Əhməd Qurbanoğlu |
[email protected] |
2013-cü ilin oktyabrında Ukraynanın dünyaca məşhur Truskavets kurort şəhərindəki “Almaz” sanatoriyasında müalicə alırdım. Sanatoriyanın yeməkxanasında hər biri 4 nəfər üçün nəzərdə tutulmuş masalardan birinin arxasında mənimlə birlikdə Rusiyanın Varonej şəhərindən gəlmiş 70-75 yaşlarında pensiyaçı qadın, Ukraynanın Vinnitsa vilayətindən olan 40-45 yaş civarında sahibkar xanım və bu ölkə ordusunun gənc zabiti otururdu. Təbii ki, yemək vaxtlarında müxtəlif mövzularda söhbətlər edir, hər hansı bir məsələ ətrafında fikir mübadiləsi aparırdıq.
Bir gün şam yeməyi zamanı necə oldusa söhbət Qolodomordan düşdü. Sahibkar xanım Qolodomor faciəsinin dəhşətli fəsadlarından danışmağa başlayar-başlamaz rus qadın onun sözünü yarımçıq kəsib qaba formada “Ne kakoqo Qolodomora ne bılo” (Heç bir Qolodomor olmayıb) deyərək sərt şəkildə etiraz etdi. Dərhal da fikrini “əsaslandırmaq” üçün Sovet hökumətinin “insanpərvərliyindən”, “humanizmindən” uzun-uzadı bəlağətlə söhbət açmağa başladı. Həmsöhbətinin “dəlil-sübutlarına” axıradək sakit, təmkinlə qulaq asan ukraynalı xanım sonda ona ikicə kəlmə ilə cavab verdi: “Qolodomor bıl”. Onun bu cavabı rusiyalı qadını, necə deyərlər, yenidən “cin atına mindirdi” və başladı, nə başladı... Ukraynalıları “aydan arı, sudan duru” Sovet hakimiyyətinə böhtan atmaqda, millətçilikdə, daha nə bilim nələrdə ittiham edən rus qadın “Qolodomor məsələsi”nin qəsdən uydurulduğunu iddia edəndə bu qeydlərin müəllifinin də getdikcə daha dramatik xarakter alan “bıl”, “ne bıl” mübahisəsinə qoşulması situasiyanı tamamilə dəyişdirdi. Bizim 30-cu illərin əvvəllərində totalitar Sovet rejiminin “ipə-sapa” yatmayan Ukrayna xalqını cəzalandırmaq üçün tətbiq etdiyi Qolodomorun XX əsrin ən dəhşətli soyqırımı aktlarından biri olduğunu tarixi faktlar əsasında diqqətə çatdırmağımız nəhayət, tarixdən bixəbər rus qadını susmağa məcbur etdi. Ortaya dərin sükut çökdü və bu vəziyyət şam yeməyinin sonunadək davam etdi. Adətən masadan hamıdan sonra qalxan rusiyalı qonaq bu dəfə tələm-tələsik yeməyini yeyib sağollaşmadan əsəbi halda yeməkxananı tərk etdi.
Ertəsi gün səhər yeməyi zamanı onun bizim masanın yanından üzümüzə belə baxmadan ötüb keçərək başqa masanın arxasında oturduğunu gördük və bundan sonra sanatoriyada olduğu müddətdə bir dəfə də olsun heç birimizlə salamlaşmadı. Bu prosesi diqqətlə izləyən ukraynalı xanımın öz taleyini özü müəyyən etmək hüququna malik müstəqil bir ölkənin ərazisində özünü qonaq kimi aparmalı olan rusiyalı turistin heç bir əndazəyə sığmayan davranışı ilə bağlı dediyi aşağıdakı sözlər aradan 10 ilə yaxın müddət keçməsinə baxmayaraq hələ də yadımdan çıxmayıb: “Əslində, biz burada onun milli heysiyyatına toxunacaq heç bir qeyri-etik ifadə işlətmədik. Əksinə, xalqlar həbsxanası adlandırılan Sovet hakimiyyətinin totalitar, antihumanist mahiyyəti ilə bağlı öz fikirlərimizi söyləməklə bütün millətlərin, o cümlədən rusların da bu siyasətdən əziyyət çəkdiklərini diqqətə çatdırmaq istədik. Təəssüf ki, həmsöhbətimiz bu tarixi həqiqəti yaxına belə buraxmadı. Bütün bunlar bir daha sübut edir ki, cinsindən, siyasi mənsubiyyətindən, ictimai mövqeyindən, sosial mənşəyindən asılı olmayaraq hər bir rusun daxilində “velikorus şövinizmi”nin işartıları gizlənir və zamanı gələndə bu işartılar qığılcıma, daha sonra isə alova çevrilir.” Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur...
