KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Sülhməramlı beləmi olur?!

05 dekabr 2022 23:35
6786

Bir daha Qarabağdakı rusməramlılar haqqında

Mətləbə keçməmişdən hamıya yaxşı məlum olan, təkcə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş hərbi kontingenti üçün “özünəməxsus” məna daşıyan sülhməramlı missiya anlayışına aydınlıq gətirməyə çalışaq. Beləliklə, BMT mandatlı və bu mandatdan kənar sülhməramlı qüvvələr konfliktdə olan tərəflərlə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərməlidirlər. Situasiyadan asılı olaraq missiyaları fərqlənsə də bütün sülhməramlı qüvvələr öz fəaliyyətlərində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanmalı, münaqişə bölgələrində barış mühitinin yaradılmasına və təhlükəsizliyin təmin edilməsinə dəstək verməlidirlər. Sülhməramlılar qərəzsiz və neytral (!) olmalı, yalnız mandatlarının hüdudları çərçivəsində fəaliyyət göstərməlidirlər. Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə, keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında  əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilməsi missiyanın ən ümdə vəzifələri sırasında olmalıdır. Bu qədər aydın, bu qədər konkret!

Yeri gəlmişkən, İkinci Qarabağ  müharibəsində qalib Azərbaycanın hərbi-siyasi Zəfərinin, məğlub Ermənistanın biabırçı kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda beynəlxalq hüquqi aktlarla sülhməramlı missiyaların qarşısında qoyulan yuxarıda qeyd olunan tələblər öz  əksini tapmışdır. Başqa sözlə deyilsə, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış sözügedən Bəyanat hazırda Qarabağ iqtisadi rayonunda yerləşdirilmiş Rusiya “sülhməramlıları”nın (bu ifadəni ona görə dırnağa alırıq ki, onların davranışları missiyalarına adekvat deyil) fəaliyyəti üçün hüquqi baza rolunu oynamalıdır. O  Bəyanat ki, hələ başqa maddələrini demirik, təkcə 4-cü bəndinin tələblərinə əsasən, Rusiya sülhməramlıları bölgədə 44 günlük müharibədə darmadağın edilmiş erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən çıxarılması ilə paralel surətdə yerləşməli idi. Amma biz əslində nə gördük? Onu gördük ki, Rusiya hərbi kontingenti Bəyanat imzalanandan dərhal sonra bölgədə zühur etdiyi halda, erməni silahlı quldur birləşmələrinin tör-töküntüləri günü bu gün də “sülhməramlılar”ın” nəzarətində olan ərazilərimizdə, necə deyərlər, at oynatmaqdadırlar. Adını “sülhməramlı” qoyan, əslində isə davranışları erməni terrorçularından fərqlənməyən rus hərbçilərinin arxasında gizlənərək demək olar ki, hər gün təxribatlara əl atır, Azərbaycan əsgərini hədəf alır, şəhid edir, yaralayır, mülki insanlarımıza qarşı mina terroru  törədir. Rusiya “sülhməramlı” missiyasının isə bu açıq-aşkar təxribatların qarşısını almaması, ərazisində olduğu  ölkənin suverenliyinə, qanunlarına məhəl qoymaması azmış kimi,  hər addımda bizi  borclu çıxarmağa  çalışması onun gerçək məramını tam çılpaqlığı ilə ortaya qoyur.

Söhbət məramdan düşmüşkən... Biz özünü sülhməramlı qüvvə kimi göstərməyə çalışan Qarabağdakı Rusiya  hərbi kontingentinin əsl  məram(sızlığ)ına hələ iki il öncə Yeni il gecəsi  erməni  konyakının təsirindən  dili topuq vuran sıravi bir üzvünün Laçında əhatəsindəki “axçi”lərin “şərəfinə” badə qaldırarkən “biz bura sizi qorumağa gəlmişik” deyəndə bələd olmuşduq. Biz bu missiyanın məram(sızlığ)ını onun ilk komandanı, müsəlman adı, soyadı daşısa da davranışları ilə ermənidən də betər ermənilik sərgiləyən  üzdəniraq general-leytenant Rüstəm Muradov Xankəndidəki quldurbaşı Araik Arutyunyanla  ağız-ağıza öpüşüb qol-boyun olanda acı-acı seyr etmişik. Biz onların məram(sızlığ)ını bu gün müvəqqəti yerləşdikləri, hər birimiz üçün müqəddəs məkan olan Azərbaycanın Xocalı şəhəri ərazisində əlində “Kalaşnikov” avtomatı tutub kiçik yaşlı erməni qızını sinəsinə sıxan “xilaskar rus əsgəri”nə abidə ucaldanda görmüşük. Biz rus “sülhməramlıları”nın gerçək məram(sızlığ)ını bu bədnam missiyanın gözləri qarşısında erməni  quldurunun ərazidə xidmət aparan hərbçilərimizə qumbara atması, əsgərlərimizin tərksilah edərək onlara təhvil verdikləri həmin terrorçunun sonradan sərbəst buraxılması zamanı müşahidə etmişik. Biz onların riyakar  məram(sızlığ)ına öz suveren ərazisindən- Ağdərə rayonundan keçən yolla Kəlbəcərə inşaat materialları aparan Azərbaycanın yük maşını karvanını heç bir səbəb olmadan, erməni separatçılarının tələbi ilə geri qaytaranda şahid olmuşuq.

