KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Özü yıxılan ağlamaz

30 sentyabr 2023 00:10
7654

Sən ki, bizim torpaqda zühur etdiyin gündən kəllə-mayallaq olacağını bilirdin, bəs DTX-nın təcridxanasında göz yaşı axıtmağın nə idi?..


“Belə məlum olur ki, sən burada heç də Qarabağ ermənilərinə xidmət etmək üçün deyil, “dərənin xəlvətliyindən” yararlanan tülkü kimi havadarlarınla əl-ələ verərək təbii sərvətlərimizi talamaq niyyəti ilə peyda olmusan. Bil və agah ol ki, xəbis niyyətinə çata bilməyəcəksən. İnşallah, tezliklə Azərbaycanın hüquq-mühafizə orqanları sənə elə bir toy tutacaqlar ki, səsi güvəndiyin yerlərdə də eşidiləcək...”

Yəqin ki, diqqətli oxucularımız yaxşı xatırlayırlar. Ötən il qəzetimizin 24 dekabr tarixli sayında dərc olunmuş “Ruben Vardanyanla virtual söhbət” sərlövhəli yazımızı yuxarıdakı  cümlələrlə bitirmişdik. Allaha çox şükürlər olsun ki, nəhayət, Azərbaycan xalqının səbirsizliklə gözlədiyi o gün gəldi. Sentyabrın 27-də Rusiyada və  dünyanın müxtəlif ölkələrində qaranlıq biznes şəbəkəsi qurmaqla böyük var-dövlət sahib olmuş, “çirkli pulların yuyulması” sahəsində zəngin təcrübə toplamış erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın  “Qarabağ hekayəsi” axır ki, bitdi. Özü də Moskadakı lüks həyatını buraxıb “Qarabağa köçmək” adı ilə qəflətən Xankəndidə peyda olmasının düz bir ilinin tamamında. Həmin gün Azərbaycan sərhədçiləri onu Laçın nəzarət-buraxılış məntəqəsindən Ermənistana keçmək istəyərkən yaxalayaraq əli-qolu qandallı Bakıya gətirdilər və məhkəmənin qərarı ilə  “Qarabağ hekayəsi”nin baş qəhrəmanı”nın barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi. Toplanılmış sübutlarla hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü Vardanyan Ruben Karlenoviç haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırıldı.

 Keçmiş rusiyalı milyarder, artıq tarixin zibilliyinə atılmış qondarma “Dağlıq Qarabağ respublikası”nın dövlət naziri” (necə də pafoslu səslənir!) olmuş bugünkü  qatı cinayətkar ünsürün Laçın sərhəd-keçid məntəqəsində saxlanılma, xüsusilə Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının  müşayiəti ilə məhkəməyə aparılma anlarını əks etdirən videosüjetlərdə onun heyrətdən ürkmüş sifətini və qorxudan bərəlmiş gözlərini görərkən qəlbimizdə 9 ay əvvəl yarımçıq qalmış “Ruben Vardanyanla virtual  söhbət”i davam etdirmək istəyi baş qaldırdı. Təbii ki, o vaxt məlum səbəblərdən bir jurnalist kimi ona suallarımızı üzbəsurət vermək imkanımız yox idi. Bu, elə bir dövr idi ki, Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağın ermənilər yaşayan hissəsinə nəinki Azərbaycandan hansısa bir jurnalistin keçib kimdənsə müsahibə götürməsi, hətta  bizim tərəfdən o istiqamətə quşun uçması belə mümkünsüz görünürdü. Bu səbəbdən də onunla söhbəti virtual qaydada aparmağa məcbur olmuşduq. İndi isə vəziyyət tamamilə fərqlidir. Yaxın günlərə kimi Xankəndidə silahlı  rus sülhməramlılarının arxasında gizlənib gecə-gündüz ağzı köpüklənə-köpüklənə  biz azərbaycanlıların ünvanına hədyanlar yağdıran, erməni xalqının mifik qəhrəmanlığından bəlağətlə dəm vuran, qondarma “artsax”ın müstəqilliyini, suverenliyini qorumaq üçün son damla qanına qədər vuruşacağını bəyan edən, bütün həmcinslərini bu “ali məqsəd” naminə mübarizəyə səsləyən  erməni əsilli rusiyalı milyarder artıq bizimlə eyni şəhərdə- Bakıdadır. Amma təbii ki, bizim sıralarımızda yox, dəmir barmaqlıqlar arasında. Bu səbəbdən onunla söhbətimizi yenə də virtual  davam etdirməli oluruq.

