08 avqust 2026 12:18
156

Vaşinqton görüşü: Bir il ərzində Cənubi Qafqazda siyasi mənzərə necə dəyişdi?

Siyasi hadisələrin əhəmiyyəti bəzən yalnız müəyyən zaman keçdikdən sonra bütün aydınlığı ilə görünür. İmzalanan sənədin, verilən qərarın və əldə olunan razılaşmanın arxasınca hansı proseslərin gəldiyi onun həqiqi siyasi çəkisini müəyyən edir. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşə də bir il sonra bu baxımdan yanaşmaq mümkündür. Həmin gün Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Cənubi Qafqazın gələcəyi üçün mühüm sənədlər imzalandı. Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş layihəsi paraflandı, Birgə Bəyannamə qəbul olundu. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması üçün ATƏT-ə birgə müraciət etdilər. Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalandı. ABŞ Prezidenti Donald Tramp Azərbaycanın uzun illər etiraz etdiyi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sənəd imzaladı. Aradan keçən bir il həmin hadisələrə daha geniş siyasi mənzərədən baxmağa imkan verir. Vaşinqton görüşü Azərbaycanla Ermənistan arasında sülh prosesində mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın 2020-ci ildən sonra yaratdığı regional reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricilərindən biri oldu. 

Bu prosesin başlanğıcı 2020-ci ilin Vətən müharibəsinə gedib çıxır. Azərbaycan uzun illər davam edən danışıqların nəticə vermədiyi şəraitdə ərazi bütövlüyünü bərpa etdi, 2023-cü ildə isə bütün ölkə ərazisində suverenliyini tam təmin etdi. Bundan sonra qarşıda duran əsas vəzifə əldə olunmuş hərbi-siyasi nəticənin uzunmüddətli sülh və təhlükəsizlik sisteminə çevrilməsi idi.

Prezident İlham Əliyevin müharibədən sonra irəli sürdüyü sülh gündəliyi də bu məqsədə xidmət edirdi. Azərbaycan Ermənistanla gələcək münasibətlərin suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və qarşılıqlı ərazi iddialarının olmaması prinsipləri əsasında qurulmasını təklif etdi. Vaşinqtonda paraflanan saziş layihəsi bu prinsiplərin gələcək münasibətlərin hüquqi bazasına çevrilməsi istiqamətində mühüm addım oldu. Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə tərəflərin gələcəkdə hər hansı qisas cəhdini rədd etməsi də xüsusi siyasi məna daşıyır. Uzun illər münaqişə yaşamış iki dövlət arasında davamlı münasibətlərin qurulması üçün revanş düşüncəsinin siyasi gündəlikdən çıxması vacibdir. Tarixi yaddaşı qorumaq mümkündür və lazımdır, lakin keçmişin mübahisələri gələcək nəsillərin münasibətlərini daim müəyyən edən amilə çevrilməməlidir.
Vaşinqton görüşündən bir aydan da az müddət sonra mühüm qərarlardan biri qəbul edildi. 1 sentyabr 2025-ci ildə ATƏT Nazirlər Şurasının qərarı ilə Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinə xitam verildi. Bununla Azərbaycan–Ermənistan münaqişəsinin uzun illər davam etmiş diplomatik mərhələsinin əsas institutlarından biri tarixə qovuşdu.

30 ilə yaxın Minsk qrupu çərçivəsində görüşlər keçirilmiş, həmsədrlər regiona çoxsaylı səfərlər etmiş, müxtəlif bəyanatlar verilmişdi. Lakin bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxarmamışdı. Azərbaycan problemi özü həll etdikdən sonra artıq mövcud olmayan münaqişə üçün yaradılmış vasitəçilik mexanizminin saxlanmasına da siyasi ehtiyac qalmadı. Sonrakı proseslər Bakı ilə İrəvan arasında birbaşa dialoqun əhəmiyyətinin artdığını göstərdi. 2025-ci ilin sentyabrında Nyu-Yorkda xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan görüşərək sülh gündəliyinin növbəti addımlarını müzakirə etdilər. 2026-cı ilin fevralında Əbu-Dabidə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşündə normallaşmanın ikitərəfli əsasda davam etdirilməsinin vacibliyi vurğulandı. Bu yanaşmanın əhəmiyyəti ondadır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin gələcəyi getdikcə daha çox iki dövlətin öz siyasi iradəsindən asılı olur. Kənar vasitəçilik müəyyən mərhələlərdə faydalı ola bilər, lakin qonşu dövlətlər arasında davamlı münasibətlər ilk növbədə onların özlərinin üzərinə götürdüyü məsuliyyətlə qurulur.

