KÖŞƏ

Elçin Zaman

Ayrılığın sonu varmış

27 aprel 2022 22:38
4401

Müqəddəs torpaqlarımıza Böyük Qayıdışımız başlayacaq

İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri sürətlə davam edir. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su elektrik stansiyaları tikilir, tarixi-mədəni, dini abidələrimiz bərpa edilir.  Həm də bu işlərin gedişi ilə şəxsən maraqlanan ölkə başçısı mütəmadi olaraq bölgəyə səfərlər edərək tövsiyə və tapşırıqlarını verir. Aprelin 21-də Prezident İlham Əliyevin bölgəyə səfəri çərçivəsində Füzulidə Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri, Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası, Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi ilə tanış olması bunun əyani təzahürüdür. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin bərpasını iqtisadi qüdrəti hesabına həyata keçirən Azərbaycan bu sahədə də öz standartlarını yaradıb. Mina problemi, eyni zamanda, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, bərpa və yenidənqurma işləri bütün istiqamətlər üzrə sürətlə və planlı şəkildə aparılır. Su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdış planının tərkib hissəsidir.

İşğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Bütün bunlar bir daha sübut edir ki, Qarabağın və Şərqi Zəngəzurun zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək.  Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Qeyd edək ki sözügedən səfərində Prezident İlham Əliyev Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və bu yolun üzərindəki tunellərin inşası ilə tanış oldu. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi istiqamətində reallaşan layihələrin əsas tərkib hissələrindən biri yol infrastrukturunun qurulmasıdır. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun önəmi ilk növbədə onun Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir. Yolun uzunluğu 81,6 kilometr, hərəkət zolaqlarının sayı 4-6, hərəkət zolağının eni isə 3,5 metrdir. Yolboyu 7 tunelin tikintisi aparılır. Bir neçə tuneldə qazma işləri artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırma üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası ilə yanaşı, yolboyu müxtəlif hissələrdə torpaq yatağının, körpülərin, yeraltı keçid və suötürücü boruların tikintisi də layihəyə uyğun şəkildə icra olunur. Yolun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Şuşada tullantıların idarə olunması üçün poliqon yaradılır. Burada məişət tullantıları Avropa standartlarına uyğun xüsusi yeraltı konteynerlərdə yerləşdiriləcək. Poliqonda 4 çeşid üzrə 600 ədəd SMART yeraltı konteyner və 11 ədəd xüsusi texnika nəzərdə tutulub. Ərazidə söküntü materiallarının çeşidlənməsi də aparılacaq. Şəhərin su təchizatı sisteminin dayanıqlığının təmini də iki mərhələdə paralel layihələrlə həyata keçiriləcək. 

Göründüyü kimi, Qarabağı və Şərqi Zəngəzuru 44 günə dəmir yumruğun gücü ilə düşməndən təmizləyən Baş Komandan bu gün dəmir iradə ilə 30 il ərzində viran qoyulan yurd yerlərimizi yenidən qurur, keçmiş məcburi köçkünlərin qaytarılması üçün kompleks tədbirlər görür. Həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni-dini abidələrimiz bərpa olunur, bir çoxu isə yenidən tikilir. Bir sözlə, erməni işğalından azad etdiyimiz ərazilərə dövlətimiz öz gücü və vəsaiti və ilə yeni həyat gətirir. Bütün bunlar belə deməyə əsas verir ki, yaxın gələcəkdə müqəddəs torpaqlarımıza  Böyük Qayıdışımız başlayacaqdır.