...Hə, Rubençik, belə-belə işlər. Biz azərbaycanlılarda belə bir müdrik atalar məsəli var: "Özü yıxılan ağlamaz". Sən ki, bizim torpaqda zühur etdiyin gündən kəllə-mayallaq olacağını bilirdin, bəs DTX-nın təcridxanasında göz yaşı axıtmağın nə idi?..Nə isə...Gələk mətləb üstünə... Yəqin ki, əsl erməni xislətinə köklənmiş  min bir fitnə-fəsadla, hiylə, fırıldaq və kələklə rus xalqından çırpışdırdığın “çirkli pullar” hesabına Moskvada  sahib olduğun komfort həyatını buraxıb, sayəsində milyardlara yiyələndiyin Rusiyanın vətəndaşlığından “könüllü” imtina edərək qəflətən Xankəndidə peyda olduğun günü unutmamısan.  Əgər unutmusansa xatırlada bilərik. 2022-ci ilin 1 sentyabr tarixini deyirik. Heç ona da şübhə etmirik ki,  həmin gün o vaxt Xocavənd rayonunun sülhməramlıların nəzarətində olan Şıx Dursun kəndində gurultulu ibarələrlə bəyan etdiyin kimi,  “2040 yaşlı nəhəng erməni çinarı”nın fonunda dünya erməniliyinə “Youtube”  vasitəsilə videomüraciətin də yaddaşından silinməyib.  Bədnam videomüraciətində “Qarabağda erməni mövcudluğunun vacibliyi”ni vurğulayaraq  buraya “44 günlük müharibədən sonra ermənilərin aldıqları psixoloji travmanın nəticələrini aradan qaldırmaq” üçün “ürəyinin hökmü” ilə gəldiyini bildirmişdin.  Ərz etmişdin ki, “2020-ci il müharibəsindən sonra biz  bütün dünya erməniləri “artsax xalqı” ilə bir yerdə olmalıyıq. Onlara nəinki simvolik dəstək verməli, həm də əməli işimizlə kömək etməliyik.” Gözünün içinə kimi ağ yalan danışırdın.  Çünki videomüraciətinin mabədində dediklərin özün də bilmədən Qarabağda qəflətən zühur etməyinin əsl səbəblərini faş etmişdi. Hər cümlənin əvvəlində də, axırında da milli xislətinizə uyğun olaraq Rusiya sülhməramlı kontingentinə  “erməniləri müdafiə etdiyinə görə dərin  minnətdarlığını” bildirməyin, yekə başından da qat-qat böyük həyasızlıqla “Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və “artsax xalqı”nın təhlükəsizliyini öz gücümüzlə təmin edə bilənə qədər onların qalma müddətləri artırılmalıdır” deməyin   sübut edirdi ki, buraya “öz ürəyinin hökmü ilə” gəlməmiş, Kremldəki ağaların tərəfindən xüsusi missiya ilə göndərilmisən. Yəni, demək istəyirdin ki, ağalarım belə məsləhət görüblər, mən də onların tapşırıqlarına canla, başla əməl edirəm. Əgər ağalarımın tapşırıqlarını yerinə yetirməsəydim  Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa İttifaqının və ABŞ-ın sanksiyalarına tuş  gəlib xaricdəki topdağıtmaz əmlaklarımı itirdiyim kimi, buradakı varidatımı da əlimdən alıb məni “lüt ana bülbül” qoyardılar. Bu düşüncəndə də yanılmışdın, Rubençik. Elə zənn edirdin ki,  yeri gəldi-gəlmədi addımbaşı Kremldəki ağalarına yarınmaqla, yaltaqlanmaqla  heç olmasa Rusiyadakı varidatını qoruyub saxlayacaq, necə deyərlər, “lüt ana bülbül” olmaqdan yaxa qurtara biləcəksən. Amma çifayda! Ermənistanda və Qarabağda özlərinin uzaqgedən planlarını reallaşdırmaq üçün  səndən bir əski parçası kimi istifadə edib Xankəndiyə ezam edənlərin elə sərhəddə saxlanıldığın gün səni “baqaj”a qoymalarından xəbərin varmı? Yəqin ki, yoxdur. Ay bədbəxt, dəmir barmaqlıqlar arasında necə xəbərin ola bilər ki? Elə isə qulaq as, gör Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Komitəsinin üzvü Aleksandr Başkin sənin həbsinə təmsil etdiyi dövlətin münasibətini necə şərh edib: “Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdikdən sonra Moskva ona kömək edə bilməyəcək. Bu, onun öz qərarının nəticəsidir. Vətəndaşlıqdan imtina etmək onun könüllü seçimi idi. Müvafiq olaraq, bu addımın bütün hüquqi nəticələri onun seçiminin nəticəsidir. Hazırda o, Rusiya Federasiyasından kömək ala bilmir və bundan sonra da almayacaq.” Bax, belə! Bu  da sənin güvəndiyin dağlar! Gördünmü necə qar yağdı o dağlara?!