Ötən bir ilin mühüm nəticələrindən biri də sülh prosesinin iqtisadi münasibətlərə təsir göstərməyə başlamasıdır. Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranziti, iki ölkə arasında ticarət əlaqələrinin yaranması yaxın keçmiş nəzərə alınanda ciddi dəyişiklikdir. Əbu-Dabi görüşündə tərəflərin bu prosesləri müsbət qiymətləndirməsi siyasi münasibətlərlə iqtisadi maraqlar arasında yeni əlaqənin formalaşdığını göstərir.

Bir neçə il əvvəl hərbi qarşıdurmanın yaşandığı coğrafiyada indi yük daşımaları, ticarət və gələcək nəqliyyat xətləri müzakirə olunur. Bunun iqtisadi tərəfi ilə yanaşı, mühüm siyasi mənası da var. Qarşılıqlı iqtisadi maraqlar genişləndikcə sabitliyin qorunması hər iki tərəf üçün daha böyük əhəmiyyət qazanır. Açılan yol, yaranan bazar, tranzitdən əldə olunan gəlir və yeni sərmayə imkanları sülhün gündəlik həyatda hiss olunan tərəfinə çevrilir.
Regional kommunikasiyaların açılması məsələsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. TRIPP çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantının yaradılması ölkəmizin strateji maraqlarından biri olmaqla yanaşı, daha geniş regional nəqliyyat imkanları yaradır. Bu xəttin Transxəzər nəqliyyat sistemi ilə əlaqələndirilməsi Mərkəzi Asiyadan Xəzər dənizi və Azərbaycan üzərindən Türkiyə və Avropaya uzanan nəqliyyat coğrafiyasının imkanlarını genişləndirə bilər. Belə layihələrin həyata keçirilməsi Cənubi Qafqazın iqtisadi əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycanın tranzit mövqeyini də gücləndirir. Region uzun müddət böyük dövlətlərin geosiyasi maraqlarının toqquşduğu məkan kimi tanınıb. Yeni nəqliyyat və enerji xətləri isə onun əməkdaşlıq və qarşılıqlı iqtisadi maraqlar məkanına çevrilməsi üçün imkan yaradır.
Sərhədlərin delimitasiyası üzrə aparılan işlər də münasibətlərin yeni xarakterini göstərir. Vaxtilə hərbi qarşıdurma doğuran məsələlərin indi xəritələr, koordinatlar və hüquqi prosedurlar əsasında müzakirə olunması iki dövlət arasında normal münasibətlərə keçidin vacib şərtlərindən biridir. Dövlət sərhədi aydın və qarşılıqlı şəkildə tanındıqda gələcək mübahisələrin qarşısının alınması üçün daha etibarlı hüquqi zəmin yaranır.
Son bir ildə dövlətlərarası proseslə yanaşı, cəmiyyətlər arasında ilk təmaslar da meydana çıxıb. Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, “Sülh Körpüsü” təşəbbüsü və humanitar xarakterli addımlar münasibətlərin yalnız siyasi rəhbərlik səviyyəsində qalmadığını göstərir.
Uzun müddət davam etmiş münaqişədən sonra cəmiyyətlər arasındakı münasibətlərin dəyişməsi daha çox zaman tələb edəcək. Siyasi sənədi qısa müddətdə razılaşdırmaq mümkündür, lakin insanların yaddaşında onilliklər ərzində formalaşmış təsəvvürləri dəyişmək daha mürəkkəb prosesdir. Bunun üçün təhlükəsizlik hissi, qarşılıqlı maraqlar və müharibəsiz yaşamaq təcrübəsi formalaşmalıdır.
Vaşinqtondan sonrakı dövrün mühüm istiqamətlərindən biri də Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan dəyişiklikdir. 2025-ci ilin avqustunda Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün yaradılmış işçi qrupunun fəaliyyəti qısa müddətdə nəticə verdi. 10 fevral 2026-cı ildə Bakıda Prezident İlham Əliyev və ABŞ-ın vitse-prezidenti Cey Di Vens Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar. Sənəd regional bağlantılar, iqtisadi sərmayə, enerji, ticarət və təhlükəsizlik də daxil olmaqla geniş əməkdaşlıq istiqamətlərini əhatə edir.

