Nigar Orucova |
İstənilən dövlətin müstəqilliyinin qorunub saxlanması üçün güclü ordunun olması ən vacib şərtlərdəndir. Çünki güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altında olur. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. İşğalçı, mənfur qonşularımız olan Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan ən əhəmiyyətli vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, ən son hərbi texnologiyalara yiyələnməsi idi. Məhz bunun üçün ölkə Prezidentimizin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biri ordu quruculuğu olub. Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur.
Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 % və ondan çox olan 10 dövlət sırasında yer almışdır. Təsadüfi deyildir ki, 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla Ermənistanın analoji büdcəsini təxminən 3 dəfə (650 milyon dollar) üstələmişdir. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı sırada olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfıra bərabər hesab olunmuşdur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78) malik olmuşdur.
Artıq düşmən də etiraf edir ki, Azərbaycan Ordusu çox güclüdür. Yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləri ilə təchiz olunan Azərbaycan Ordusunun gücü dünyanın tanınmış ekspertləri tərəfindən də vurğulanmaqdadır. Bugünkü qələbənin kökündə duran digər vacib məqam illərdir beynəlxalq müstəvidə aparılan siyasətdir. BMT, NATO, ATƏT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. qurumlar Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəbul etdikləri sənədlər öz torpaqlarımızda müharibə aparmaq üçün çox ciddi əsas rolunu oynayır.
Bu gün Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etmir, eyni zamanda, beynəlxalq hüququn tələblərini yerinə yetirir. Buna paralel olaraq həm də BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünün müdafiə hüququnu təmin edir ki, bu da bütün dünyada istər hüquq kontekstində, istər dövlətlərarası münasibətlərdə, istərsə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kontekstində haqlı addımlardır. Azərbaycan münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa əsaslanıb, ilk əvvəldən münaqişənin dinc yolla həlli üçün üzərinə götürdüyü bütün öhdəliklərə hər zaman olduğu kimi, sadiq qalmaqdadır. Azərbaycanın döyüş meydanında öz üstünlüyünü nümayiş etdirdiyi bir vaxtda, işğal altında olan əraziləri bir-birinin ardınca işğaldan azad etdiyi bir məqamda da ölkəmiz insanların həyatının qorunması niyyəti ilə bu məsələni siyasi yolla həll etməyə hazır olduğunu bəyan edir. Amma Ermənistan atəşkəs rejimini kobud şəkildə, özü də bir-birinin ardınca pozaraq, danışıqlardan sonra da Gəncənin timsalında Azərbaycanın bir çox şəhərinə, eləcə də kəndlərinə hücum edir, mülki obyektlərə, dinc əhaliyə məqsədyönlü şəkildə raket zərbələri endirir. Azərbaycan Ordusu erməni terrorçularının törətdiyi cinayətlərin cavabını döyüş meydanında verir. Rəşadətli Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olur. Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı geri qaytarır. Demək olar ki, hər gün cənab Prezident, Ali Baş Komandan işğaldan azad olan yaşayış məntəqələrimiz haqqında xalqımıza xoş xəbərlər çatdırır. Bu gün Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi - diplomatik sahədə qazandığı uğurların bəhrəsidir.