KÖŞƏ

Mahir Rəsuloğlu

Yolun sonu...

18 fevral 2023 01:57
2323

Künc zərbəsi

Qarabağdakı separatçılar arasında qarşıdurma Azərbaycanın zəruri addımlar atmasına rəvac verə bilər

Qarabağdakı separatçı qurumun qondarma “prezident”i Araik Arutyunyanın tutduğu “post”dan istefa verərək qaçması ilə bağlı proqnozlar özünü doğrultmaqdadır. Məlum olduğu kimi, o, buna daha əvvəllər də bir neçə dəfə cəhd göstərib. Hələ İkinci Qarabağ müharibəsindən az sonra – 2021-ci ildə Ermənistan mətbuatında Arutyunyanın Xankəndidəki daşınmaz əmlakını və böyük biznes şəbəkəsinə daxil olan obyektlərini satmaq istədiyi barədə məlumatlar yayılmışdı. İddia edilirdi ki, burada qalmağın onun üçün heç bir perspektiv vəd etmədiyini, əksinə, nəticə olaraq Azərbaycan qanunları qarşısında cavab vermək təhlükəsinin mövcudluğunu anlayan quldurbaşı öz biznesini Rusiya ərazisinə köçürməyə və  aradan çıxmağa çalışır. Lakin ehtimal ki, həmin vaxt Ermənistandakı onu “hakimiyyətə” gətirmiş qüvvələrin bu planını reallaşdırmaq qadağası ilə üzləşən Arutyunyan qaçmaq niyyətini təxirə salmalı olmuşdu.

Ötən ilin sonları və 2023-cü ilin əvvəlində quldurbaşı yenidən bu mövzuda gündəmə gəldi. Onun Qarabağın ermənilər yaşayan hissəsindəki qondarma qurumun dırnaqarası “prezident”i vəzifəsindən istefa vermək, “parlament”i buraxmaq və yeni “seçki”lər keçirmək istəyində olduğu haqda məlumatlar yayıldı. Araik bu addımını hazırkı vəziyyətdə yeganə çıxış yolu kimi gördüyünü bildirərək “səbəb” (əslində bəhanə) kimi Laçın yolundakı vəziyyəti göstərmişdi. Ancaq onun aradan çıxmaq cəhdi bu dəfə də alınmadı. Çünki separatçıların başçısını zorla yerində saxlamağa çalışanlar bu addımın qondarma qurumun sonunu gətirəcəyini, “seçki”lərin keçirilməsinin mümkün olmayacağını və “hakimiyyətsizlik” yaranacağını yaxşı başa düşürdülər.

Rusiyalı cinayətkar, “dövlət naziri” Ruben Vardanyanla aralarında yaranmış fikir ayrılığından sonra Arutyunyan yenidən qaçmaq planları qurmağa başlayıb. Ancaq bu dəfə təzyiqlərlə üzləşməmək üçün öz gedişinə daha ağıllı hazırlaşır və separatçı rejimin sonrakı taleyinə “problem yaratmayacaq” “hüquqi şərait” formalaşdırmağa çalışır. Bunun ən sadə yolu isə oyuncaq “dövlət”in dırnaqarası konstitusiyasına dəyişiklik edilməsidir.

Bütün baş verənlər separatçılar arasında qarşıdurmanı daha da gücləndirib. Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Qarabağın ermənilər yaşayan hissəsində daxili siyasi vəziyyət həddindən artıq gərginləşib və yaxın vaxtlarda kadr dəyişiklikləri olacaq. İlk olaraq isə rusiyalı cinayətkar Ruben Vardanyan vəzifədən uzaqlaşdırılacaq. Bu addımın qaçılmaz olduğunu yazan qəzetin məlumatına görə, Vardanyanın göndərilməsinə Rusiya tərəfi də razılıq verib. Arutyunyanın “vəzifə”sindən gedə bilməsi üçünsə “konstitusiya”ya dəyişiklik edilməsi gözlənilir. Ermənilər özləri də etiraf edirlər ki, bu dəyişikliyin hüquqi yolla həyata keçirilməsi, yəni saxta da olsa referendum keçirilməsi indiki halda mümkün deyil, səsvermənin təşkili baş tutmaya bilər. Ona görə də Arutyunyan dəyişikliyi qondarma parlament vasitəsilə etmək barədə qərar verib. Bu dəyişiklik nəticəsində separatçı qurumun “prezidenti”nin, necə deyərlər, başına bir iş gələrsə, indiki halda Araik qaçıb aradan çıxarsa yeni “prezident” “deputat”ların üçdə iki səsi ilə “parlament”də seçilə bilər.

“Konstitusiya” dəyişikliyinin vacibliyini Araikin “müşavir”i Davit Babayan da əsaslandırmağa çalışıb və bu baş verməzsə “ölkə”nin fəlakətli vəziyyətə düşə biləcəyini qeyd edib. O, öz “Facebook” səhifəsində yazıb ki, 2017-ci il islahatlarından sonra faktiki olaraq “siam əkizləri”nə çevrilmiş “prezident institutu”nu “parlament”dən ayırmaq lazımdır.

Yeri gəlmişkən, Qarabağın ermənilər yaşayan hissəsində, həmçinin Laçın yolundakı proseslərə Rusiyanın münasibəti də maraq doğurur. Vardanyanın göndərilməsinə razılıq verdiyi iddia olunan Şimal qonşumuzun rəsmi şəxslərinin “Qarabağ Azərbaycanın daxili işidir” məzmunlu açıqlamaları Rusiyanın mövqe korrektəsinə oxşayır. Ehtimal ki, Azərbaycan Qarabağda daha ciddi addımların atılmasını hədəfləyir və Rusiya tərəfi də bundan xəbərdardır. Politoloq Asif Nərimanlı mövzu ilə bağlı şəxsi sosial şəbəkə hesabında bildirib ki, Qarabağa yerləşdirilən Rusiya vətəndaşlarının çıxarılması prosesi gedir: “Mülki rusların Qarabağa yerləşdirilməsi Moskvanın bölgəyə dair planlarından qaynaqlanırdı: Bununla “rus icması”nı formalaşdırır və sülhməramlılarının bölgədə qalma müddətini bu ssenari üzərindən uzadılmasını planlaşdırırdılar. Çünki erməni əhalisinin Bakı ilə təmaslarının artması perspektivi rusların bölgədə qalmasını da sual altına salır. Moskva separatçılar üzərindən inteqrasiya prosesinə mane olmaqla yanaşı, “rus icması”na alternativ variantdan biri kimi də baxırdı.

İndi rusların geri qaytarılması proseslərin ehtimal olunan inkişafına da diqqət çəkir. Mümkündür ki, Bakı Qarabağda separatizmin ləğvi məqsədilə praktiki addımlar ata bilər. Hadisələrin inkişafı da bu yöndədir və Moskva prosesin bu istiqamətdə inkişafının önünü kəsə bilməyəcəyini anladığı üçün vətəndaşlarını riskli hesab etdiyi bölgədən təxliyə edir.”

Deyəsən, Arutyunyana qaçıb aradan çıxmaq, separatçılara isə qondarma “konstitusiya”larına dəyişiklik etmək qismət olmayacaq. Çünki hər zaman olduğu kimi, həm ölkə daxilində, həm də regionda son sözün sahibi məhz Azərbaycandır.

Mahir Rəsuloğlu, “İki sahil”