Zəruri xatırlatma: Qolodomor - 1932-1933-cü illərdə Sovet kommunist rejimi tərəfindən Ukrayna xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Bu dəhşətli faciəni ukraynalılar öz dillərində "aclıq" və "ölüm" mənasını verən "Qolodomor" (terror, qıtlıq, böyük açlıq) adlandırırlar.
Məsələnin kökü bununla bağlıdır ki, 1920-1930-cu illərdə bəzi Ukrayna kommunistləri Moskvadan daha geniş muxtariyyət almağa cəhd göstərirdilər. Bu prosesi diqqətlə izləyən ”qırmızı imperiya”nın başçısı İosif Stalin anlayırdı ki, ukraynalaşdırma siyasəti Sovet hökumətinin müəyyənləşdirdiyi çərçivələrdən kənara çıxmaqdadır. Repressiv Stalin rejimi belə hesab edirdi ki, artıq ukraynalılar Sovet imperiyasının bütövlüyü və geosiyasi məqsədləri yolunda ciddi təhlükəyə çevriliblər. Məhz buna görə də Sovet rejimi ukraynalılara qarşı açıq müharibəyə başladı. Düşünülmüş aclığın məqsədi milli elitanın və onun sosial dəstəyinin ləğv edilməsi yolu ilə Ukrayna milli ideologiyasının aradan qaldırılması, daha sonra isə Qolodomordan sağ çıxmış kəndliləri itaətkar kolxozçulara – dövlət qullarına çevirmək idi.
Qolodomorla eyni vaxtda totalitar Stalin rejimi ukraynalılara qarşı kütləvi repressiyalara başladı. Artıq 1933-cu ildə həbs edilənlərin sayı 125 min nəfəri ötmüşdü.
Onu da xüsusi vurğulamaq gərəkdir ki, Qolodomor milyonlarla insanın həyatına son qoymaqla yanaşı, ukraynalıların bir xalq kimi bir neçə nəsillik inkişafını da ləngitdi. Soyqırımı 1933-cü ilin qış və yaz aylarında özünün ən yüksək həddinə çatdı. Bu zaman hər gün orta hesabla 25 min insan dünyasını dəyişirdi. Sovet Ukraynası və Rusiyanın Kuban regionunun ukraynalılar məskunlaşmış hissəsi ordu tərəfindən mühasirəyə alındığına görə əhali yemək tapmaq üçün digər qonşu Sovet respublikalarına gedə bilmirdi. Kəndlilər uşaqlarını xilas etmək üçün onları Ukraynanın aclıqdan daha az zərər çəkən şəhərlərində qoyub geri qayıdırdılar. Məsələn, 1933-cü ilin yazının sonlarında yalnız Kiyevdə 300 min kimsəsiz uşaq qeydə alınmışdı. Yetimxanalarda yer olmadığından bu uşaqların çoxu küçədə aclıq və xəstəlikdən dünyasını dəyişirdi.
Göründüyü kimi, tarixdən bixəbər rusiyalı qadının iddiasının əksinə olaraq Qolodomor olub və bu amansız soyqırımı aktı ötən əsrin 30-cu illərinin əvvəllərində Ukrayna xalqına heç vaxt yaddaşlardan silinməyəcək fəlakət və bədbəxtlik “bəxş” edib. Belə bir reallıqda hansı məntiqlə və necə iddia etmək olar ki, Qolodomor olmayıb?!