18 sentyabr 2026 15:19
188

Şamaxının yenilənən siması: TARİXİ İRSDƏN MODERN ŞƏHƏR MODELİNƏ

Əsrlər boyu Şirvanşahlar dövlətinin paytaxtı olmuş bu qədim şəhər yaradılan zəngin infrastruktur sayəsində ilin dörd fəslində daxili və xarici turistləri qəbul etmək gücünə malik regional turizm mərkəzinə çevrilmişdir

Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Prezident İlham Əliyev belə bir vəzifənin yüksək səviyyədə gerçəkləşdirilməsi məqsədilə vaxtaşırı rayonlara səfər edir. Bu zaman ölkə rəhbəri yerlərdə investisiyaların qeyri-neft sektoruna, xüsusən də bölgələrin inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanır, üzləşilən çətinliklərin aradan qaldırılması üçün icra strukturlarına zəruri tapşırıq və tövsiyələrini çatdırır. Başqa sözlə, dövlət başçısının nəzarət üçün bir vasitə olan bölgələrə səfərləri verdiyi tapşırıqların necə yerinə yetirilməsi məqsədi daşıyır. Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər nəticəsində regionlarda iqtisadi fəallıq getdikcə artır.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sentyabrın 17-də Şamaxı rayonuna səfəri regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsidir. Həyata keçirilən layihələr göstərir ki, Şamaxı yalnız zəngin tarixi və mədəniyyəti ilə deyil, həm də müasir turizm və istirahət infrastrukturu ilə ölkənin aparıcı mərkəzlərindən birinə çevrilir. Səfər çərçivəsində “Meysari Grand Hotel & SPA” kompleksinin, “Pirqulu Park” hotelinin açılışları, “Nəsimi Bağları” və Pir Ömər Sultan ziyarətgahındakı təmir-bərpa işləri ilə tanışlıq Şamaxının strateji inkişaf modelini aydın göstərir: tarixi-mənəvi irsin mühafizəsi və müasir turizm infrastrukturu vasitəsilə regional iqtisadiyyatın şaxələndirilməsi. Qeyd edək ki, “Meysari Grand Hotel & SPA” kompleksinin və “Pirqulu Park” hotelinin açılışı rayona gələn yerli və xarici turistlərin rahatlığını təmin etməklə yanaşı, yüksək xidmət standartlarının formalaşmasına zəmin yaradır.

“Meysari Grand Hotel & SPA” kompleksi müasir arxitektura üslubu ilə təbiət mənzərəsini özündə birləşdirən istirahət mərkəzidir. Kompleks daxilində lüks otel otaqları, müasir SPA və reabilitasiya xidmətləri, müxtəlif restoranlar və konfrans zalları mövcuddur. Şamaxının aqroturizm (şərab və üzümçülük) potensialının mərkəzi olan Meysari kəndində belə bir otelin açılması regionun premium segmentli turistləri cəlb etmə imkanlarını köklü şəkildə artıracaq. Həmçinin yüzlərlə yeni iş yerinin yaradılması ilə yerli əhalinin sosial refahına birbaşa dəstək verəcək. “Pirqulu Park” Hoteli Dəniz səviyyəsindən yüksəkdə, təmiz dağ-meşə zolağında (Pirqulu ərazisində) yerləşən, ailəvi və fəal istirahət üçün nəzərdə tutulmuş müasir otel kompleksidir. Ekologiya və komfortun sintezi əsasında layihələndirilib. Otel dağ və ekoturizmin il boyu (dörd fəsil) davamlı inkişafına imkan yaradacaq. Xatırladaq ki, dövlətimizin həyata keçirdiyi regional inkişaf strategiyası nəticəsində bu gün ölkənin demək olar ki, bütün bölgələrində yüksək beynəlxalq standartlara cavab verən otellər, istirahət kompleksləri və müasir turizm infrastrukturu formalaşıb. Bu proses təkcə paytaxt Bakı və ya Şamaxı ilə məhdudlaşmır, Qəbələ, Quba, Lənkəran, Naftalan və işğaldan azad olunmuş Qarabağ ilə Şərqi Zəngəzuru da əhatə edir. Qəbələdə "Tufandag", Qubada "Rixos", Qusarda "Shahdag Mountain Resort", Naftalanda isə müasir sağlamlıq-SPA mərkəzləri ölkənin bütün istiqamətlərində premium xidmət şəbəkəsini təmin edir.

