KÖŞƏ

Qvami Məhəbbətoğlu

Noyabr: Zəfərlərlə dolu ay

01 dekabr 2020 17:34
2168

Müxtəlif illərin noyabr ayında ölkəmizin, xalqımızın həyatında çox önəmli hadisələr baş verib. Məsələn, məhz bu ayda (1949) Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırıb. Bakı metrosunun fəaliyyətə başlaması noyabra (1967) təsadüf edib. 21 il əvvəl noyabrın 18-də İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin marşrutunu müəyyənləşdirən sənəd imzalanıb.

2020-ci ilin noyabrında əldə edilmiş zəfərlər isə bu ayın tarixi günlərinin sayını daha da artırdı. Daha doğrusu, Azərbaycanın müstəqillik tarixində xalqımızın qürur mənbəyinə çevrilmiş yadda qalan əlamətdar günlərlə zənginləşdirdi. Belə ki, noyabr ayında yüzdən çox yaşayış məntəqəmiz erməni vandallarından azad edildi. Məhz noyabr ayının 8-də Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi çox uğurlu, daha doğrusu, artıq dünya hərb tarixinə düşən əməliyyat nəticəsində iyirmi səkkiz il yarım erməni işğalı altında olan  qədim tarixi məkanımıza - Şuşaya qayıtdıq. Bu günü bizim şanlı Qələbəmizin, zəfərimizin günü kimi xarakterizə edən Prezident İlham Əliyevin bildirdiyi kimi, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq və bu tarix əbədi yaşayacaq. Dövlətimizin başçısı bu günü həm də həyatının ən xoşbəxt günlərindən biri kimi dəyərləndirib.

Həqiqətən, 2020-ci il noyabr ayının 8-də, Dövlət Bayrağı Günü ərəfəsində Şuşanın azad olunması Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Kim bilir, bəlkə də müqəddəs bayrağımız öz tarixinin ən şərəfli gününü məhz o gün yaşadı. Yəqin bilirsiniz, Şuşanın işğalda olduğu 28 il ərzində, qədim şəhərimizin işğal olunduğu may ayının 8-də təntənəli tədbirlər təşkil edilməzdi, hətta toylar keçirilməzdi. Şübhəsiz, bu fakt xalqımızın Şuşaya verdiyi dəyərin təzahürü idi. Siyasətçilərin fikrincə, Şuşanın azad edilməsinin milli bayram kimi qeyd olunmağa tam haqqı çatır. Yəqin, yaxın günlərdə  bu cür də olacaq. Çünki Şuşanın azad edilməsi Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında həlledici məqam oldu. Onu da bildirək ki, noyabr ayının 9-da Dövlət Bayrağı Gününü, noyabr ayının 12-də Azərbaycan Respublikasının Konstitusiya Gününü, 17-də isə Milli Dirçəliş Gününü qeyd edirik.

Noyabr ayının 10-da isə Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları birgə Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Bununla da - Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Bu Bəyanata əsasən, Kəlbəcər, Ağdam, Laçın rayonları da Azərbaycana qaytarıldı. Yeri gəlmişkən qeyd edək ki, dekabrın 1-də Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik: “Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq.” Bu tarixi qələbə Azərbaycan xalqının özünə inamını qay­tardı, xalqın Prezidentə, onun gücünə etimadını daha da möhkəmləndirdi. Bu gün hər bir azərbaycanlı öz dövləti, Pre­zidenti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur.

İndi düşmən işğalından azad edilmiş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın Cənubi Qafqazın lider dövləti olmasını bir daha təsdiq etməklə yanaşı, ölkəmizin gücünü və xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi. Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu. Bu mənada dövlətçilik tariximizi şərəfləndirən bayram günləri ilə zəngin olan noyabr ayı indi bizim üçün daha əlamətdardır.