07 noyabr 2026 14:56
165

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

Türk Dövlətləri Təşkilatının hökumət başçılarının toplantısı bu dəfə Bakıda keçirilir. Sizi səmimiyyətlə salamlayıram, xoş gəlmisiniz! Əminəm ki, bu görüşün çox böyük faydası olacaq. Hər zaman olduğu kimi, bizim ölkələrimiz birlik, həmrəylik göstərəcəklər. Qarşımızda duran önəmli iqtisadi məsələlərin müzakirəsi üçün də bu görüşün çox böyük əhəmiyyəti var. Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün də böyük töhfə verir və verəcək. Bu bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk Dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi çox önəmlidir. Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi, biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq.

“İki sahil” xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 152-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Qırğız Respublikası Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulu Ataqulıyev, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə 2026 cı il aprelin 2-də görüşü zamanı söyləyib.

Çoxcildliyin bu kitabında toplanmış materiallar 2026-cı ilin aprelin may ayınadək olan dövrü əhatə edir. Bu nəşrdə dövlət başçısının Qazaxıstan Respublikasına, Gürcüstana, Türkiyə Respublikasına işgüzar və dövlət səfərlərinə, bu səfərlər zamanı 5-ci Antalya Diplomatiya Forumunun açılışı mərasiminə, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakına, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Türk Dövlətləri Təşkilatının yüksək rütbəli şəxsləri, o cümləden ölkəmizə rəsmi səfərə gəlmiş Çex Respublikasının Baş Naziri və Latviya Respublikasının Prezidenti ilə görüşlərinə dair materiallar toplanıb.

Kitabda Azərbaycan Respublikası Prezidentinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin, Zəngilan şəhərində isə yaşayış kompleksinin açılışı mərasimlərində iştirakına aid materiallar, həmçinin “Euronews” televiziyasına müsahibəsi yer alıb.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.