Qvami Məhəbbətoğlu |
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın beşinci bəndinə əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması öz əksini tapmışdı. Amma Bəyanatda həmin mərkəzdə hansı ölkələrin təmsil olunacağı göstərilməmişdi. Bəyanat imzalanan gün Prezident İlham Əliyev xalqa müraciətində bu məsələyə aydınlıq gətirərək bildirmişdi ki, mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcəklər. Bundan bir neçə gün sonra Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzaladılar.
Artıq Bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etmək məqsədilə yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi rəsmən fəaliyyətə başlayıb. Bununla ölkəmizin haqq işini hər zaman dəstəkləyən, Vətən müharibəsinin Azərbaycanın şanlı qələbəsi ilə sona çatmasında öz mənəvi köməyini əsirgəməyən Türkiyə rəsmi qaydada bu prosesə cəlb edildi. Şübhəsiz, bu, hər şeydən əvvəl, Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasətinin daha bir parlaq nümunəsidir.
Göründüyü kimi, iki ölkə müharibədən sonrakı dövrdə də birgə addımlamaqda davam etməkdədir. Qardaş ölkənin Birgə Monitorinq Mərkəzində yer alması həm də ondan xəbər verir ki, Türkiyə də Azərbaycan kimi, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin qarantıdır. Ümumiyyətlə, bu gün heç kimin ərazisində gözü olmayan, Afrikadan Asiyayadək bütün ölkələrin, eləcə də bütün məzlumların ümidinə çevrilən Türkiyə deyiləndə ilk olaraq ədalət, ya da sabitlik yada düşür. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən söz açarkən bu məqama toxunaraq Mərkəzi uzunmüddətli siyasətin elementi kimi deyil, sabitliyin elementi kimi dəyərləndirib. Srağagün Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sədrliyi ilə ölkə daxilində və xaricində fəaliyyətdə olan ordu, bölmə komandirləri ilə onlayn konfransda da vurğulanıb ki, niyyətimiz bölgədə atəşkəsin davamlılığını, sülh və əmin-amanlığı təmin etməkdir: “Ümid edirik ki, bölgə xalqları bir-birinə hörmətlə yanaşmaqla, beynəlxalq hüquq çərçivəsində qarşılıqlı anlaşma içərisində yaşayacaqlar. Arzumuz budur ki, bölgədə sülh və əmin-amanlıq hökm sürsün.”
Həm Dmitri Medvedevin, həm də Hulusi Akarın sözlərindən belə qənaətə gəlmək olar ki, hazırda regionda Azərbaycan tərəfindən yaranmış yeni geosiyasi reallıq da bunu tələb edirdi. Yəni, müharibədən sonrakı dövrdə bölgədə vəziyyəti daimi nəzarətdə saxlayacaq xüsusi mərkəzə həqiqətən ehtiyac duyulurdu. Artıq sirr deyil ki, ermənilər yenə də regionda müəyyən təxribatlar törətməkdədirlər. Məsələn, erməni vəhşiləri bu günlərdə Ağdərədən keçərək Kəlbəcərə getmək istəyən Azərbaycan yük maşınlarına mane olmağa çalışıblar. Qarabağ erməniləri hələ də anlamaq istəmirlər ki, dədə-baba ərazilərimizdə Azərbaycana məxsus yük maşınlarının qarşısı kəsilə bilməz.
Şübhəsiz, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu kimi insidentlərin qarşısının alınmasınıda, həmçinin araşdırılmasında da mühüm rol oynaycaq. Bu yerdə Prezident İlham Əliyevin ötən ilin oktyabr ayında “Haber Türk”ə müsahibəsindəki bu sözləri xatırlatmaq istərdik: “…bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”. Artıq dövlət başçımızın bu fikirləri regionda öz təsdiqini tapdı.
Mütəxəssislərin fikrincə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması həm də Azərbaycan–Türkiyə qardaşlığının daha bir təzahürüdür. Digər tərəfdən, bu Mərkəz Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya dostluq münasibətlərinin daha da möhkəmlənməsinə yeni bir stimul verəcək və Cənubi Qafqazda daha geniş əməkdaşlıq layihələrinin həyata keçirilməsi üçün yeni üfüqlər açacaq.