KÖŞƏ

Qvami Məhəbbətoğlu

Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalının əməkdaşına necə dərs keçdi

02 noyabr 2020 20:33
1976

Son günlər Prezident İlham Əliyev televiziya çıxışları və müsahibələrində Azərbaycanın beynəlxalq səviyyədə tanınan öz ərazilərini işğaldan azad etmək uğrunda savaşdığını və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini yerinə yetirdiyini dəfələrlə vurğulayır. Dövlətimizin başçısı, həmçinin bu ədalət savaşında Azərbaycanın təkbaşına mübarizə apardığını qeyd edir. Bütün bunlara baxmayaraq, xarici ölkələrin bəzi jurnalistləri Azərbaycanın bu haqq savaşına özgə don geyindirmək məqsədilə dəridən-qabıqdan çıxmağa səy göstərirlər. Hətta feyk xəbərlərdən, eləcə də aldıqları tapşırıqlar əsasında hazırladıqları suallardan əl çəkmirlər. Amma belə sualların çoxluğu Prezident İlham Əliyevi əsla narahat etmir, əksinə, bütün müsahibələrində onları səbirlə, məntiqlə, tarixi faktlarla cavablandırır.

Oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalının əməkdaşı da Prezident İlham Əliyevdən müsahibə alarkən bu “ənənəni” davam etdirdi.  Həmin müsahibədə jurnalistin ilk sualı belə oldu: “Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir?” Halbuki, televiziya kanalının əməkdaşı ilk atəşin kimin açdığını bilməmiş deyildi. Buna rəğmən, dövlətimizin başçısı bu qərəzli sualı təmkinlə cavablandırdı və bildirdi ki, işğalçı Ermənistan savaşa qədər bir neçə dəfə təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndlərimizi ağır artilleriya bombardmanına tutub: “Biz cavab verdik və bu, belə başlamışdır”.

Əməkdaşın ikinci sualı isə Azərbaycan Ordusuna üstünlük verən İsrail və Türkiyə dronları ilə bağlı oldu. Halbuki kanalın əməkdaşı Türkiyənin Azərbaycanın qardaşı, İsrailin isə sınaqlardan çıxmış strateji tərəfdaşı olduğunu bilməmiş deyildi. Bu mənada Azərbaycanın onlardan silah almasında heç bir beynəlxalq qanun pozuntusu yoxdur.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə İsrail Müdafiə nazirinin sabiq müavini Efraim Sne CBC-in xüsusi buraxılışında İsrailin Azərbaycanı güclü və müstəqil görmək istədiyini vurğulamaqla yanaşı, ölkəsinin  Azərbaycana ən yaxşı silahlarını satdığını və haqq uğrunda savaşan bir ölkənin  yanında olmaqda davam edəcəklərini  bildirib. Noyabrın 1-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevin qəbulunda olarkən Azərbaycanı tək qoymayacaqlarını bir daha bəyan edib.

Prezident İlham Əliyevin: “Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur” fikirlərinə reaksiyası isə alman jurnalistin iç üzünü tamamilə ortaya qoydu. Belə ki, o, “onlar da eyni sözləri deyirlər” söyləməklə guya humanitar atəşkəslərin Azərbaycan tərəfindən pozulduğuna işarə etmək istədi. Belə olan təqdirə dövlətimizin başçısı danılmaz sübutlarla jurnalisti faktlar qarşısında qoydu. Bildirdi ki, əldə olunan humanitar atəşkəslərə məhəl qoymayan, dinc əhalimizi kasset bombalarla və ballistik raketlərlə atəşə tutan və onları öldürən işğalçı Ermənistandır: “Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk.”

“Yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi” sualında isə jurnalistin hansı yuvanın quşu olduğu tam aydın göründü.  Bu sualı cavablandırarkən Prezident İlham Əliyev vurğuladı ki, uzun illər davam edən danışıqlar Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu: “Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib. …Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır”. Üstəlik, Prezident İlham Əliyev Dağlıq Qarabağın jurnalistin düşündüyü kimi heç də Azərbaycan üçün resurs məsələsi olmadığını da ona anlatdı: “Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.”

Amma bu cavabdan qane olmayan jurnalist sonrakı suallarında da muxtariyyət məsələsinə qayıtmağa çalışdı. Amma dövlətimizin başçısı belə bir cavabla onu susdurdu: “Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib”.

Bəli, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz döyüş meydanında reallıqları elə dəyişib ki, indi hərbi və siyasi şərtləri  yalnız Azərbaycan diktə edir. Müharibənin dayandırılmasına gəldikdə isə dövlətimizin başçısı  bir daha vurğuladı ki, bunun yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin, bizim qələbəmizi qəbul etsin və sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürsün. Əks halda, biz istənilən halda onları azad edəcəyik. Bununla da Prezident İlham Əliyev işğalçı  Ermənistanın təəssübünü çəkən daha bir jurnalistə mükəmməl dərs keçdi.