KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Ruben Vardanyanla virtual söhbət...

24 dekabr 2022 01:35
7363

Bu gün sülhməramlı kontingentin  müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonunda təkcə rus hərbçiləri deyil, eyni zamanda, həm buradakı, həm də Ermənistandakı həmcinsləri üçün başağrısına çevrilmiş erməni əsilli rusiyalı milyarder Ruben Vardanyana bir neçə sualımız var. Təbii ki, məlum səbəblərdən bir jurnalist kimi ona suallarımızı üzbəsurət vermək imkanımız yoxdur. Ona görə də qarşı tərəfə suallarımızı virtual qaydada ünvanlamağa və təxmin etdiyimiz cavablarını rus sülhməramlılarının məsuliyyət zonasında  qəflətən müəmmalı şəkildə peyda olduqdan sonra  səsləndirdiyi hiyləgər bəyanatlarına, ikibaşlı və çoxbaşlı açıqlamalarına, qeyri-adekvat davranışlarına əsaslanaraq  tərtib etməyə məcburuq.

Beləliklə, ilk sual: Sənin əsl erməni xislətinə köklənmiş  fitnə-fəsadla, min bir hiylə, fırıldaq və kələklə rus xalqından çırpışdırdığın “çirkli pullar” hesabına Moskvadakı komfort həyatını buraxıb milyardlara sahib olduğun Rusiyanın vətəndaşlığından “könüllü” imtina etməyinin, “ürəyinin hökmü ilə” Xankəndiyə “köçməyinin” arxasında hansı niyyət dayanırdı? Heç şübhəsiz cavabın təxminən belə olacaq:  “Niyyətimi Qarabağda qəflətən peyda olduğum gün- bu il sentyabrın 1-də Xocavənd rayonunun sülhməramlıların nəzarətində olan Şıx Dursun kəndində- 2040 yaşlı “nəhəng erməni çinarı”nın fonunda dünya erməniliyinə “Youtube”  vasitəsilə videomüraciətimdə bəyan etmişəm. Videomüraciətimdə “Qarabağda erməni mövcudluğunun vacibliyi”ni vurğulayaraq  buraya “44 günlük müharibədən sonra ermənilərin aldıqları psixoloji travmanın nəticələrini aradan qaldırmaq” üçün gəldiyimi bildirmişəm.  Ərz etmişəm ki, “2020-ci il müharibəsindən sonra biz  bütün dünya erməniləri “artsax xalqı” ilə bir yerdə olmalıyıq. Onlara nəinki simvolik dəstək verməli, həm də əməli işimizlə kömək etməliyik.” Eyni zamanda, dünyadakı həmcinslərimizə xatırlatmağı borc bilmişəm ki, “Bu gün vəziyyət təxminən 100 il əvvəl ermənilər öz güclərini toplayaraq, silahsız bir şəkildə Sərdarabadda düşmənin qarşısını alarkən  möcüzə göstərdikləri zaman kimidir.”

Pardon... Sonuncu fikrinlə lap, necə deyərlər, sarı simə, 1918-ci ildə İrəvan yaxınlığındakı Sərdarabad dəmiryol stansiyasında guya ermənilər tərəfindən Osmanlı qoşunlarının bu şəhərə girişinin qarşısının alındığı döyüşə toxunursan. Boş-boş danışma. Axı erməni kimdir ki, türkün qabağını kəssin. Sən bu “gəlişigözəl”, hər bir həmcinsinin qəlbini riqqətə gətirən pafoslu ifadələrinlə kimə kələk gəlmək istəyirsən, ay bic erməni! Niyə demirsən ki, Kremldəki ağalarım belə məsləhət görüblər, mən də onların tapşırıqlarına canla, başla əməl edirəm. Əgər ağalarımın tapşırıqların yerinə yetirməsəydim  Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa İttifaqının və ABŞ-ın sanksiyalarına tuş  gəlib xaricdəki topdağıtmaz əmlaklarımı itirdiyim kimi, buradakı varidatımı da əlimdən alıb məni “lüt ana bülbül” qoyardılar.

