həmçinin 2025-ci ildə istifadəyə verilən İğdır-Naxçıvan təbii qaz kəmərinin Naxçıvanın enerji təchizatının təhlükəsizliyini daha da möhkəmləndirdiyini də vurğuladı: “Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi bağlantılarının strateji əhəmiyyət daşımağa davam edəcəyinə ümidvaram. Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında “Yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti” layihəsinin həyata keçirilməsi regionumuzun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.”
Türkiyə Prezidenti, eyni zamanda, Türkiyə ilə Azərbaycanın birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının da bu ölkənin inkişafına və regional təhlükəsizliyə mühüm töhfə verdiyini söylədi.
Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu təsdiqləyən xeyli sayda fikirlər səsləndirə bilərik. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, enerji təhlükəsizliyi məsələləri hazırda daha çox gündəmdədir. Neft, qaz, neft məhsullarının, elektrik enerjisinin, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü təsdiqləyir. İyul ayının əvvəlində Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin ölkəmizə səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yerin növbəti dəfə təsdiqi kimi dəyərləndirildi. Son illərdə dünyada baş verən mürəkkəb geosiyasi proseslər göstərir ki, etibarlı tərəfdaş olmaq təkcə iqtisadi güclə deyil, həm də ardıcıl və düşünülmüş siyasətlə mümkün olur. Azərbaycan məhz bu reallıqları ilə diqqətdə olan ölkələrdəndir. Bu gün Avropa üçün enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və regional sabitlik əsas məsələlər sırasındadır. Azərbaycan isə bu istiqamətlərin hər birində mühüm rol oynayır. Cənub Qaz Dəhlizi, Orta Dəhliz, yeni logistika imkanları və yaşıl enerji layihələri ölkəmizin Avropa, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Qırğız Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü və yekun olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi özündə bir sıra mühüm məqamları ehtiva edir.
Yeganə Əliyeva, “İki sahil”