KÖŞƏ

Elçin Zaman

Minsk qrupu bundan sonra yaddaşlarda arxiv materialı kimi qalacaq 

15 aprel 2022 23:00
3788

Prezident İlham Əliyevin bu qurumun mandatının artıq de-fakto etibarsız olduğu haqqında fikri bu günün reallığıdır

İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəmizdən sonra ATƏT-in Minsk qrupunun bölgədəki fəaliyyətinə ehtiyac qalmayıb. Çünki müzəffər Azərbaycan Ordusu 44 günlük Qarabağ savaşında 30 ildir  işğal altındakı torpaqlarımızı azad edərək məsələyə birdəfəlik son qoyub. Məhz buna görədir ki, Minsk qrupunun  həmsədr ölkələri artıq Azərbaycan dövlətinin bölgədə yaratdığı yeni reallıqla barışmaq məburiyyətində qalıblar. Qeyd edək ki, bir müddət əvvəl Rusiya tərəfi bəyan etmişdi ki, ABŞ və Fransa  onlarla Minsk qrupu çərçivəsində əlaqələri dayandırıblar.Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi isə Kremlin Minsk qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə məşğul olacaq.

Digər bir fakt isə odur ki, İrəvana səfər etmiş ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl də regiona tamam başqa statusla gəlib. Ermənistan rəsmiləri və  KİV-i onu Minsk qrupunun həmsədri” kimi təqdim etsələr də, Azərbaycan mediasına məlum olub ki, Rokfeyl İrəvana sözügedən qurumun həmsədri” kimi yox, Fransa XİN-in Şərq Tərəfdaşlığı proqramı üzrə  nümayəndəsi kimi səfər edib. Bütün bunlar isə bir daha göstərir ki, Prezident İlham Əliyevin Minsk qrupunun  mandatının artıq de-fakto etibarsız olduğu haqqında fikri tamamilə reallığa çevrilib. Bu isə o deməkdir ki, Minsk qrupu bundan sonra yaddaşlarda arxiv materialı kimi qalacaq. 

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də çıxışında bir daha vurğulayıb ki, artıq ATƏT də, onun mandat verdiyi Mİnsk qrupu da Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən sonra yaratdığı reallığı qəbul edib: «Biz, ilk növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı, fəal əməkdaşlığımızı davam etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. Xüsusilə bu yaxınlarda BMT xətti ilə Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin məhz Şuşa şəhərində keçirilməsi söylənənlərin bariz nümunəsidir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur».

Qeyd edək ki, Azərbaycan-Ermənistan əlaqələrinin yaranması üçün ali səviyyədə verilən bəyanatlarda münaqişənin bitdiyi vurğulanır və «Dağlıq Qarabağ» ifadəsinə yer verilmir. Dövlət başçısının fikrincə, ATƏT bundan sonra konstruktiv mövqedə durmaqla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verə bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 maddədən ibarət baza prinsipini qəbul edib. Bu barədə Prezident İlham Əliyev müşavirədə deyib: «Brüssel görüşündə isə mən aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir».

Artıq bundan sonra Ermənistanın təcriddən çıxması, inkişafı üçün  yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə əlaqələrini beynəlxalq hüququn norma və prinsipləri əsasında formalaşdırmaqdan ibarətdir. Xüsusilə bundan sonrakı proseslərin müsbət məcrada inkişafı həmin bu zəmin üzərində davam etməli, vasitəçilərı  xidmətlərinə ehtiyac duyulmadığı ikitərəfli və çoxtərəfli qarşılıqlı münasibətlərə üstünlük verilməlidir. Çünki hazırda ATƏT-in Minsk qrupunun de-fakto olaraq etibarsızlığı və və yararsız olması onun hüquqi əsasını da sual altına qoyur. Bununla bağlı Prezident İlham Əliyev demişdir: «Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir».

Bu gün Azərbaycan dövləti  Ermənistanın növbəti dəfə qeyri-konstruktiv mövqeyə keçəcəyi risklərini də hesablayır və yeni dünya nizamı yaradılması istiqamətində aparılan mübarizədə özünün müdafiə qabiliyyətini artırır. Prezidentin müşavirədə Azərbaycanın hərbi potensialına da diqqət çəkməsi həmin ismarıcı özündə cəmləşdirir  və perspektiv istiqamətləri göstərir.