İkinci sual: Hər addımbaşı Rusiya vətəndaşlığından könüllü imtina etdiyini gözə soxduğun halda bədnam videomüraciətində özün də bilmədən xoruzun quyruğunu göstərməyin bu iddialarının  cəfəngiyyatdan başqa bir şey olmadığını sübut etmirmi? Onu da sübut etmirmi ki, bura Moskva tərəfindən xüsusi missiya ilə göndərilmisən? İnanmırsansa, buyur, bu da fakt. Rusiya sülhməramlı kontingentinə  əsl milli xislətinizə uyğun olaraq “erməniləri müdafiə etdiyinə görə dərin  minnətdarlığını” bildirdikdən sonra yekə başından da qat-qat böyük həyasızlıqla “Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və “artsax xalqı”nın təhlükəsizliyini öz gücümüzlə təmin edə bilənə qədər onların qalma müddətləri artırılmalıdır” deyirsən. Hara fırlatsan da bu “düşüncənlə” ipi Kremldəki sahiblərinin əlində olan köpək kimi onların qabağında quyruq bulamağın ortadadır.

 Üçüncü sual: Necə oldu ki, İrəvanda doğulan, Qarabağla heç bir bağlılığı olmayan, 24 yaşında Rusiyada “Troyka Dialoq” bankının direktoru  kürsüsünə qalxan, burada  milyardlarla dollara sahiblənən, həmçinin çoxsaylı fondları, şirkətləri, o cümlədən “AvtoVAZ”ın və “KamAZ”ın səhmlərinin bir hissəsini ələ keçirən, ümumiyyətlə, kriminal aləmdə “çirkli pullar”ın mahir yuyucusu kimi tanınan Ruben Vardanyanın yadına məhz bu məqamda Qarabağ erməniləri düşdü? Yəqin məlum videomüraciətindəki məqamı xatırladıb deyəcəksən ki, məqsədim “artsax”ı dünya erməniliyinin mərkəzinə çevirməkdir”. Keçməz. Nə qədər çevrəndə dəbdə olan “artsax”, “ermənilik”  kimi ibarələrlə  malalamağa, ütüləməyə çalışsan da əsl niyyətin bəllidir. Bir tərəfdən  Kremldəki ağalarının tapşırıqlarını icra edir, digər yandan Qərbin sanksiyası altında olan milyardlarını xilas etmək üçün dəridən-qabıqdan çıxırsan. Axı, sən Qarabağın  erməni icmasına bəzi Qərb ölkələrinin, xüsusən ABŞ və Fransanın dəstəyindən xəbərdarsan və həmin kartdan istifadə etməyə çalışırsan. Bu baxımdan bədnam videomüraciətində ABŞ və Fransa səfirlərinin Şuşaya səfər etməməsini xüsusi qabartmağın, buna görə onlara bol-bol təşəkkür etməyin heç də təsadüfi sayıla bilməz. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən ABŞ və Fransanın ünvanına kompliment söyləməklə Xankəndiyə “könüllü köç” kimi “cəfakeş” addım atdığına görə Qərbin sənin üzünə bağladığı qapıları açacağına ümid edirsənsə çox böyük səhvə yol verirsən.

Nəhayət, sonuncu sual: Əgər doğrudan da sənin Xankəndiyə “köçmək”də niyyətin ”dar gündə” “artsax xalqı”nın yanında olmaqdırsa Azərbaycan ərazisindəki “Qızılbulaq” qızıl və “Dəmirli”, mis-molibden yataqlarında nə ölümün var? Hansı haqla və statusla Rusiya sülhməramlı kontingenti ilə razılaşma əsasında bu yataqlarda, yəni öz suveren ərazisində qanuni monitorinq aparmaq üçün buraya gələn nümayəndə heyətimizin qarşısına çıxırsan? Bax burada da, necə deyərlər, hər vəchlə qoltuğunun altında gizlətməyə çalışdığın “xoruzun quyruğu” görünür. Belə məlum olur ki, sən burada heç də Qarabağ ermənilərinə xidmət etmək üçün deyil, “dərənin xəlvətliyindən” yararlanan tülkü kimi havadarlarınla əl-ələ verərək təbii sərvətlərimizi talamaq niyyəti ilə peyda olmusan. Bil və agah ol ki, xəbis niyyətinə çata bilməyəcəksən. İnşallah, tezliklə Azərbaycanın hüquq-mühafizə orqanları sənə elə bir toy tutacaqlar ki, səsi güvəndiyin Moskvada da eşidiləcək...

Əhməd Qurbanoğlu, “İki sahil”