 Son vaxtlar, xüsusilə erməni  əsilli  milyarder Ruben Vardanyanın Moskvadan xüsusi missiya ilə Xankəndiyə göndərilməsindən və quldurbaşı Araik Arutyunyanın “dövlət naziri” təyin edilməsindən sonra Rusiya “sülhməramlıları”nın məsuliyyət zonasında təxribatları daha açıq və intensiv xarakter almaqdadır. “Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarını qeyd edərkən yanlış ifadələrdən istifadə etməməyə çağırırıq. Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR."

Artıq yarım aya yaxındır Rusiya tərəfi Azərbaycan Müdafiə Nazirliyinin demək olar ki, hər gün ona ünvanladığı və dönə-dönə təkrarladığı bu tipli rəsmi bəyanatlarını saymazlıqla, yekəxanalıqla qulaqardına vurur. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərməklə, yaşayış məntəqələrimizə və ərazi vahidlərimizə uydurma erməni toponimlərinə əsaslanan adlar qoymaqla, necə deyərlər, ürəyi soyumayan məramsızlar  utanıb-qızarmadan, abır-həya etmədən  bu yerin-yurdun qanuni sahibi olan Azərbaycanı guya “atəşkəsi pozmaqda”,  Qarabağdakı erməni quldur dəstələrinə atəş açmaqda günahlandırırlar. Bu yerdə “Adımı sənə qoyum, səni də yana-yana qoyum” məşhur Azərbaycan zərb-məsələni xatırlamamaq olmur. Abırsızlığın, həyasızlığın da bir həddi-hüdudu olmalıdır axı! Bu  məramsızlardan soruşmaq lazımdır ki, sizin beynəlxalq hüququn  norma və prinsiplərinə tüpürərək  “Dağlıq Qarabağ silahlı qüvvələri” adlandırdığınız erməni quldur dəstələrinin Azərbaycanın suveren ərazilərində nə iti azıb ki, hələ utanıb-qızarmadan bizi onlara atəş açmaqda günahlandırırsınız? Bəyəm bilmirsinizmi ki,  Azərbaycan  Ordusunun sizin bu cəfəng, absurd iddialarınızı nəinki təkzib etməyə, hətta bu quldur birləşmələrini son nəfərinə qədər məhv etməyə haqqı çatır? Hələ heç onu da demirik ki, sizin qayda-qanun yaratmalı olduğunuz “məsuliyyət zonanız” gözünüzün qabağında terror yuvasına çevrilməkdədir. Guya bilmirsiniz ki, İran İslam Respublikasından erməni əsilli olduqları deyilən, bu ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmayan 14 nəfərlik qrup noyabrın 24-də günün günorta çağı məhz sizin məsuliyyət zonanızdakı postları heç bir maneəyə rast gəlmədən keçərək Xankəndiyə giriblər? Artıq belə məlumatlar da dolaşır ki, iranlı çağrılmamış “qonaqlar”  sizin müvəqqəti nəzarətiniz altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib.

Bax, belə! Yeri gəlmişkən, bəzi politoloqlar və jurnalist həmkarlarımız Qarabağdakı “sülhməramlı” qüvvələri erməniməramlılar adlandırırlar. Şəxsən mən bu fikirlə qətiyyən razı deyiləm. Fikrimcə, onlar nə erməniməramlı, nə də başqa məramlılardır. Onlar elə  rusməramlılardır ki, durublar. Bu baxımdan ki, artıq bütün dünya rusməramlıların sülhyaratma missiyasına Abxaziyanın, Cənubi Osetiyanın, Dnestryanı bölgənin, Krımın, Donbasın  və digər “qaynar nöqtə”lərin  timsalında  yaxşı bələddir. Ona görə də zənnimizcə, artıq hər kəsi, o cümlədən Qarabağdakı Rusiya “sülhməramlıları”nı öz adları ilə çağırmağın vaxtı çatıb...