“Nəsimi Bağları” kompleksi Şamaxının estetik simasını yeniləyir, şəhər sakinləri və qonaqlar üçün rahat asudə vaxt məkanı təqdim edir. Ərazidə 150 mindən çox müxtəlif ağac və bitki (o cümlədən şam, üzüm bağları, dekorativ bitkilər və sürətlə böyüyən pavlovniya ağacları) əkilib. Kompleks çərçivəsində, eyni zamanda, məscid də fəaliyyət göstərir. Onu da bildirək ki, Şamaxı rayonunda son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində şəhərin estetik siması köklü şəkildə dəyişmiş, həm yerli sakinlərin, həm də şəhərə gələn turistlərin asudə vaxtını səmərəli keçirməsi üçün müasir parklar və lüks istirahət kompleksləri istifadəyə verilmişdir. Məsələn, Mirzə Ələkbər Sabir Adına Park Şamaxı şəhərinin mərkəzində yerləşən, tamamilə yenidən qurulan və müasir işıqlandırma, fəvvarələr, yaşıl zolaqlar və oturacaqlarla təmin olunan əsas istirahət guşələrindən biridir. Həmçinin şəhərin girişində və mərkəzi küçələrində salınan yeni parklar, piyada gəzinti zolaqları və uşaq əyləncə meydançaları sakinlərin rahatlığını təmin edir.

Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi də dövlət siyasətinin ana xəttini təşkil edir. Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri Şamaxının qədim tarixinin qorunub saxlanılmasında mühüm əhəmiyyətə malikdir. Şamaxının zəngin dini-mədəni keçmişini gələcək nəsillərə çatdırmaqla yanaşı, regionda inanc və ziyarət turizminin inkişafına mühüm töhfə verəcək. Pir Ömər Sultan ziyarətgahında olduğu kimi, bütün tarixi obyektlərdə bərpa işləri yüksək səviyyədə və peşəkar mütəxəssislərin nəzarəti altında, orijinal üsluba xələl gətirmədən aparılır. Otuz ilə yaxın davam edən işğal dövründə erməni vandalizminə məruz qalmış, dağıdılmış və təhqir olunmuş 60-dan çox məscid və dini abidənin bərpası bu gün dövlətin ən prioritet vəzifələrindən biridir. Azərbaycan yalnız məscidləri deyil, ölkə ərazisindəki xristian və yəhudi dini-tarixi abidələrini, kilsə və sinaqoqları da eyni diqqətlə bərpa edir.

Qeyd etdiyimiz kimi, Şamaxı böyük turizm potensialına malik rayondur. Bu rayonun paytaxta yaxın olması, həm də yolların müasir şəkildə yenidən qurulması, o cümlədən müasir turizm mərkəzlərinin, mehmanxanaların istifadəyə verilməsi buraya səfər edən turistlərin sayında kəskin artıma səbəb olub. Belə ki, son 5 ildə bölgəyə turist axını ildə orta hesabla 10–12 faiz artıb, turizm sektorunda məşğulluq 20 faizə yaxın genişlənib. Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Şamaxı həm də meşə massivləri, dağ çayları, bulaqları və təmiz havası ilə seçilir. Şam və fıstıq meşələri ilə zəngin olan Pirqulu zonası ekoturlar, yürüş, kamp və təbiət qoynunda istirahət üçün əvəzsiz məkandır. Göl mənzərələri və təmiz havası ilə yay mövsümündə sərinlik, qışda isə inanılmaz dağ mənzərələri təqdim edir. Əsrlər boyu Şirvanşahlar dövlətinin paytaxtı olmuş Şamaxıda qədim qalaların, türbələrin (Kələxana türbələri, Şahxəndan) və tarixi abidələrin qalıqları arxeoloji turizm baxımından böyük əhəmiyyət kəsb edir.

Şamaxı əsrlər boyu üzümçülük ənənələri ilə tanınıb. Müasir dövrdə bu ənənə enoturizm (Enoturizm və ya şərab turizmi — şərab istehsal edilən ərazilərə səyahət edərək müxtəlif növ şərabların dadmaq, şərabın istehsal prosesi ilə yaxından tanış olmaq) brendinə çevrilib. Meysəri kəndi və üzüm bağları bu baxımdan diqqət çəkir. "Abqora", "Meysari" brendləri, tənək bağları, müasir emal təsərrüfatı və turistlər üçün dequstasiya zalları aqroturizmin ölkədəki ən parlaq nümunəsidir. Rayonda keçirilən regional festivallar - üzüm və şərab festivalları minlərlə turisti regiona cəlb edir.

Sevinc Azadi, “İki sahil”