KÖŞƏ

Nigar Orucova

Koronavirusla fəal mübarizə ordumuza ən böyük dəstəkdir

22 oktyabr 2020 17:57
2776

Dünyada və ölkəmizdə koronavirusla mübarizə davam edir. Hazırda Avropada yoluxma sayı sürətlə artır. Təxminlərə görə, qışda yoluxma sayları yay aylarında qeydə alınan piki ötəcək. Avropada COVID–19 infeksiyasının yeni halları sürətlə artsa da, bugünkü vəziyyət yazda olduğundan çox fərqlidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropa bölgəsində COVID–19-un yeni hadisələri təkcə son 10 gündə 6 milyondan 7 milyona qədər artıb. Dünyada xəstəliyin ağırlaşması və ölümə səbəb olmasına dair araşdırmalar aparılır. Artıq Azərbaycana da koronavirusun genomunu öyrənə bilən avadanlıqlar gətirilib. Araşdırmalar Milli Hematologiya və Transfuziologiya Mərkəzində aparılacaq. Həmçinin Azərbaycan COVID–19 xəstəliyinə qarşı peyvəndlərlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli COVAX layihəsinin iştirakçısıdır. TƏBİB-dən bildiriblər ki, hansı peyvənd namizədinin uyğun olacağını demək çox tezdir. Bəzi peyvənd namizədləri ikinci mərhələni bitirib üçüncü araşdırma mərhələsinə keçəndə çox ümidverici olur. Lakin insanlarda onun istifadəsi başlayan zaman hər hansı fəsadlar və əks-təsirlər qeydə alınır. Hələ bütün mərhələləri bitirən və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan vaksin yoxdur. Ölkəmizdə həmin proseslər yaxından izlənilir. Biz artıq bütün proseslərin iştirakçısıyıq. Əgər hansısa vaksin təsdiq olunarsa, onu əldə edə biləcək ölkələrin sırasındayıq.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda payız girdikdən sonra, xüsusən də son iki həftədir ki, yoluxma sayları yavaş - yavaş artır. Son bir neçə gün isə daha nəzərəçarpan artımlar qeydə alınır. Yoluxma saylarının artımının müxtəlif səbəbləri var. Belə ki, qış ayları yaxınlaşdıqca COVID–19, eləcə də digər respirator virus infeksiyaları və mikroblar daha çox yayılır. Son zamanlar Azərbaycanda yoluxma sayında qeydə alınan sıçrayış diqqəti cəlb edir. Ümumiyyətlə, hazırkı duruma görə deyə bilərik ki, son günlər Azərbaycanda koronavirusa yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir, sanitar-epidemioloji durum pisləşir. Ötən həftədəki 500-ü keçmə həddi səbəbindən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib. Hal-hazırda 800-dən yuxarı həddin olması həyəcan təbilidir, ciddi təhlükədir. Görünür, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Xüsusilə də, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib.

Heç kəs unutmasın ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Çünki hərbçilərimiz sıravi vətəndaşlarla bu və ya digər səbəbdən təmasda olur və bu prizmadan hər bir koronavirus xəstəsi bu virusu cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb ola, özü də bilmədən ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Buna görə də hər kəs üzərinə düşən məsuliyyəti dərk etməlidir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş, ilk növbədə, əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla, haqq işimizə layiqli töhfəsini verməlidir. Məhz koronavirusla fəal mübarizə ordumuza ən böyük dəstəkdir.