07 noyabr 2026 13:05
202

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib.

“İki sahil” xəbər verir ki,  “Almet Holding” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təsisçisi Şirin Camallı dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, əsas təsisçisi “Almet Holding” ASC olan “ASMC” MMC 2024-cü ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi dəyəri 24,9 milyon manat olan layihə iki mərhələdə həyata keçirilir. Dəyəri 8,8 milyon manat olan birinci mərhələnin maliyyələşdirilməsində özəl vəsaitlə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən subsidiyalaşdırılan 4,7 milyon manata yaxın bank kreditindən istifadə edilib. İkinci mərhələ üzrə 16,1 milyon manat investisiya nəzərdə tutulur. Sənaye Parkının rezidenti kimi müəssisə 470 min manat dəyərində əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azad olunub.

Təqribən 1,7 hektar ərazidə yerləşən zavodda polad həsir, tikanlı, çəkilmiş, yanmış və sinklənmiş məftil və mismar istehsal olunacaq. Birinci mərhələdə illik istehsal gücü 4 min 920 ton polad həsir, 3 min 480 ton çəkilmiş məftil, 3 min 180 ton mismar, 1800 ton yanmış məftil, 12 min ton məftil və 1080 ton soyuq deformasiya olunmuş armatur təşkil edəcək. İkinci mərhələdə isə illik 10 min ton qalvanikləşdirilmiş və 8 min 240 ton yüksəkkarbonlu çəkilmiş məftil istehsalı planlaşdırılır.

Müəssisənin istehsal etdiyi polad həsir, məftil və mismar azad olunmuş ərazilərdə aparılan tikinti-bərpa işlərində geniş istifadə edilən materiallardır. Bu məhsulların bölgədə istehsalı tikinti layihələrinin materialla yerindən təminatına və daşınma xərclərinin azalmasına imkan yaradır.

İtaliya, Almaniya, Türkiyə və Çinin aparıcı şirkətlərinin avadanlığının quraşdırıldığı müəssisədə məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Hazırda burada 26 nəfər çalışır. Müəssisə tam gücü ilə işə düşəndən sonra daimi iş yerlərinin sayı 100-ə çatdırılacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin ölkənin iqtisadi məkanına reinteqrasiyası istiqamətində dövlət başçısının rəhbərliyi ilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Sənaye parklarında yaradılan infrastruktur, vergi və gömrük güzəştləri, Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli maliyyələşmə və zəmanət mexanizmləri özəl sektorun regiona investisiya yatırmasını stimullaşdırır.