KÖŞƏ

Elçin Zaman

Siyasi nankorluq - siyasi korluğun əsas əlamətidir

17 iyun 2021 22:58
1967

AXCP və Müsavat rəhbərləri Şuşa Bəyannaməsinə niyə sevinmədilər?

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması ilə əlaqədar bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, 2021-ci il iyunun 15-də - tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» və «Bir millət, iki dövlət» ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir.

Siyasi partiyaların birgə bəyanatında ölkədə gedən sosial-iqtisadi inkişafdan ictmai-siyasi sabitlikdən məmnunluq ifadə olunur. Xüsusilə vurğulanır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab etməklə və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanındadırlar.

Lakin ənənəvi xəyanət yolunu tutan AXCP və Müsavat Partiyası bu bəyanata qoşulmadılar və bununla da antimilli fəaliyyətlərini bir daha biruzə vermiş oldular. Bəli, bu antimilli qüvvələrin hakimiyyət hərisliyi indi elə bir səviyyəyə çatıb ki, onlar ölkədə hər şeyi qara rəngdə görməyə başlayıblar. Hətta tarixi Şuşa Bəyannaməsini- Azərbaycan dövlətinin düşmənləri üzərindəki növbəti qələbəsini həzm edə bilmirlər.

Qeyd edək ki, bu gün hakimiyyətə və dövlətimizə qarşı populist və avantürist çıxışları ilə gündəmdə qalmağa çalışan dağıdıcı müxalifət  hətta  siyasi partiyaların işğaldan azad olunmuş ərazilərimizə ötən aylarda təşkil olunan səfərlərinə də qatılmadılar. Mitinqlərdə vətənpərvərlikdən ağızları köpüklənə- köpüklənə, pafoslu tərzdə  danışan Əli Kərimli və Arif Hacılı kimi siyasətbazlar bu ərazilərə getməyə cürət etmədilər.

Hakimiyyətin yerli və xarici mətbuat nümayəndələrinin, diplomatik nümayəndəlik təmsilçilərinin, ictimai birlik və sosial şəbəkə fəallarının işğaldan azad olunmuş Qarabağ torpaqlarına səfərlər təşkil etməsi, eyni zamanda, tarixi Şuşa Bəyannaməsinin imzalanmasına nail olması, ilk növbədə, belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq dünya ictimaiyyəti də uzun illər onlardan gizlədilən aşkar terrorçuluq münasibətini dərk etməyə, həqiqəti görməyə başlayıb.

Bu əsnada daha bir vacib və əhəmiyyətli məqam diqqət çəkir: Partiyaların Şuşa Bəyannaməsi ilə bağlı birgə bəyanatı həm iqtidar-müxalifət münasibətlərinin, həm də qarşılıqlı siyasi dialoq mühitinin yeni məcrada formalaşmasına bir işarədir. Bu, bir daha göstərir ki, ölkəmizdə reallaşdırılan siyasi islahatlar davamlıdır və konstrktiv müxalifətin formalaşmasına xidmət edir.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu açıqlamalarında həm işğaldan azad olan ərazilərə səfərləri, həm də Şuşa Bəyannaməsi ilə bağlı siyasi partiyaların qəbul etdikləri bəyanatı yüksək qiymətləndirmişdir.

Təbii ki, ümummilli maraqlar ümummilli hisslərlə yaşayan insanlar və siyasi qüvvələr üçün bütün siyasi maraqlardan üstündür. Lakin tarixi Şuşa Bəyannaməsinə dair müraciətə qoşulmamaqla həm  AXCP, həm də Müsavat rəhbərləri dövlətimizin və xalqımızın uğurlarına qısqanclıqla yanaşdıqlarını gizlədə bilmədilər.

Xatırlatmaq yerinə düşər ki, belə antimilli mövqe sərgiləmək dağıdıcı müxalifət üçün ilk hadisə deyil. Belə ki, hələ Vətən müharibəsi başlayan zaman ölkəmizdə fəaliyyət göstərən bir çox müxalifət partiyaları daxili siyasi maraqlarını kənara qoyaraq ümumdövlət maraqlarından çıxış edəcəklərini, Ali Baş Komandanın ətrafında birləşəcəklərini əks etdirən bəyanat imzalamışdılar.

 Məhz həmin bəyanat imzalanarkən AXCP və Müsavat kimi partiyalar sözün əsl mənasında yaxalarını kənara çəkərək, hətta ümummilli maraqlar çərçivəsindən də çıxış etməyəcəklərini açıq-aşkar nümayiş etdirmişdilər.

Siyasi partiyaların son təşəbbüslərinə qoşulmaqdan imtina edən və  27-30 il işğal altında qalan torpaqları azad edildikdən sonra ziyarət etməkdən də imtina edən  Əli Kərimli, Arif Hacılı kimiləri sübut etdilər ki, onlar Qarabağ mövzusunu yalnız şəxsi məqsədləri üçün istifadə ediblər və torpaqlarımızın azad edilməsi onlarda ciddi məyusluq hissi yaradıb.