Rubençik, az qala unutmuşduq. Sən qəflətən Xankəndidə zühur edəndə Ermənistandakı və dünyadakı həmcinslərini belə  bir sual düşündürürdü: Necə oldu ki, İrəvanda doğulan, Qarabağla heç bir bağlılığı olmayan, 24 yaşında Rusiyada “Troyka Dialoq” bankının direktoru  kürsüsünə qalxan, burada  milyardlarla dollara sahiblənən, həmçinin çoxsaylı fondları, şirkətləri, o cümlədən “AvtoVAZ”ın və “KamAZ”ın səhmlərinin bir hissəsini ələ keçirən, ümumiyyətlə, kriminal aləmdə “çirkli pullar”ın mahir yuyucusu kimi tanınan Ruben Vardanyanın yadına məhz bu məqamda Qarabağ erməniləri düşdü?  İddia edə bilərsən ki, məlum videomüraciətimdə belə bir  addım atmaqda əsas  məqsədimin “artsax”ı dünya erməniliyinin mərkəzinə çevirmək” olduğunu bəyan etmişəm. Amma bu kələyin də keçmədi. Bu qərarını hər nə qədər çevrəndə dəbdə olan “artsax”, “ermənilik”  kimi ibarələrlə  malalamağa, ütüləməyə çalışsan da çox qısa bir zamanda  əsl niyyətin üzə çıxdı. Məlum oldu ki, sən “çirkli pulların mahir yuyucusu” kimi o vaxtlar “boz  zona” olan Qarabağın ermənilər yaşayan hissəsinə kabab iyinə gəlmisən. Necə deyərlər, əla fürsət yaranmışdı. Yəni, bir tərəfdən  Kremldəki ağalarının tapşırıqlarını icra etməli, digər yandan  “dərə xəlvət, tülkü bəy” prinsipi üzrə hərəkət edərək buradakı Azərbaycan dövlətinə məxsus olan təbii sərvətləri talayaraq kapitalını artırmalı idin. Əgər  belə deyildisə, yəni doğrudan da Xankəndiyə “köçməkdə” məqsədin ”dar gündə” “artsax xalqı”nın yanında olmaq idisə, bəs burada zühur edəndən dərhal sonra Azərbaycanın müvəqqəti işğal altında olan  “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında nə ölümün vardı? Hansı haqla və statusla Rusiya sülhməramlı kontingenti ilə razılaşma əsasında bu yataqlarda, yəni öz suveren ərazisində qanuni monitorinq aparmaq üçün buraya gələn Azərbaycan nümayəndə heyətinin qarşısına çıxmışdın? Amma bu alçaq niyyətin də baş tutmadı. Həmin  vaxt Şuşa-Xankəndi yolunda qondarma “dqr”in qondarma “dövlət naziri” titulunu daşıyan sənin və artıq gorbagor olmuş separatçı rejimin digər “rəhbər”lərinin bu özbaşınalıqlarına qarşı fasiləsiz dinc etiraz aksiyası keçirən gənc azərbaycanlı ekofəalların qətiyyəti sayəsində Azərbaycanın təbii sərvətlərini talamaq siyasətinizə xitam verməyə məcbur edildiniz. Necə deyərlər, Qarabağa kabab iyinə gəlmişdin, mal təzəyi yeməli oldun. Qətiyyən şübhə etmirik ki, Azərbaycanın  hüquq-mühafizə orqanları artıq başlanan istintaqın gedişində bütün bunların hesabını səndən soracaqlar.

Rubençik, yəqin ki, səninlə bu yöndə  virtual söhbətimizi gələcəkdə də davam etdirməli olacağıq. Axı, mühakimə olunduğun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq  maddələrinə görə, qarşıda səni 20 il və ya ömürlük həbs  cəzası gözləyir. Yeri gəlmişkən, günahsız  həbs olunan, hər hansı təsadüfi hadisəyə görə dəmir barmaqlıqlar arasına düşən insanlarla bağlı Azərbaycan xalqının əsrlərin dərinliyindən süzülüb gələn belə bir müdrik deyimi də var: “Allah qapısını açsın.” Təbii ki, bu müdrik deyimi qətiyyən sizlərə şamil etmək olmaz. Allah sənin və əlləri  günahsız azərbaycanlıların qanına batmış, bu gün Azərbaycanın təcridxanalarında saxlanılan xaçaturyanların, babayanların, manukyanların, mnatsakanyanların, qaramyanların inşallah yaxın gələcəkdə xalqımıza qarşı törətdikləri dəhşətli cinayət əməllərinə  görə qanunlarımız   qarşısında cavab verməli olacaq koçaryanların, sarkisyanların, ohanyanların, arutyunyanların, saakyanların, qukasyanların, digər yanların  heç qapısını açmasın. Amin!..