907-ci düzəlişin tətbiqinin dayandırılması da Azərbaycan–ABŞ münasibətlərində uzun müddət mövcud olmuş siyasi maneələrdən birinin aradan qaldırılması baxımından əhəmiyyətlidir. Beləliklə, Vaşinqton görüşündən sonra bir tərəfdən Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunur, digər tərəfdən Azərbaycanın ABŞ-la münasibətlərinin siyasi və iqtisadi məzmunu genişlənir.
Prezident İlham Əliyevin 2026-cı ilin fevralında Cey Di Venslə birgə mətbuat qarşısında söylədiyi “Biz sülh içində yaşamağı öyrənirik” fikri ötən bir ilin mənzərəsini kifayət qədər dəqiq ifadə edir. Otuz ildən artıq münaqişə yaşamış dövlətlər üçün sülh şəraitində yaşamaq özü yeni siyasi təcrübədir. Bu təcrübənin davamlı olması isə hüquqi təminatlardan, iqtisadi maraqlardan və tərəflərin qəbul etdikləri öhdəliklərə münasibətindən asılı olacaq.
Bununla belə, prosesin tamamlandığını söyləmək tezdir. Qarşıda sülh sazişinin yekun imzalanması dayanır. Azərbaycanın Ermənistanın hüquqi sistemində ölkəmizin ərazi bütövlüyünə qarşı gələcək iddialara əsas yarada biləcək müddəaların aradan qaldırılması ilə bağlı mövqeyi prinsipial xarakter daşıyır. Uzunmüddətli sülh elə hüquqi əsaslar üzərində qurulmalıdır ki, gələcəkdə hakimiyyətlərin dəyişməsi dövlətlərin bir-birinin ərazi bütövlüyünə münasibətini yenidən mübahisə predmetinə çevirməsin.
Ermənistan üçün də qarşıdakı dövr mühüm seçim mərhələsidir. Keçmişin ərazi iddialarını gələcəyə daşımaq həmin ölkənin regional əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. Azərbaycan və Türkiyənin iştirakı ilə formalaşan nəqliyyat, enerji və ticarət imkanlarına qoşulmaq isə Ermənistanın uzunmüddətli iqtisadi maraqları baxımından başqa perspektiv açır.
Azərbaycanın mövqeyi aydındır. Ölkəmiz ərazi bütövlüyünü bərpa edib, bütün ərazisində suverenliyini təmin edib. İndi əsas vəzifə əldə olunmuş tarixi nəticəni uzunmüddətli təhlükəsizliyə, iqtisadi inkişafa və regional sabitliyə çevirməkdir.
Burada Azərbaycanın gücü, siyasi iradəsi və imkanları xüsusi rol oynayır. Dövlətin gücü yalnız müharibədə əldə etdiyi nəticə ilə ölçülmür. Qələbədən sonra həmin nəticəni qorumaq, diplomatik müstəvidə möhkəmləndirmək və uzunmüddətli siyasi üstünlüyə çevirmək də dövlət siyasətinin mühüm göstəricisidir. 
Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi siyasətdə bu ardıcıllıq görünür: ərazi bütövlüyünün bərpası, suverenliyin tam təmin olunması, sülh gündəliyinin irəli sürülməsi, Minsk prosesinin bağlanması, kommunikasiyaların açılması istiqamətində addımlar, iqtisadi münasibətlərin başlanması və Azərbaycanın beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi. Bu səbəbdən 8 avqust 2025-ci il Vaşinqton görüşünün nəticəsini yalnız paraflanmış sülh sazişi ilə məhdudlaşdırmaq düzgün olmazdı. Aradan keçən bir il daha geniş siyasi mənzərə yaradıb. Minsk prosesi tarixə qovuşub, Bakı ilə İrəvan arasında birbaşa dialoq davam edir, iqtisadi əlaqələrin ilkin elementləri yaranıb, regional nəqliyyat layihələrinin çərçivəsi formalaşır, Azərbaycan–ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və cəmiyyətlər arasında ilk təmaslar başlanıb. Bütün bunlar birlikdə Cənubi Qafqazda münasibətlərin məzmununun dəyişdiyini göstərir. Qarşıdakı əsas vəzifə bu dəyişiklikləri geri dönüşü çətin olan siyasi və iqtisadi reallığa çevirməkdir. Elə bir münasibətlər sistemi formalaşmalıdır ki, gələcəkdə qarşıdurmaya qayıtmaq istəyən hər kəs bununla birlikdə təhlükəsizliyi, yolları, bazarları, ticarəti, tranzit imkanlarını və bütövlükdə gələcəyi itirəcəyini də nəzərə alsın. 2020-ci ildə Azərbaycan döyüş meydanında regionun siyasi reallığını dəyişdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda həmin reallığın sülh müstəvisində davam etdirilməsi üçün mühüm siyasi çərçivə yarandı. Ötən bir il ərzində isə bu çərçivənin tədricən iqtisadi, nəqliyyat, hüquqi və ictimai məzmunla tamamlanmasının şahidi olduq.

Qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi. İndi qarşıda duran əsas məqsəd həmin Qələbənin nəticələrini davamlı sülhə, regional sabitliyə və gələcək nəsillərin təhlükəsizliyinə çevirməkdir.

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri