Nigar Orucova |
İnformasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumilikdə, hazırda ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycanda son illərdə bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımlar atılmış, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir.
Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Məhz, bütün bunların nəticəsində, Azərbaycan İKT-nin inkişafı baxımından dünyanın qabaqcıl ölkələri ilə eyni sırada qərarlaşıb. Azərbaycanda kosmik sənayenin yaradılması da bunun ən böyük sübutlarından biridir. Belə ki, cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə ölkəmizin İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də Azərbaycanda kosmik sənayenin yaradılması olub. Məlumat üçün qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli Sərəncamı ilə əlaqədar olaraq tanınmış alim və mütəxəssislərin iştirakı ilə müvafiq Dövlət Proqramı hazırlandı. Dövlət Proqramında kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peyklərinin orbitə çıxarılması, kosmik informasiyanın qəbulu və emal edilməsi üçün yerüstü mərkəzin yaradılması, orbital mövqelərin əldə olunması üçün Beynəlxalq Telekommunikasiya İttifaqı ilə işlərin davam etdirilməsi, eləcə də digər mühüm vəzifələrin icrası öz əksini tapırdı. Beləliklə, BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edildi ki, bununla da Azərbaycanda kosmik sənayenin yaradılmasına start verildi. Bir il sonra, 2010-cu ildə isə "Azərkosmos" ASC yaradıldı. 2013-cü il, fevral ayının 7-də Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş "İnformasiya-kommunikasiya texnologiyaları ili"nə ən böyük töhfə idi. Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki. "Azerspace-2" isə 25 sentyabr, 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxıldı.
İKT sahəsinin inkişafında Azərbaycanda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı onun genişmiqyaslı tətbiqi də xüsusi yer tutur. Bu inkişaf özündə ölkəmizdə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə zəmin yaratdı. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Televiziyası ilə yanaşı, İctimai Televiziya, eləcə də özəl televiziya və radio yayımlarının əhatə dairəsi genişləndirilərək 100 faiz səviyyəsinə çatdırılır. Radio və televiziya yayımı üzrə dünyada gedən proseslər çərçivəsində 2013-cü ilə Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə uyğun olaraq bütün ölkə ərazisini əhatə edəcək rəqəmli televiziya sisteminin qurulması təmin olunub.
Göründüyü kimi, Azərbaycan hər bir sahədə olduğu kimi İKT sahəsində özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Məhz ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin nəticəsidir ki, bu gün Azərbaycan yerləşdiyi regionda transmilli nəhəng informasiya şəbəkəsinin yaradılması prosesində aktiv rol oynayır. Bundan başqa, Qazaxıstan və ya Türkmənistan ilə Xəzəraltı optik kabel əlaqəsinin yaradılması ideyası ölkəmizin tranzit məkana çevrilməsinə xidmət edir. Ölkəmizin İKT-nin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, həyata keçirdiyi islahatlar zaman-zaman müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilib, yüksək balla qiymətləndirilib. Təsadüfi deyil ki, 2008-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu öz texnoloji hesabatında Azərbaycanı İKT-nin inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yerə layiq görülüb. Həmçinin beynəlxalq qurumların apardıqları təhlillərə görə, Azərbaycan 2008-ci ildə E-hökumət üzrə hazırlıq səviyyəsinə görə 182 ölkə arasında 89-cu yeri, İKT sənayesinin rəqabətlilik indeksinə görə inkişaf etmiş 66 ölkə arasında 63-cü yeri və ölkənin elektron hazırlıq səviyyəsinə görə isə dünyanın inkişaf etmiş 70 ölkəsi arasında yer tutub. Bu da ölkəmizin qeyd edilən sahədə əldə etdiyi nailiyyətlərin sübutudur.